• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Müsavat İsa Qəmbərin başqanlıq müddətini uzada bilər”– MÜSAHİBƏ

  • Nida.az
  • 2 İyun 2014 15:27
  • 479 Baxış
“Müsavat İsa Qəmbərin başqanlıq müddətini uzada bilər”– MÜSAHİBƏ

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Publika.az-a müsahibəsi


Müsavat qurultayını bu ayın sonuna təyin edib. Əgər meriya istədiyiniz yeri verməsə, qurultay təxirə düşə bilərmi?


Müsavatda qurultaya təşkilati, texniki işlər görülüb, hazırlıq işləri başa çatıb. Müvafiq zal ayrılarsa, 3-4 həftə ərzində Müsavat qurultayını keçirə bilər. Yəqin ki, bu məsələ Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında müzakirə olunacaq.


Bəzən belə iddialar səsləndirilir ki, qurultay İsa Qəmbərin başqanlıqdan getməməsi üçün yubadılır.


Bu, yalan iddialardır. Müsavat Partiyasından İsa Qəmbərin getməsi kimi bir proses yoxdur. İsa Qəmbər Müsavat başqanı olsa da, olmasa da, partiyada fəaliyyətini davam etdirəcək. Onun başqan olaraq fəaliyyətini davam etdirməkdən söhbət gedirsə, bu da Müsavatın iradəsindən asılıdır. Başqanın iki dəfədən artıq seçilə bilməməsi partiyanın qurultayında Müsavat tərəfindən qəbul olunub. Müsavat Partiyası da istənilən vaxt bu müddəanı dəyişdirməklə İsa Qəmbərin başqanlıq müddətini uzada bilər. Partiya üzvlərinin əksəriyyəti bunun tərəfdarı kimi çıxış edir. Həm partiya daxili toplantılarda, həm mətbuata açıqlamalarda bu fikir dəfələrlə səsləndirilib. Sadəcə olaraq, İsa bəy özü nizamnamənin bu maddəsinin dəyişdirilməsinin əleyhinədir. O, təklif irəli sürüb ki, Müsavat Partiyası Azərbaycan cəmiyyətinə bir çox yeniliklər təklif etdiyi kimi, bir nəfərin iki dəfədən artıq başqan vəzifəsinə seçilməməsi ilə bağlı da addımı demokratik yenilik kimi təqdim etməlidir.


Belə iddialar da var ki, İsa Qəmbərin başqanlıqdan gedib-getməməsi məsələsinə görə partiyada bölünmə var. Bu doğrudurmu?

İsa Qəmbərin başqanlıqdan gedib-getməməsi özündən asılıdır. Əgər nizamnamənin dəyişdirilməsi 2004-cü ildə baş versəydi, bu, yenə olacaqdı. Belə bir fikir ayrılığı isə mövcud deyil. Burada İsa bəyin getməsi, yaxud kiminsə partiyadan uzaqlaşdırılması fikirləri yanlışdır. İsa bəy partiyanın üzvüdür. Bundan sonra da Müsavat Partiyasının siyasi kursunun formalaşmasında, müəyyənləşməsində və həyata keçirilməsində iştirak etmək niyyətində olduğunu bildirib. Müsavat başqanı olmaması onun partiyanın siyasətini müəyyənləşdirməsində imkanlarını azaltmayacaq.

Ən iddialı namizəd olduğunu deyilir. Özünün potensialınızı necə qiymətləndirirsiniz?


Siyasi həyatımın həlledici hissəsini Müsavata həsr etmişəm. Bu partiyasının bərpa olunması, seçkilərdə uğur qazanması, cəmiyyətdə nüfuzunun artması üçün gecə-gündüz çalışmışam, bundan sonra da bu istiqamətdə fəaliyyət göstərmək niyyətindəyəm. Əgər mənim başqan olmağım cəmiyyətin, demokratik düşərgənin, Müsavatın mənafelərinə uyğun olacaqsa, mən öz namizədliyimi irəli sürərək, seçilməyə çalışacam.


Partiyadan başqanlıq mübarizəsində rəqibiniz varmı?


Müsavatda fəaliyyət göstərən insanlar mənim dostlarım və silahdaşlarımdır. Mən bu baxımdan onları rəqibim kimi qiymətləndirməyin əleyhinəyəm. Hesab etmirəm ki, Müsavat başqanının kim olacağı partiyanın ümumi siyasi kursu üçün həlledicidir. Müsavat formalaşmış təşkilatdır, ideoloji xətti məlumdur və bu xətt partiyada seçkili orqanlar tərəfindən müəyyənləşdirilir. Başqan dəyişikliyi siyasi kursun dəyişdirilməsi demək deyil. Buna görə də mən başqanlığa həyati məsələ olaraq, “olmazsa olmaz” kimi baxmıram. Silahdaşlarım, partiyanın rəhbərliyi, qurultay nümayəndələri hesab etsələr ki, başqan Arif Hacılı olmalıdır, mən məmnuniyyətlə bu görəvi üzərimə götürəcəm. Yox əgər partiyanın qurultayında başqası seçiləcəksə, təbii ki, biz öz fəaliyyətimizi Müsavatın ideoloji-siyasi xəttinə uyğun davam etdirəcəyik.


Sizin Tural Abbaslının başqan görmək istəyən gənclərlə gərgin münasibətdə olduğunuz da deyilir.


Gənclər arasında bəzi şəxslər var ki, onlar partiyanın bütün rəhbərliyinin gənclərdən olmasını arzu edirlər. Onların bu arzularına, istəklərinə hörmətlə yanaşıram. Hesab edirəm ki, demokratik seçkilər vasitəsilə gənclər Müsavat rəhbərliyində təmsil olunacaqsa, partiyanın siyasətinə təsir imkanları artacaqsa, bu özü bir pozitiv dəyişiklik olacaq. Hansısa daxili siyasi rəqabət fonunda bizim də haqqımızda neqativ fikirlər səsləndirilibsə, buna da normal yanaşıram.


Müsavat siyasi partiyalarla əməkdaşlıq sazişinin imzalanması istiqamətində iş aparırdı. Hazırda vəziyyət necədir?

Hazırda “El” hərəkatı və digər siyasi təşkilatlarla əməkdaşlıq şəraitində fəaliyyət göstəririk. Amma seçki kampaniyası dönəmində istər bələdiyyə, istər parlament seçkiləri olsun hansısa partiyalarla koalisiyaların da yaradılması istisna deyil. Düşünürəm ki, parlament seçkiləri yaxınlaşdıqca bu mövzu daha da aktuallaşacaq.


Müsavat bələdiyyə seçkilərində iştirak qərarı veribmi?


Müsavat Məclisi bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun hesab edib. Müsavat Mərkəzi İcra Aparatı da bütün rayon təşkilatlarında iş aparır. 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar araşdırma zamanı rayon təşkilatlarının gücünü, fəaliyyətini dəyərləndirmək işi başa çatıb. Burada həm də Müsavat strukturlarının bələdiyyə seçkilərində iştirak imkanları da araşdırılıb. Müsavat Məclisinin son toplantısında bununla bağlı qərar qəbul olunub. Yəqin ki, seçkilər yaxınlaşdıqca bu mövzunun aktuallığı artacaq. Seçkidə iştirakla bağlı son qərar da Məclisin növbəti toplantılarının birində veriləcək.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR