Prezident İlham Əliyev Neftçalada bir sıra açılışlarda iştirak edib
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev Neftçalada bir sıra açılışlarda iştirak edib

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Son illərdə Azərbaycanın bütün bölgələri sürətlə inkişaf edir, gözəlləşir, müasirləşir. Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən binalar bölgələrin simasına müasir çalarlar qatır. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir.

Bu sırada son illərdə Neftçala rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayon icra hakimiyyəti üçün yeni tikilən binada yaradılan şərait bir faktı da təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan həmin bina rayonun görkəminə də xüsusi gözəllik verir. Bina bütün lazımı avadanlıq və sistemlərlə təchiz edilmişdir.

Dövlətimizin başçısı binada yaradılmış şəraitlə tanış oldu.

Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Neftçala rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılmışdır.

Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılmışdır. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılmışdır. Binada kitabxana, iclas və konfrans zalları, inzibati və digər otaqlar vardır.

Rayonun inzibati xəritəsinə baxan Prezident İlham Əliyevə Neftçalanın iqtisadiyyatı və həyata keçirilən infrastruktur layihələri barədə məlumat verildi.

İcra hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Buradakı fəvvarələr isə ərazini daha da gözəlləşdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Müstəqilliyimizin daimi, əbədi, dönməz olmasında, dövlətçiliyimizin möhkəmlənməsində, respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycanın hər yerində əziz tutulur, böyük hörmət və rəğbətlə anılır. Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bütün bölgələrdə mühüm işlər görülür, vacib layihələr reallaşdırılır. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür.

Belə mərkəzlərdən biri də Neftçalada yaradılmışdır. Orijinal layihə əsasında tikilən bu mərkəz ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Burada dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar sərgilənir. Müstəqilliyin möhkəm dayaqlar üzərində bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, ölkəmizin indi bütün sahələrdə qazandığı uğurlar məhz Ulu Öndərin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısını alan, iqtisadiyyatı ağır böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxaran, qüdrətli ordu quruculuğu istiqamətində tarixi işlər görən Ümummilli Liderin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Belə mərkəzlərin yaradılması isə dahi rəhbərin siyasi irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzin tikintisinə 2012-ci ildə başlanılmışdır. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülmüşdür. Müasir interyeri ilə diqqəti cəlb edən foyedə Ümummilli Liderin büstü qoyulmuşdur. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyində Ulu Öndərin müxtəlif dövrlərdə, o cümlədən Neftçala rayonuna səfərləri zaman çəkilən fotoları nümayiş olunur. Bundan başqa, muzeydə ümummilli lider Heydər Əliyev ilə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir.

Mərkəzdə elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs və xalq çalğı alətləri dərnəkləri fəaliyyət göstərəcəkdir. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar yaradır. Mərkəzdəki xarici dil kursları, 3D kinozalı, Olimpiya və interaktiv tirlər, intellektual oyun zalı, fotostudiya da müasirliyi ilə diqqəti cəlb edir. Müasir akustik sistemlə təchiz edilən 400 yerlik konfrans zalında Neftçala rayonunun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkün olacaqdır.

Qeyd edildi ki, Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur. Binada Prezident İlham Əliyevin Neftçalaya səfərlərini əks etdirən fotolardan ibarət stend də maraq doğurur. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunmuşdur. Burada sərgi salonu, kafe, istirahət otağı və digər yardımçı otaqlar vardır.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon sakini Ruhəngiz Nəcəfova ölkəmizdə, o cümlədən Neftçalada həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə ictimaiyyət adından minnətdarlığını çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm