Türk mediası 4 min azərbaycanlı əsirdən yazdı - Fotolar
Bizi izləyin

Nida.az

Türk mediası 4 min azərbaycanlı əsirdən yazdı - Fotolar

Türk mediası 4 min azərbaycanlı əsirdən yazdı - Fotolar

Publika.az xəbər verir ki, Türkiyənin “timetürk.com” saytı azərbaycanlı əsirlərin qaranlıq taleyini işıqlandırıb.

Sayt yazır ki, Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsindən bu yana ən çox müzakirə olunan mövzulardan biri də 4 min azərbaycanlının müharibə zamanı itkin düşməsi, yaxud əsir düşməsidir. Bu rəqəm rəsmi qurumlar tərəfindən də təsdiqini tapıb. Erməni tərəfi bu iddiaları hər nə qədər təkzib etsə də, gerçək budur ki, azərbaycanlılar ağır işlərdə, ölüm quyularında işlədilir.

Belə ki, Ermənistanda mədənlərdə çalışan, yarıac, səfil durumda çoxlu insan görüblər. Dəmir barmaqlıqla bağlı olan bölgədə işləyənlərin kimliyi ilə maraqlananda heyrətə düşüblər. Onlara rəhbərlik edən erməni Zod qızıl mədənlərində, eləcə də digər mədənlərdə çalışanların azərbaycanlı əsirlər olduğunu deyib. Onları Kəlbəcərdə işlədirlər.

Həmçinin qeyd edilir ki, Gürcüstana turist kimi gələn bəzi ermənilər də həmin bölgələrdə azərbaycanlı əsirlərin işlədildiyini dəfələrlə bildiriblər.

Sayt daha sonra yazır: “Bu insanlıqdan uzaq faktı isbat edəcək sənədlər olmasa da, şahidlərin söylədiklərindən bunun mövcud olduğu təsdiqlənir. Bu baxımdan, məsələnin üzərinə getmək lazımdır. Onsuz da Qərb dünyası islam torpaqlarında uşaqları qul kimi çalışdırır. XXI əsrin adı nə qədər “mədəni dünya” olsa da, biz bilirik ki, müsəlman torpaqlarında eyni orta əsrlərdəki kimi zülm və köləlik var. Belə olmasaydı, bütün dünyanın gözü önündə yüz minlərlə insan öldürülərdimi? Yuxarıda bəhs etdiyimiz bu olayın hələ də davam etməsi həyəcan siqnalıdır.

Dövlət rəhbərlərini bunu araşdırmağa çağırmağın, mövcud duruma etiraz etməyin zamanıdır. İtkin düşmüş 4 min azərbaycanlı indi hardadır?. Ölüb, yaxud öldürülübsə, onlara aid məzarlar varmı? Yaxud ümumi məzarlıqda basdırılıblar? ATƏT-in Minsk qrupu rəsmiləri bu məsələ ilə bağlı nə düşünürlər? Bu günə qədər maaş almaqdan, mənasız toplantılar keçirməkdən başqa nə iş görüblər?”

Sayt daha sonra boş-boş Qarabağdan danışanları da tənqid edib.


Qeyd edək ki, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova Publika.az-a açıqlamasında (http://publika.az/p/19861) bildirib ki, ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar Ermənistanda saxlanılan azərbaycanlı əsirlərlə bağlı mövqelərini ifadə etməlidir.

Vitse-spiker bildirib ki, qonşu ölkənin ərazisini işğal edib ərazi iddiaları irəli sürmək, etnik təmizləmə, azərbaycanlı olduqlarına görə uşaq, qoca, qadın demədən insanları məhv etmək, qəddarlıq nümayiş etdirmək müasir erməni siyasətçilərinin, erməni rəsmilərinin rəhbərlik etdiyi ordunun həyata keçirdiyi fəaliyyətin faktıdır. Onun sözlərinə görə, Ermənistan tarix boyu bunu inkar edə bilməz: “Bu ləkəni üzərindən ata bilməz. Belə bir ifadə var: “ədalətli müharibə”. Hesab edirəm ki, müharibə həmişə ədalətsizdir. Onun ədalətli, yaxud ədalətsiz olması nəyin uğrunda mübarizə aparmaqla ölçülə bilər. Lakin istənilən halda insanların həlak olduğu, evlərin dağıldığı proses ədalətsizdir. Bu, mənim şəxsi mövqeyimdir”.

B. Muradova qeyd edib ki, ədalətli, yaxud ədalətsiz olmasından asılı olmayaraq, bütün müharibələrdə əsirlərin hüquqları beynəlxalq konvensiyaya görə qorunur: “Onlarla rəftar da bu konvensiyalara görə tənzimlənməlidir. Amma biz bilirik ki, Ermənistan nə bu təcavüzü həyata keçirirkən, nə döyüşlər zamanı müharibədə sağ qalmış insanlarla heç zaman ədalətli olmayıb, bu konvensiyanın müddəalarına əməl etməyib. Bu gün informasiya yayılır ki, azərbaycanlı əsirlər Kəlbəcərdə, eləcə də müxtəlif yerlərdə işlədilir. Bu informasiya ilə bağlı mən dəqiq fikir söyləyə bilmərəm. Amma bunun mətbuat səhifələrinə çıxması, ümumiyyətlə Ermənistanda azərbaycanlı əsirlərin olması və onlarla rəftarın özü həddən artıq çox söz deyir. Hesab edirəm ki, beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupu, həmsədrlər bununla bağlı mövqelərini ifadə etməlidirlər”.

Vitse-spiker bildirib ki, əsirlərin sayı, onların saxlanıldığı yer, onlarla rəftar işləri ilə məşğul olan beynəlxalq qurumlar var. Onun sözlərinə görə, bu faktlar araşdırılmalı, Azərbaycan tərəfinə məlumat vermək üçün dəqiqləşdirilməlidir.

“Bu informasiyalardan çıxış edərək bir çox dairələr hərəkətə keçməlidir. Azərbaycanda əsir və girovlarla bağlı müvafiq komissiyalar bu istiqamətdə fəaliyyəti davam etdirir. Bir çox əsirlərimiz haqda məlumata sahib olsaq da, onların əksəriyyəti haqda belə məlumatlar yoxdur. Ermənistan isə bunları inkar edir. Amma göründüyü kimi informasiyalar da sızmaqdadır ki, əsirlər müxtəlif yerlərdə işlədilir, müxtəlif işgəncələrə məruz qalırlar. Ermənistan gec-tez bu təcavüzün, törətdiyi əməllərin, insanlara qarşı etdiyi rəftarın cavabını verməli olacaq. İstər Ermənistan rəsmiləri, istər bunu törədənlər beynəlxalq məhkəmələrdə cavab verəcək. Bunun üçün müvafiq qurumlar işləməlidir”, deyə B. Muradova vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm