İrəliyə, yoxsa geriyə addım: Milli Şura müxalifətə nə verdi?
Bizi izləyin

Nida.az

İrəliyə, yoxsa geriyə addım: Milli Şura müxalifətə nə verdi?

İrəliyə, yoxsa geriyə addım: Milli Şura müxalifətə nə verdi?

Ötən il 28 may tarixində elan edilən Milli Şuranın fəaliyyətə başlamasının bir ili tamam oldu. Hakimiyyətə gəlməyi hədəfləyən qurum bu vaxt ərzində nəinki hədəfinə çatdı, əksinə, getdikcə kiçildi, dağılma prosesi ilə üz-üzə qaldı. Bir il öncə 138 üzvlə fəaliyyətə başlayan qurumun 50 faizi artıq istefa verib.

Siyasilər Milli Şuranın birillik fəaliyyəti Publika.az-a şərh edib.

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, Milli Şuranın bir illik fəaliyyəti daha çox qalmaqallı, qarşıdurmalarla zəngin bir dönəm olub. Onun sözlərinə görə, bu qurumun yaranması müxalifət daxilində baş verən intriqaları daha da gücləndirib: “Milli Şuranın yaranması müxalifət tarixində geriyə doğru atılan addım idi. Bununla müxalifət nəinki cəbhələrə, həm də ideoloji olaraq bölündü. Məhz Milli Şura ilə Rusiyayönümlülük müxalifətin daxilinə yol tapa bildi. Hesab edirəm ki, bu qurum müxalifətə böyük zərbə vurdu”.

Müsavat başqanının müavini Gülağa Aslanlı Milli Şuranın bu dönəm ərzində müəyyən uğurlar qazandığını düşünür. Onun sözlərinə görə, bu uğurlar daha çox seçki ərəfəsində olub: “Lakin sonrakı fəaliyyəti bir qədər fərqli oldu”.

“El” hərəkatının nümayəndəsi, Milli Şuranın üzvü Eldəniz Quliyev hesab edir ki, bir il ərzində qurumun fəaliyyətini müsbət qiymətləndirmək olar. Onun fikrincə, bir il siyasi qurumun fəaliyyəti üçün qısa bir vaxtdır: “Milli Şuraya maneələr yaradıldı. Lakin buna baxmayaraq qurum yarana bildi və əhalinin dəstəyini almağı bacardı. Hazırda da mobil olaraq fəaliyyətini davam etdirir, mövcudluğunu qoruyub saxlaya bilir”.

E. Quliyev qeyd edib ki, bir il ərzində Milli Şuranın daxilində parçalanma, istefa kimi xoşagəlməz proseslər də yaşandı.

“Qurumun daxilində subyektiv səbəblərdən kifayət qədər istefalar oldu. Bura yerləşdirilən şəxslər tərəfindən parçalamaq meylləri yaşandı. Lakin yenə də Milli Şura yaşadı və düşünürəm ki, bundan sonra da yaşayacaq”-deyə E. Quliyev bildirib.

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın ölü doğulub, ölü olaraq da qaldığını bildirib: “90-cı illərin eyni fikirli adamları ilə qabağa getmək istədilər. Özlərinə vaxtilə AXCP-ni mandata görə tərk edən, mandat alıb iqtidarı tərifləyən, özünə saxta təqaüd düzəldən lider tapdılar. Ondan əvvəl də siyasətdən başı çıxmayan məşhur dramaturqu birinci lider elan etdilər. Bu onların ən böyük səhvi idi. Məhz buna görə də binanın bünövrəsini əvvəlcədən əyri qoydular və əyri bina dağıldı”.

Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı qurumun fəaliyyətinin müsbət olduğunu hesab edir. Onun sözlərinə görə, bu bir il ərzində müsbət işlər görüldü, insanların dəstəyi qazanıldı, kifayət qədər güc kimi formalaşdı: “Lakin müəyyən proseslər də baş verdi. İstefalar yaşandı. Çətinliklərə rəğmən Milli Şuranın normal fəaliyyət göstərdiyini düşünürəm”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm