“Tapşırıqla gələnlərin meydanı daralır”– Sabir Rüstəmxanlı
Bizi izləyin

Nida.az

“Tapşırıqla gələnlərin meydanı daralır”– Sabir Rüstəmxanlı

“Tapşırıqla gələnlərin meydanı daralır”- Sabir Rüstəmxanlıdan sərt müraciət

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı diaspor təşkilatlarına müraciət edib.

Publika.az-a daxil olan müraciətdə deyilir ki, DAK qurultay keçirməyə hazırlaşır.

“Dünya Azərbaycanlıları Konqresinin fəallarından və başçılarından biri olaraq, eyni zamanda millətimizin bu təşkilata bəslədiyi ümidləri nəzərə alaraq, sizlərə müraciət etməyi özümə borc bilirəm. Bilirsiniz ki, biz DAK-ın növbəti qurultayına hazırlaşırıq, lakin o da məlumdur ki, təkcə qurultay çağırmaqla iş bitmir. Son illərin təcrübəsi göstərir ki, biz yüzlərlə adamın iştirakı ilə ən yüksək səviyyədə qurultay keçirsək də, kənarda az sayda insanların DAK adı ilə fəaliyyət göstərməsi qurumun işinə mənfi təsir göstərir, onun nüfuzuna zərbə vurur. Son illərdə dəfələrlə belə hallarla üzləşmişik. Bu bəyanatdan məqsəd heç də həmin hadisələri yenidən təhlil etmək, kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirmək deyil, günah var - yoxdur, bunu bir qırağa qoyaraq fəaliyyət prinsiplərimizi müəyyənləşdirməkdir. Hər halda DAK-ın quruculuğunda iştirak etmiş, onun formalaşmasında fəallıq göstərmiş hər hansı şəxsin müəyyən səbəblər üzündən bu qurumdan uzaqlaşması başa düşüləndir, ancaq onların öz doğma təşkillatlarını bölərək alternativ qrup yaratmaq cəhdi anlaşılan deyil və DAK-ın işinə ciddi zərbə vurur. Bu bəyanatla bir daha bildirmək istəyirəm ki, DAK-ın sıralarından müəyyən adamların inciyib getməsində heç vaxt iştirak etməmişəm və bunlar mənim, ədəbi yaradıcılığımdan tutmuş siyasi fəaliyyətimə qədər, milli mübarizə və həyat prinsipimə ziddir, mən ömrüm boyu milli birlik və həmrəylik tərəfdarı olmuşam. DAK-ın bütövlüyü, monolitliyi mənim üçün orada hər hansı vəzifə daşımaqdan daha mühüm məsələdir. Onu da başa düşürəm ki, DAK-dan ayrılmaların, alternativ qurumlar yaratmağın arxasında təkcə şəxsi maraqlar və xarakterlərdəki uyğunsuzluqlar dayanmır, bu məsələdə marağı olan qüvvələr təşkilatımızı rahat buraxmayacaq, hər yeni dönəmdə yeni problemlər yaradacaqlar. Buna baxmayaraq, biz öz məsuliyyətimizi dərk etməliyik; Güney Azərbaycanda gedən proseslər, Quzeydə müstəqilliyimizi təhdid edən açıq və gizli qüvvələrin meydan sulaması bizim bir yerdə və güclü olmağımızı zərurətə çevirir, bu, bir ictimai sifarişdir və tarixin bizim üzərimizə qoyduğu son dərəcə ciddi vəzifədir. Əsl milli qüvvələr bir araya gələndən sonra DAK-a tapşırıqla gələnlərin meydanı daralır və onlar təşkilatda artıq adama çevrilirlər. Buna görə də mən DAK-ın bütün köhnə üzvlərinə, hüquqi əsas oldu-olmadı DAK adı ilə fəaliyyət göstərən alternativ qurumlara müraciətlə onları real birlik yolunu axtarmağa dəvət edirəm. Əslində bizim bölünəsi malımız yoxdur, narazılıqların çoxu xırda, şəxsi iddia və yanlışlıqlardan, aldanışlardan başlanıb. Mən İsveçdə, Norveçdə, Danimarkada, Hollandiyada, Fransada, Almaniyada, İngiltərədə, Baltik respublikalarında, Rusiyada, Ukraynada, ABŞ-da, Kanadada yaşayan və köhnə DAK-çıların hər birinin yaxşı tanıdığı dostlarımıza üz tutaraq ən qısa müddətdə mənim bu birləşmək, bütün milli-vətənpərvər qüvvələrimizi bir araya gətirmək istəyimə münasibət bildirmələrini rica edirəm. Bu məsələləri nəzərə alıb DAK-ın növbəti qurultayına bir yerdə getməliyik. Bunun üçün əlavə müzakirələrə ehtiyac varsa, mən bu vəzifəni öz öhdəmə götürə bilərəm. DAK öz sıralarında Güneylə Quzeyi birləşdirən bir təşkilatdır və gələcək fəaliyyətimizi də bu prinsipə uyğun qurmalı və son illərdə DAK-ı məhz bu birliyi pozmaq niyyətiylə parçalamaq istəyənlərin bütün ümidlərini puç etməliyik. Bizim birliyimiz DAK-ın indiyədək alışdığımız mübarizə üsullarına çağdaş dünya təcrübəsinə uyğun yeni güc, yeni mübarizə imkanları qata bilər. Vətənimizin taleyi bizdən səmimi birlik və bərabərlik, çağdaş dünya düzəninə uyğun yorulmadan mübarizə aparmağı tələb edir”,– deyə müraciətdə deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm