• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Elmar Məmmədyarov agentlik rəhbərlərini qəbul etdi

  • Nida.az
  • 2 İyun 2014 20:29
  • 448 Baxış
Elmar Məmmədyarov agentlik rəhbərlərini qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçılarını qəbul etmişdir.

XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov müstəqilliyini əldə etməsindən sonra Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətləri haqqında ətraflı məlumat vermişdir.

O, uğurlu siyasi-iqtisadi islahatlar nəticəsində Azərbaycanda son on ildə ümumdaxili məhsulun 3 dəfə artdığını, yoxsulluğun 49 faizdən 5 faizdən də aşağı həddə düşdüyünü və ölkədə əlverişli biznes və sərmayə mühitinin yaradıldığını qeyd etmişdir.

Azərbaycanın uğurlu enerji siyasəti haqqında danışan Nazir Elmar Məmmədyarov Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin əhəmiyyətinə toxunmuş və yeni inşa ediləcək Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini diqqətə çatdırmışdır.

Neft-qaz sektoru ilə bərabər Azərbaycanda qeyri-neft sektorunun inkişafı haqqında ətraflı danışan nazir Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin regionun nəqliyyat imkanlarının artırılmasında mühüm rol oynayacağını vurğulamışdır.

Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu acı fəsadlar barəsində məlumat verən Nazir Elmar Məmmədyarov Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu və işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən yerli Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə siyasətinin həyata keçirildiyini bildirmişdir.

BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tam çıxarılması barəsində qəbul etdiyi məlum dörd qətnaməyə toxunan nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən bu qətnamələrə əməl edilmədiyini, beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoyulmadığını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam etdiyini demişdir.

Nazir Elmar Məmmədyarov münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulamışdır.

Görüşdə nazir Elmar Məmmədyarov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR