“Rusiya cəbhədə gərginliyi daha da artıracaq”
Bizi izləyin

Nida.az

“Rusiya cəbhədə gərginliyi daha da artıracaq”

“Rusiya cəbhədə gərginliyi daha da artıracaq”

ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa Ermənistanın Avrasiya İttifaqına üzv olmasında yaranan Qarabağ maneəsi, münaqişənin həll olunma perspektivi, cəbhədə yaranmış durumu Publika.az-a müsahibəsində şərh edir.

Ermənistanın Avrasiya İttifaqına üzv olmasında Dağlıq Qarabağı işğal faktı maneə yaradıb. Hazırkı prosesdə münaqişənin həlli üçün şərait yaranıbmı?

Mən belə düşünmürəm. Bu, sadəcə diplomatik manevrdir və Azərbaycan bunu etməli idi. Amma Ermənistan Qarabağı itirmək naminə bu ittifaqa heç vaxt girməz. Burada məsələ bir qədər fərqlidir.

O zaman Ermənistan Qarabağsız ittifaqa girəcək?

Hər-halda Qarabağ faktoru olmadan Avrasiya İttifaqına daxil olacaqlar. Çünki Rusiya ittifaqda Azərbaycan üçün də yer saxlayır və hər hansı şəkildə Azərbaycana əsas verəcək məqamlar yaratmaq istəmir. Ermənistanın tamamilə ərazi bütövlüyü çərçivəsində daxil olmasına da üstünlük verə bilər. Digər tərəfdən, Azərbaycanı da Ermənistanın ayağına vermək istəmir. Amma Ermənistanı qoruyan siyasətini də davam etdirəcəyini düşünürəm.

Əgər Ermənistan Qarabağsız ittifaqa daxil olarsa, bu əraziyə sülhməramlıların, yaxud rus ordusunun yeridilməsini gözləmək olarmı?

İndiki məqamda bunu etmək problemlidir. Çünki bunun üçün Azərbaycanın razılığı olmalıdır. Azərbaycan isə Avrasiya İttifaqı vasitəsilə Qarabağa sülhməramlıların yerləşdirilməsinə müsbət yanaşmayacaq. Hələ ki mümkünsüz görünür.

Cəbhədə vəziyyət yenə gərginləşib. Erməni diversiya qruplarının təxribatlarının son siyasi proseslərlə bağlantıları varmı?

Cəbhədəki gərginliyə daha çox Rusiyanın addımları kimi baxmalıyıq. Hesab edirəm ki, Rusiya bundan sonra da cəbhədə gərginliyi daha da artıracaq. Moskva Azərbaycana bununla bilavasitə mesajlar verir ki, rəsmi Bakı Rusiyaya yönəlik siyasətində korrektələr etsin. Bu baxımdan, cəbhədəki gərginlik Rusiyanın Azərbaycana təzyiqidir.

Həmsədrlər Bakıdadır. Onların regiona budəfəki səfərləri baş verənlərlə əlaqəlidir, yoxsa, yenə ciddi nəsə gözləməyə dəyməz?

Bu, həmsədrlərin ənənəvi səfərləridir və bu səfərin də heç bir mənası yoxdur. Bu dəfə də yenilik gözləməyə dəyməz. Bu, daha çox görüntü yaratmaq və ezamiyyətdə pul silmək üçün edilən səfərlərdən biridir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm