“Davudoğlu Bakıya türkmənləri razı salmağa gəlib”– Avropa xilas edilə bilər?
Bizi izləyin

Nida.az

“Davudoğlu Bakıya türkmənləri razı salmağa gəlib”– Avropa xilas edilə bilər?

“Davudoğlu Bakıya türkmənləri razı salmağa gəlib”– Avropa xilas edilə bilər?

“Davudoğlu Bakıda Türkmənistanı qazın Avropaya daşımasına razı salmağa çalışacaq”.

Bu barədə Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Bakıya səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Davudoğlu xarici siyasət idarəsinin rəhbəri kimi Bakıda beynəlxalq məsələləri və regionun təhlükəsizliyini müzakirə edəcək: “Lakin enerji məsələləri də ön planda olacaq. Çünki Türkiyə yeni layihə olan TANAP-ın fəal iştirakçısıdır. Bu layihədə Azərbaycan qazının Avropaya çıxarılması birmənalı şəkildə təmin ediləcək. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi Azərbaycan və Türkiyəni Avropanın enerji təhlükəsizliyində mühüm vasitəyə çevirəcək. Lakin burada Türkmənistanın da təii ehtiyatlarından istifadə məsələsi gündəmə gəlir. Əminəm ki, bu baş verəcək. Lakin unutmamalıyıq ki, Türkmənistan qazı hazırda böyük həcmdə Çinə axır. Yeni layihənin gerçəkləşməsindən sonra isə türkmən qazının da bura qoşulması gözləniləndir”.


Lakin hazırda Türkmənistan və Azərbaycan arasında Xəzərin statusu ilə bağlı məsələsi bu prosesi ləngidir. Belə ki, Xəzər dənizinin hüquqi statusunu təyin edilməsi zamanı 3 əsas yanaşma ortaya çıxır. Birincisi, beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır.

İkinci yanaşma isə 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır.

Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.

Status razılaşmaları və Aşqabadın “Abşeron yarımadası” iddiası Rusiya Xəzərdə qonşusu olduğu Qazaxıstan və Azərbaycan ilə razılaşaraq problemi həll etmək istəyir. Çünki, Rusiya problemin davam etməsinin bölgədəki ehtiyatların istifadəsinin gecikməsinə səbəb olduğunu düşünür, eyni zamanda Azərbaycanın ABŞ və Avropa Birliyinə yaxınlaşmasından narahatlıq keçirir. Azərbaycan Xəzəri bir “göl” olaraq qəbul edir və bu gölün sahil ölkələri arasında “milli sektorlara” uyğun olaraq bölünməsinin tərəfdarıdır.

Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın olmasına baxmayaraq iki ölkə arasında ciddi bir anlaşılmazlıq da var. İki ölkə arasındakı anlaşılmazlığın əsas nöqtəsi “orta xəttin çəkilməsi” mərhələsində ortaya çıxır. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə doğru daxil olduğunu, buna görə də Azərbaycan ilə özü arasında orta xəttin çəkilməsi zamanı Abşeron yarımadasının nəzərə alınmamasının lazım olduğunu bildirir. İki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə “Kəpəz” və “Azəri-çıraq” yataqları mübahisəli hesab olunur. Azərbaycanın nəzarətində bu yataqlar Türkmənistanın iddiaları qəbul olunacağı halda Türkmənistana aid milli sektora daxil olacaq. Bu isə qəbuledilməzdir.


Bir sıra ekspertlərsə hesab edir ki, Azərbaycan və Türkmənistan bu məsələdə razılığa gəlirlər. Çünki mövcud vəziyyətdə Xəzərin enerji resurslarının çatdırılmasında hər şeydən əvvəl Avropa Birliyi maraqlıdır. Hansı ki, mövcud vəziyyət Trans-Xəzər boru kəmərinin tikintisinə təsir edir. Rusiya və İran məhz bu məsələni qabardaraq hüquqi statusun təyin olunmamasını səbəb gətirir və bu əsasdan çıxış edərək boru kəmərinin tikintisinə qarşı çıxır. Lakin Ukrayna böhranı fonunda Avropa Birliyi Bakı və Aşqabadla danışıqları yeniləyib və problemin həll ediləcəyi gözləniləndir.

F. Sadıqov da düşünür ki, Türkmənistanın mövqeyi fərqli olsa da, Azərbaycanla müəyyən mənada əməkdaşlıq edir.

“Türkmənistan yaxşı başa düşür ki, statusu həll edənə qədər ehtiyatlar harasa getməli, marşrut seçilməlidir. Onlar da maraqlıdır ki, qaz ehtiyatları bu marşrutlarla Avropaya çıxsın”,– deyə politoloq bildirib.
Onun fikrincə, Davudoğlunun Bakı səfəri bu məsələlər üzərində qurulacaq, xüsusilə də Türkmənistan qazının Azərbaycana gətirilməsi, buradan Azərbaycan qazı ilə birlikdə Türkiyə vasitəsilə Avropaya çıxarılması prioritet olacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm