• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Türk şirkətlərinin Ermənistan “macəraları”- Siyahı

  • Nida.az
  • 26 May 2014 15:53
  • 4 029 Baxış
Türk şirkətlərinin Ermənistan “macəraları”- Siyahı

Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla sərhədləri bağlayan Türkiyə hökuməti İrəvanla heç bir münasibətdə olmasa da, türk şirkətlərinin bu ölkə ilə ticarət əlaqələri zaman-zaman gündəmə gəlib. Təxminən 4 il öncədən ortaya çıxan bir sıra faktlar bu gün yenidən gündəmdədir.


Publika.Az mövzunun aktuallığını nəzərə alaraq Ermənistanda fəaliyyət göstərən türk şirkətləri ilə bağlı araşdırma aparıb.

BEKO şirkətinin Ermənistanda firmalarını açmaqla kifayətlənməyib Azərbaycanın işğal edilmiş torpaqlarında da eyni fəaliyyəti aparması artıq sirr deyil. Bu şirkətin reklam afişalarının Xankəndi küçələrindəki görüntüləri də yayılıb. Hazırda şirkətin təkcə İrəvanda 4 xidmət mərkəzi, 12 mağaza şəbəkəsi var. Onların bir neçəsi bu ünvanlarda yerləşir: Sebastian 81/1, ofisi Leninqradyan 23/1, mağazaları Leninqradyan 23/1, Maştots 7, David Anaxt 8, Arqavand-Parakar şosesi, Sebastia 81/1.

Bununla yanaşı, şirkətin 2011-ci ildə Xankəndində yeni satış mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Stepanakert, Azatamartikneri küçəsi, 15 ünvanında yerləşir.

Lakin türk şirkətlərinin Ermənistan “macəraları” Beko ilə məhdudlaşmır.

Apardığımız araşdırmadan məlum olur ki, Ermənistanın elektrik enerjisini istehsal etmək üçün 10-a qədər türk şirkəti hələ bir neçə il öncədən sıraya durub. Onların başında gələn və ən məşhuru türkiyəli biznesmen Ünal Aysala aid UNİT-dir. O, həm də Türkiyənin məşhur futbol klubu Qalatasarayın başqanıdır.


Ü.Aysan UNİT-i 1974-cü ildə yaradıb. Əsasən sənaye sahəsində çalışan şirkət 1984-cü ildən etibarən elektrik istehsalını da üstələyib. Türk mediası onun əslən erməni olduğunu və İrəvanda gizli ticarət əlaqələrinə malik olduğunu iddia edir.

“TURKEL Fair Organization” şirkəti: 1993-cü ildə yaradılan şirkətin dünyanın bir çox ölkələrində filialları fəaliyyət göstərir. 2009-ci ilə qədər bu ölkələrin siyahısına Ermənistan da daxil oldu. Belə ki, şirkət Ermənistanın “Logos Expo Center” şirkəti ilə 10 illik saziş imzaladı. Saziş olduqca maraqlıdır. “TURKEL” şirkəti rəsmən “Logos Expo Center” şirkətini Türkiyədə layiqincə təmsil edəcək və gələcəkdə erməni şirkətinin İrəvanda təşkil edəcəyi sərgi salonlarında digər türk şirkətlərinin iştirakını təmin edəcək” - deyə sazişdə bildirilir.

Şirkət 2010-cu ildə İrəvanda keçirilən sərgidə 300 kvadratmetr ərazini öz mallarını sərgiləmək üçün kirayəyə götürmüşdü. Erməni mediası şirkətin 800 kvadratmetr istədiyini yazır, lakin, sonradan bu rəqəm 300 oldu.
Bu aradan qeyd edək ki, Ermənistanın “Logos Expo Center” şirkətinin Türkiyənin “TUYAP” şirkəti ilə də əlaqələri var.

“Demirçi” Makina Sənaye Limitedi: Xankəndində tikilən hava limanı üçün bir sıra avadanlıqları məhz bu şirkət təchiz edib. 1988-ci ildə Ankarada yaradılıb. Hazırda əməkdaşlıq etdiyi ölkələr içində Ermənistanın da adı var.

“Nurol Makina və Sənaye” şirkəti: Bu, Türkiyədə hərbi maşınqayırma ilə məşğul olan özəl şirkətdir. Şirkətin “Ejder” adlı zirehli avtomobillərini Ermənistana da ixrac etdiyi haqda məlumatlar var. Hələ 2009-cu ildə şirkətin marketinq bölməsinin rəhbəri Tanju Toran “Ejder”in təqdimatı zamanı Ermənistandan da sifarişlər aldıqlarının açıqlamışdı.

Və bu günlərdə “Vestel”in erməni dilində reklam çarxı yayıldı. Şirkətin özü də Ermənistanda fəaliyyət göstərdiyini təkzib etməyib.

Bu şirkətlərin istehsal etdiyi məhsulları Ermənistan bazarına çıxarılırsa, deməli, faktiki olaraq İrəvanın nəzarətində olan Dağlıq Qarabağda da onlardan istifadə edilir. Bu isə qardaş Türkiyə şirkətlərinin Azərbaycana arxadan vurduğu zərbədir.

Türkiyə-Ermənistan əlaqələri iki ölkə arasında reallaşan aviareyslərdə də özünü göstərir. Türkiyə KİV-nin məlumatına görə, həftədə 4 uçuş edən bu reyslərin sərnişinlərinin əsas hissəsi Laləli-İrəvan arasında ticarət aparan, Türkiyəyə iş üçün üz tutan və turist kimi gedən ermənilərdir.

Erməni və türk mediasının məlumatlarından:

“Türk şirkətləri Ermənistanda və Dağlıq Qarabağa məktəb ləvazimatları, xüsusilə üzərində şirkətin loqosu olan çantaların da ixracını həyata keçirir”.

“Son illər Ermənistan turizm sahəsində, bəzi sənaye yatırımlarında, inşaatda, zinət əşyalarının satışında və telekommunikasiya sektorundakı inkişafa görə, Türkiyəyə borcludur. Hətta, Ermənistan iqtisadiyyatının 1/3 hissəsini “pis qonşu” adlandırdıqları Türkiyə şirkətlərinin yatırımları təşkil edir. Ermənistan bazarındakı məişət əşyalarının çoxu isə, xüsusilə tekstil malları bütünlüklə Türkiyədən ixrac olunur”.

Ermənistanın Milli Statistika Xidmətinin yaydığı məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsi 300-400 milyon dollar həcmindədir. İki il əvvəl bu rəqəm 250 milyonu keçmirdisə, hazırda göründüyü kimi kifayət qədər irəliləyib.

Beləliklə, Türkiyə Azərbaycana görə Ermənistanla sərhədi bağlı saxlasa da, bu ölkə ilə ticarət etməkdə özünə “korluq” vermir. Türkiyədə “Türk-Erməni İş Şurası”nın fəaliyyət göstərməsi isə bunun bariz nümunəsidir. Bu şura 1997-ci ildə eks-prezidentlər Süleyman Dəmirəllə Levon-Ter Petrosyanın Qara Dəniz İqtisadi işbirliyi çərçivəsində əldə etdikləri razılaşma ilə yaradılıb. Şuranın Türkiyə tərəfindən həmsədri erməni əsilli türk vətəndaşı Kaan Soyak, Ermənistan tərəfindən isə Arsen Yegizaryandır.

Kaan Soyakın bir müddət öncə şura ilə bağlı açıqlamasında maraqlı bir məqam var idi. O, “Üzvlərimiz özlərinin və şirkətlərinin adlarının hallanmasını istəmir. Çünki Azərbaycan onları dərhal “qara siyahıya” daxil edir. Amma onu deyə bilərəm ki, böyük sayda dəstəkçimiz var, İstanbul və Anadoludakı iş şurası və iş insanları da bizə dəstək verir. Demək olar ki, hər sektordan üzvlərimiz var” deyə o, bildirmişdi.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR