DİQQƏT: hansı günlərdə şəhid veririk? – VİDEO
Bizi izləyin

Nida.az

DİQQƏT: hansı günlərdə şəhid veririk? – VİDEO

Mayın 27-dən 28-nə keçən cəbhədən daha bir qara xəbər gəldi. Azərbaycan ordusu iki şəhid verdi.

Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib. Təxribatın qarşısı ordumuz tərəfindən alınıb, düşmən itki verərək geri çəkilib. Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu və 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb. “Vətən sağ olsun”– bunu deməkdən başqa əlimizdən heç nə gəlmir.

Burada diqqətçəkən məqamsa erməni hərbi birləşmələrinin hücuma keçdiyi tarixdir: 28 May–Respublika günü. Azərbaycan bir neçə gün öncədən müstəqilliyin 96-cı ildönümünü qeyd etməyə hazırlaşır və... cəbhədən şəhid xəbərini alır. Bu xalqın psixologiyasına təsir etməkdir ki, ermənilərin də məqsədi bu idi. Ümumiyyətlə, Ermənistan tərəfi ilboyu cəbhədə atəşkəsi pozsa da, təqvimin xüsusi günlərində xeyli aktivləşir.
Publika.az həmin tarixləri təqdim edir:

26 fevral: Xocalının işğal günü

20 mart: Novruz bayramı

2 aprel: Kəlbəcərin işğal günü

24 aprel: qondarma “erməni soyqırımı” günü

8 may: Şuşanın işğal günü

18 may: Laçının işğal günü

28 may: Respublika günü

17 iyun: Ağdərənin işğal günü

23 iyul: Ağdamın işğal günü

23 avqust: Füzuli və Cəbrayıl rayonlarının işğal günü/

31 avqust: Qubadlının işğal günü

29 oktyabr: Zəngilanın işğal günü.

2010-cu il 18 iyun tarixində bütün Ermənistanın yaşadığı qorxu erməni təxribat tarixində daha bir təqvimi əlavə etdi. 18 iyun, 2010-cu il: Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla tək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Bu, ermənilər üçün “Azərbaycan əsgəri” xofunu yaratdı və məhz həmin tarixdən erməni ordusu gecələri rahat yata bilmir. Məhz həmin tarixdən sonra erməni ordusu 18 iyunda Azərbaycanın mövqelərini atəşə tutur.

2010-cu ildən sonra erməni təxribatına əlavə edilən tarixlərdən biri də 31 avqustdur. Belə ki, 2004-cü ilin fevral ayının 19-da NATO proqramları çərçivəsində Macarıstanda kurs keçən Azərbaycan ordusunun zabiti Ramil Səfərov kursda iştirak edən erməni zabiti Qurqen Markaryanın Azərbaycan bayrağını təhqir etməsinə cavab olaraq onu öldürdü. Zabitimizə Budapeşt şəhər məhkəməsi ömürlük həbs cəzası versə də, Azərbaycan tərəfinin apardığı güclü siyasət nəticəsində 2012-ci il 31 avqust tarixində R. Səfərov Azərbaycan ekstradisiya edildi və dövlət başçısı tərəfindən əfv edildi.

Bu, Ermənistanın məğlubiyyəti idi. Bununla razılaşmayan ermənilər 31 avqust tarixində cəbhədə hücumlarını intensivləşdirirlər.

Erməni tərəfinin diversiya-təxribat addımları nə atəşkəs rejiminə, nə də beynəlxalq hüquqa uyğun deyil. Buna rəğmən, 20 ildir eyni proses yaşanır və ermənilərə dur deyən yoxdur.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, bayram günləri, bizim üçün əlamətdar və əziz olan günlərdə ermənilərin diversiya-təxribat xarakterli davranışları iki məqsədə xidmət edir: “Birincisi, Azərbaycan cəmiyyətində mənfi əhvali-ruhiyyə yaratmaq, ikincisi isə, ordumuzun yüksələn döyüş ruhunu qırmaq istəyirlər. Ermənilər görür ki, Azərbaycan ordusu inkişaf edir, potensialı artır. Eyni zamanda, Qarabağ probleminin Azərbaycanın xeyrinə həlli perspektivləri görünməyə başlayır. Belə məqamlarda ya xarici havadarlarının, ya da daxildəki qüvvələrin təhriki ilə belə təxribatlara gedirlər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm