• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Zakir Həsənov ABŞ-ın müdafiə katibi ilə görüşdü

  • Nida.az
  • 4 İyun 2014 20:17
  • 804 Baxış
Zakir Həsənov ABŞ-ın müdafiə katibi ilə görüşdü

Bu gün Azərbaycanın müdafiə Naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə, NATO Mənzil Qərargahında keçirilən iclasında iştirak edib.

Аzərbaycanın NATO yanında nümayəndəliyindən verilən məlumata görə, iclasda ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizlik məsuliyyətinin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstanda prezident seçkiləri və cari siyasi durum, NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası (Qətiyyətli Dəstək), onun başlaması üçün lazım olan hüquqi çərçivənin son vəziyyəti, ABŞ-ın Qətiyyətli Dəstək missiyasına bu yaxınlarda bəyan etdiyi qüvvə sayının bu əməliyyatın planlamasına müsbət təsir göstərməsi məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən general-polkovnik Z.Həsənov Azərbaycanın Əfqanıstana siyasi, maliyyə, iqtisadi və təlim sahəsində cari dəstəyini vurğulayıb və ölkəmizin bu dəstəyinin davam edəcəyini qeyd edib. Müdafiə naziri Azərbaycanın NATO-nun 2014-cü ildən sonrakı Qətiyyətli Dəstək missiyasına qüvvə, təlim və maliyyə fondlarına yardım göstərməklə töhfə verməyə davam edəcəyini bir daha təsdiq edib. O, Azərbaycan xalqı və hökumətinin Əfqanıstanda və bütövlükdə regionda sülh, sabitlik və əmin-amanlığa sadiq olduğunu da bəyan edib.

NATO Baş Qərargahına səfəri çərçivəsində ISAF Müdafiə Nazirlərinin görüşündən əvvəl general-polkovnik Z.Həsənov ABŞ-ın müdafiə katibi Çak Heygel ilə ikitərəfli, türkiyəli və gürcüstanlı həmkarları ilə isə üçtərəfli formatda görüşlər keçirib. /Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR