Vaşinqtonun Bakı üçün sensasion layihəsi: Kremlə tələ
Bizi izləyin

Nida.az

Vaşinqtonun Bakı üçün sensasion layihəsi: Kremlə tələ

Bakı Kremlə sığınır, yoxsa Rusiya üçün tələ? – Vaşinqtonun sensasion layihəsi

Səfir Morninqstarın məlum müsahibəsi Vaşinqtonda hazırlanıb. Ağ Ev Bakını Kremlin caynağından qurtarmağın yeni yolları üzərində düşünür.

Ukraynadan sonra regionda yaranmış qəliz situasiya fonunda amerikalı diplomatın müsahibəsi və rəsmi Bakının sərt mövqeyi “Azərbaycan üzünü Şimala doğru çevirdi” versiyasını gündəmə gətirdi. Bu həm də ona görə inandırıcı görünürdü ki, Cənubi Qafqazda Azərbaycan faktoru üzərində qələbə Qərbi sərhədlərindən uzaqlaşdırmaq baxımından Rusiya üçün taleyüklü məsələdir. Buna paralel olaraq Vaşinqton dəhlizlərində Qafqaz strategiyasının əsas oyunçusu Bakını itirməməyin yolları üzərində düşünülmədiyini də demək çətin olardı.



Kreml və Ağ Evin Cənubi Qafqaza yanaşması: Azərbaycana yönəlik açıq kartlar

Cənubi Qafqazda Azərbaycan üzərində təsir gücünün artırılması bütünlükdə regionda dominant gücə çevrilmək deməkdir. Belə ki, Ermənistan Rusiyadan nə qədər asılı olsa da, bu Moskva üçün “quru torpaqdan” başqa bir şey deyil. Gürcüstanın alacağı yol isə Azərbaycandan asılıdır. Çünki iqtisadi cəhətdən Bakıdan daha çox asılı olan Tiflis siyasətini də bu yöndə qurmaqda maraqlıdır. Türkiyə-Azərbaycan-Gürcüstan prezidentlərinin Tiflis sammiti bu fikri daha da gücləndirdi. Beləliklə Azərbaycanın önəmi burda daha qabarıq görünür.
Rəsmi Bakı Qərb və Şimal təzyiqlərinə rəğmən balans siyasətini qorumağa çalışır, bu nə qədər çətin olsa belə. Söhbət yaxın qonşu Rusiya və enerji partnyoru olan uzaq Qərbdən gedir. Bu vaxta qədər Bakının balans siyasətinə hər iki tərəf loyal yanaşırdı, hər halda bəzi məqamları çıxsaq, bu, belə görünürdü. Lakin xüsusilə Ukraynadan sonra Qərb və Rusiya Bakını öz tərəfinə çəkməkdə güzəştsiz oynayırlar. Tərəflərin kartları isə açıq olaraq ortadadır.



Rusiya üçün Azərbaycan:

1. Moskva buna nail olarsa, Qərbi ən azından bir xal geridə qoymuş olar.
2. Bölgədən çıxarılan Qərbin Rusiyada hiss olunan təhlükələri qismən də olsa azalar.
3. Şimali Qafqazın rəngarəng etnomənzərəsində yer alan xalqların gələcəkdə müstəqillik əldə etmək istəyi uzun müddətli səngiyə və Moskvanın burda gücünü bütövləşdirə bilər.
4. Azərbaycanın enerji resurslarının birbaşa deyil, Rusiyanın vasitəsilə Avropaya verilməsi təmin edilə bilər ki, bu da Kremlin Avropa üzərində əsas rıçaqlarından olan enerji amilini gücləndirə və Rusiyanın Qərbdən gələn təhlükələri aradan qaldıra, hətta əvvəlki fövqəlgücünü qismən də olsa özünə qaytara bilər.



Qərb üçün Azərbaycan:

1. Azərbaycan üzərində əsas təsiri ələ almaqla Gürcüstanı da Rusiyadan qoruya bilər.
2. Cənubi Qafqazda güc balansını xeyrinə dəyişə bilər.
3. Rusiyanın “Axilles dabanı” olan Şimali Qafqaza bir addım da yaxınlaşa və “dağıtma prosesini” burdan başlaya bilər.
4. Azərbaycan tranziti ilə Türkmənistan (gələcəkdə İranın da olması mümkün görünür) və Azərbaycanı qazı hesabına yaxın perspektivdə Avropanı Moskvanın əlindən xilas edə bilər.



Vaşinqton və Moskvanın oxşarlığı: Təzyiq

Bütün önəmə rəğmən, hər iki cəbhə Bakını “qanadı altına almaq” siyasətini siyasi etikadan uzaq aparır. Burada əsas vasitə təzyiqdir.
Rusiya: Moskvanın Azərbaycana təzyiq metodları sırasını ilk olaraq Dağlıq Qarabağ tutur. Ardınca Rusiyada işləyən miqrant soydaşlarımız, daha sonra və ən təhlükəlisi hesab edilən etnik kart amili daxildir.
Qərb: qərblilərin metodları daha ritorikdir. Onlar demokratiya, insan haqları, siyasi məhbus kimi məsələlərdən məharətlə istifadə etməyi bacarırlar.



Bakının ağıllı gedişi, Obamanın təbriki

İki güc və iki təzyiq arasında qalan Bakı davranışları “qulağımızın dibindən uçuşan güllələrdən güclə qorunmağa bənzəyir” və zaman-zaman bu iki güc arasındakı uçurumdan məharətlə istifadə etməkdir. Təsadüfi deyil ki, uzun müddət ayaqda qalmağımızın əsas səbəbləri başında bu gəlir.
Və son proseslərdə Bakı yenə öz məharətini sərgilədi. Amerikalı diplomatın gözlənilməz səhvi yaxşı fürsət idi. Azərbaycan Qərbə sərt mesajlarla Rusiyanın könlünü bir qədər oxşamış oldu, həmçinin özünün nə qədər əhəmiyyətli olduğunu bir daha hiss etdirə bildi. Sonuncu seçkidən sonra uzun müddət susqunluğunu qoruyan Barak Obamanın 28 May- Müstəqillik Günü münasibəti ilə hər kəsi qabaqlayıb təbrik məktubu göndərməsi də təsadüfi deyil. Obama dolayısı ilə “biz sizin dəyərinizi bilirik” demək istəyir. Azərbaycansa yenə yoluna davam edir, hər-halda bütün gedişlər Ermənistanın gününə düşməməyə hesablanıb.



Rusiya üçün düşünülmüş tələ və ya azərbaycanlı ekspert nələri açıqladı

Lakin diplomatik mənbənin Publika.az-a verdiyi məlumat hər şeyə daha fərqli müstəvidə yanaşmağı tələb edir. Uzun müddət ABŞ institutları ilə əməkdaşlıq etmiş, bir müddət ABŞ-ın Azərbaycandakı səfirliyində çalışmış azərbaycanlı ekspert adının açıqlanmayacağı təqdirdə önəmli bir xəbəri paylaşmağa razı oldu. İstəyi təmin olunduqdan sonra o, “sizcə, qocaman amerikalı diplomat Bakını bu qədər qıcıqlandıracaq, xüsusilə indiki həssas dönəmdə, fikirləri deyərdimi?” sualı ilə başlayır. Və davam edir.
“Bu, Bakı ilə razılaşdırılıb. Səbəb Rusiyadır. Hər kəsə məlumdur ki, Rusiya Ukraynadan sonra əsas gücünü Azərbaycana verəcək. Lakin Moskva daha tez tərpəndi, onu “Ukrayna bataqlığı”nda boğmaq istəklərini anladı və üzünü ehtiyatla Qafqaza, Azərbaycana çevirdi. Azərbaycan bu ölkə ilə həmsərhəddir və müəyyən mənada asılılıqları var. Hansı ki, Rusiya Bakının zəif nöqtələrindən tez-tez vurmağı unutmur. Belə bir məqamda Qərb, yəni ABŞ Bakıdan "Rusiyadan birbaşa üz döndər" istəyini tələb edə bilməz. Bu, Azərbaycanın itirilməsi və Qərbin Qafqazda intiharı deməkdir. Bu baxımdan, münasibətlərin gərginləşməsi, getdikcə soyuqlaşması görüntüsünə ehtiyac var idi və bu baş verir. Güman ki, bundan daha pis nümunələr ortaya çıxacaq. Lakin bu heç də Azərbaycanın Rusiyaya meyillənməsi demək deyil. Çünki Qərb Ukrayna təcrübəsində bunun ağrısını yaşadı. O baxımdan, ehtiyatlı davranırlar”,- deyə azərbaycanlı ekspert bildirir.
Bu, nə qədər sensasion olsa da, ağlabatandır. Həqiqətən də, təcrübəli Morninqstarın səhvi düşündürücü idi. Axı Ağ Ev onu Bakıya regionu yaxşı tanıdığı və enerji siyasətini bildiyi üçün göndərmişdi. İndiki məqamda Qərbin Bakını küsdürəcəyi gözlənilməz olduğu halda, bu halın yaşanması ortada daha uzaq perspektiv üçün “siyasi layihənin” olduğu ehtimalını yaradır.

Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm