Dağ yəhudilərindən etiraz: Azərbaycanda antisemitizm yoxdur
Bizi izləyin

Nida.az

Dağ yəhudilərindən etiraz: Azərbaycanda antisemitizm yoxdur

Dağ yəhudilərindən etiraz – Azərbaycanda antisemitizm yoxdur

Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, “STMEGİ” Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti German Zaxaryayev ABŞ-ın Antidiffamasiya Liqası (ADL) hüquq müdafiə ictimai təşkilatının Azərbaycanda antisemitizm faktları haqqında məruzəsinə dair şərhinə münasibət bildirib.

“STMEGİ”-dən Publika.az-a verilən məlumata görə, G. Zaxaryayev bildirib ki, müxtəlif vaxtlarda Azərbaycanda ləzgilər, tatarlar, yəhudilər, almanlar, bolqarlar və bir çox başqa xalqların nümayəndələri sığınacaq tapıblar: “Müxtəlif səbəblərə görə onlar bu günəşli diyarda qalıb, Xəzərin təmiz havasını udmaq, buradakı insanların qəlbinin hərarətini duymaq istəyiblər. Sovet hökuməti mövcud dayaqları dəyişməyə cəhd göstərib və bütün dinlərlə mübarizə aparıb ki, nəticədə həm yəhudilər, həm də müsəlmanlar güclü ziyan çəkib. Sinaqoqlar dağıdılmış, yəhudi məktəbləri bağlanaraq dünyəvi məktəblərə çevrilib, ravvinlər təqib olunub. Məhz kimlərin bununla məşğul olduqlarını təsdiq edən tarixi faktlar vardır: bunlar sovet hakimiyyətini təbliğ edən müxtəlif millətlərin nümayəndələri idi və onların arasında yəhudilər də olubdur”.

G. Zaxaryayev qeyd edib ki, yəhudilərlə azərbaycanlıların dinc yanaşı yaşadıqları bütün dövr ərzində onların münasibətlərinin pis və ya gərgin olduğunu təsdiqləyən bir fakt da tapmaq mümkün deyil.

“Yəhudilər Azərbaycanda hər şeyə nail ola biliblər, bunu təsdiq edən misallar çoxdur. Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində bir neçə yəhudi nazir olubdur. Azərbaycan yəhudiləri arasında nüfuzlu peşə sahibləri həkimlər, hüquqşünaslar, jurnalistlər, müəllimlər, professorlar və iri dövlət müəssisələrinin rəhbərləri az olmayıbdır”. German Zaxaryayev “Bəzi tanınmamış həvəskar tədqiqatçıların bunun əksini sübut etməyə cəhd göstərməsi məni həmişə əsəbiləşdirir”, deyə vurğulayır.

“ABŞ-ın Antidiffamasiya Liqası hüquq müdafiə təşkilatının postsovet məkanı ölkələrində keçirdiyi və dərc etdirdiyi “Antisemitizm indeksi” adlı son qalmaqallı tədqiqat da eyni təsir doğurub. Bu indeksi cəfəngiyatdan başqa bir şey adlandırmaq olmaz. Açıq-aşkar görünür ki, bu rəy sorğusu uydurma rəqəmlərə əsaslanır və Azərbaycana bələd olmayan Rusiya əleyhinə qurumların xeyrinədir, oradakı rəqəm isə orta göstərici kimi qeyd edilibdir. Mənim ulu babalarım minilliklər boyu Azərbaycanda yaşamışlar və biz heç vaxt nə məişət, nə də dövlət səviyyəsində antisemitizm müşahidə etməmişik. Biz dağ yəhudiləri haqqında bunu deyə bilərəm ki, azərbaycanlılar həmişə bizə qardaş xalq kimi yanaşıblar və bu mehribanlığı daim hiss etmişik. Mən dönə-dönə demişəm ki, Azərbaycanda antisemitizm yoxdur və olmayıbdır. Keçmiş sovet məkanında yəhudilərin kompakt yaşadıqları yeganə qəsəbə olan Qırmızı qəsəbə buna sübutdur. Nə Ukraynada, nə Belarusda, nə Litvada, nə Latviyada belə məskənlər qalmayıb. Ölkənin və rayonun hakimiyyət orqanları qəsəbəmizə xüsusi diqqət yetirirlər, axı bura təkcə yəhudilərin kompakt yaşadıqları yer deyil, həm də dağ yəhudilərinin dilinin yer üzündə qorunub saxlandığı yeganə torpaqdır. Biz Azərbaycandan olan yəhudilər öz Vətənimizlə fəxr edirik və oradan gedəndə Azərbaycan dilini unutmuruq, ümumi ənənələri və dəyərləri qoruyub saxlayırıq, ən başlıcası isə, Azərbaycan xalqının və torpağının bizə verdiyi hər şeyə görə təşəkkür edirik”, deyə vitse-prezident qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm