Sabir Rüstəmxanlı: "İran səfiri üzr istəməlidir"
Bizi izləyin

Nida.az

Sabir Rüstəmxanlı: "İran səfiri üzr istəməlidir"

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin ittihamlarına cavab olaraq bəyanat yayıb.

Publika.az-a daxil olan bəyanatda deyilir:

“Bu günlərdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin Təbrizdə jurnalistlərə açıqlama verərkən müstəqil Azərbaycan Respublikasının ünvanına bir sıra ittihamlar səsləndirib, ölkənin daxili işlərinə müdaxilə hesab oluna biləcək fikir və mülahizələrə yer verib. Səfir ölkədəki ictimai-siyasi duruma, sosial-iqtisadi məsələlərə toxunub, səhiyyə, təhsil, hüquq və digər sahələrdə görülən işlərə münasibət bildirməyə çalışıb. O, həmçinin Azərbaycanda nəşr olunan dərsliklərdə tarixi təhriflərə yol verildiyini və onların aradan qaldırılması üçün Azərbaycanla İranın xüsusi komitə formalaşdırdığını bildirib.

Qeyd edək ki, səfir öz açıqlamasında beynəlxalq hüquq normalarından kənara çıxmaqla bir neçə dəfə Azərbaycan dövlətinin daxili işlərinə qarışıb. Biz DAK olaraq bildiririk ki, Azərbaycan müstəqil və suveren dövlətdir və o, daxili və xarici siyasət kursunu özü müəyyənləşdirir: onun daxili işlərinə qarışmaq, ölkədə gedən ictimai-siyasi proseslərə kənardan müdaxilə etmək yolverilməzdir.

Azərbaycan dövlətinin özü beynəlxalq hüquq prinsiplərinə əməl etməklə bərabər, həm də özünə qarşı münasibətdə digər dövlətlərdən də bunu tələb etmək haqqı var. Səfir daha sonra Quzey və Güney Azərbaycanda milli birlik istəyinin də guya müəyyən radikal qüvvələr tərəfindən ortaya gətirildiyini, hadisələrin hər iki tərəfdə bilərəkdən qızışdırıldığını və bunun xarici təşkilatların marağına xidmət etdiyini vurğulamışdır. O, bir xalqın birləşmək arzusunu və bu yolda aparılan mübarizəni təhrikçi qüvvələrin fəaliyyətinin nəticəsi kimi qələmə verib.

Halbuki, cənab səfir özü də yaxşı bilir ki, millətin birləşmək, qovuşmaq arzusu onun öz içindən gəlir, burada hansısa siyasi ambisiya və təhrikçilikdən söhbət gedə bilməz. Bu, tarixi ədalətsizliyə, bir xalqın imperiyalar əli ilə parçalanmasına qarşı millətin içində zaman-zaman gəzdirdiyi etiraz hissinin reallaşmasıdır.

Təkcə XX yüzillikdə Güneydə bu xalq bir neçə dəfə ayağa qalxaraq öz azadlıq və istiqlalı uğrunda səngərlərə atılmış, şah ordulari ilə ölüm-dirim mübarizəsinə girişib. Səttar xan hərəkatı, Şeyx Məhəmməd Xiyabanı inqilabı, Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında gerçəkləşən “21 azər nehzəti” buna parlaq misal ola bilər.

Təkcə sonuncu milli hərəkatı boğmaq üçün İranın şah rejimi 30 min azərbaycanlını edam etmişdir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmamış, millət öz haqqı uğrunda bu gün də meydanlara atılmağa hazırdır. 2008-ci ildə Azərbaycan xalqının bütün İranı bürüyən etirazı da məhz əvvəlki böyük mübarizələrin davamı sayıla bilər. Təəssüf ki, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayin millətin müstəqillik arzusunu və idealını hansısa naməlum qüvvələrlə bağlamaqla onu kiçiltməyə, dəyərsizləşdirməyə çalışıb”.

S. Rüstəmxanlı hesab edir ki, bu, iki ölkə arasında münasibətlərə də kölgə salır.

“Bir daha təkrar edirik ki, bu, həm də tarixi qonşuluq baxımından düzgün deyil, iki dövlət və bu dövlətlərin xalqları arasında qarışılıqlı inam və etimada kölgə salmaqdır. DAK olaraq tələb edirik ki, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri öz açıqlamalarında yol verdiyi siyasi xətalara aydınlıq gətirsin və Azərbaycan xalqından üzr istəsin”-deyə bəyanatda bildirilir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm