ABŞ-dan Bakıya səfir qambiti
Bizi izləyin

Nida.az

ABŞ-dan Bakıya səfir qambiti

Qalmaqallı müsahibəsi ilə gündəmə gələn ABŞ səfiri Riçard Morninqstar avqustun 2-də Azərbaycanı tərk edir.

Səfirliyin məlumatında deyilir ki, bu, hansısa səbəblə bağlı deyil, niyyət əvvəldən belə olub. Lakin Bakıda oturub Azərbaycanın daxili işlərinə qarışan səfirin bu gedişi arxasınca suallar da buraxır. Belə ki, Morninqstardan sonra gələcək səfir vaxtında gələcəkmi? Vaşinqtonın Bakıya göndərəcəyi diplomat necə olacaq?

Morninqstardan əvvəl Bakıya səfir göndərilən Metyu Brayzə cəmi bir il diplomatik səlahiyyətlərini yerinə yetirdi. Bu təyinatda Barak Obama ilə Senat arasında fikir ayrılığı hiss olunurdu, Brayzənin gedişinə də təsir edən bu idi. Ondan əvvəl isə Ənn Dörsidən sonra Vaşinqton Bakıya uzun müddət səfir təyin etməmişdi və məhz bu kontekstdə iki ölkə arasında münasibətlərdə müəyyən boşluqlar hiss olunurdu. Bu baxımdan, eyni situasiyanın yaranması suallar doğur.


“Yeni səfir Bakıya düşmən kimi gəlməyəcək”


ABŞAzərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Asim Mollazadə Publika.az-a açıqlamasında eyni situasiyanın yaranacağını hesab etmir. O, yeni səfirin gecikməyəcəyinə ümid edir.

A. Mollazadə Vaşinqtonun göndərəcəyi yeni səfirin daha sərt mövqe tutacağını da düşünmür.
“Yeni səfirin Rusiyaya qarşı da olacağı deyilir. Halbuki ABŞ ilə Rusiyanın münasibətlərinin bizə aidiyyəti yoxdur. Onlar böyük ölkələrdir və öz siyasətlərini formalaşdırırlar. Heç bir ölkə digər ölkəyə məqsədli şəkildə sərt mövqedə olan səfir göndərmir. Səfir iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir. Onun üçün mən ümid edirəm ki, ABŞ-ın yeni səfiri Bakıya düşmən kimi gəlməyəcək”, deyə millət vəkili qeyd edib.


“Vaşinqton Bakıya Morninqstardan fərqli diplomat göndərəcək”


Politoloq Qabil Hüseynli də hesab etmir ki, Vaşinqton indiki məqamda Bakı ilə münasibətləri gərginləşdirmək istəyir.

O, Publika.az-a açıqlamasında bildirib ki, ABŞ-ın əsas diqqəti Rusiya və Çinə qarşıdır və bu ölkənin strateji maraqları Azərbaycanla problem çıxarmağı tələb etmir: “Onsuz da Azərbaycanla bir çox sahələrdə ABŞ-ın strateji maraqlarına uyğun əlaqələr qurulub. Səfirin bir açıqlaması, Azərbaycan səlahiyyətlərinin, eləcə də ictimaiyyətin hiddətlənməsi o demək deyil ki, iki ölkə arasında münasibətlərə zərbə dəydi, yaxud bu münasibətlər bəlli bir səviyyəyə düşdü. Amerika praqmatik ölkədir. Yeni səfirin təyinatı da prezidentin siyasi iradəsindən deyil, Senatdan asılıdır. Yeni səfir ola bilsin ki, bir-iki ay gecikdi. Bu da Senatdakı ermənipərəst lobbilərə görə ola bilər. Amma son anda Amerika siyasi maraqları tələb edir ki, mütləq Azərbaycanla diplomatik maraqlar normada olsun”.

Q. Hüseynli hesab edir ki, yeni səfir Morninqstardan fərqli olacaq.

“Vaşinqton Bakıya Morninqstardan fərqli diplomat göndərəcək və bu diplomat əvvəlki səfir kimi daxili işlərə qarışmayacaq, iradlarını hakimiyyət rəsmilərinə bildirəcək. Daha mətbuat səhifələrinə çıxarmayacaq”, deyə politoloq qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm