Azərbaycanda qələbə kimə nə vəd edir? – Bakının ağıllı gedişi
Bizi izləyin

Nida.az

Azərbaycanda qələbə kimə nə vəd edir? – Bakının ağıllı gedişi

Azərbaycanda qələbə kimə nə vəd edir? – Bakının ağıllı gedişi

Rusiya-Qərb qarşıdurması fonunda “Azərbaycanın taleyi necə olacaq?” sualı önə çıxır. Bu həm də ona görə önəmlidir ki, Krımın ilhaqı və Ukraynanın başına “rus bəlası”nın gəlməsindən sonra əsas hədəf Cənubi Qafqaz, dolayısı yolla bölgənin “döyünən ürəyi” Azərbaycan olacaqdı.

Bu də səbəbsiz deyil. Bölgənin üç ölkəsindən biri Ermənistan Moskvanın qanadı altında öz taleyi ilə barışmış kimidir. Yerdə qalan iki ölkə – Azərbaycan və Gürcüstan Kremllə daha çox məsafə saxlamağa çalışırlar. Lakin o da etiraf edilməlidir ki, iqtisadi və strateji olaraq Azərbaycandan asılılığı olan Tiflisin tutacağı yol Bakıdan asılıdır.

Bakı üzərində qələbə kimə nə vəd edir?

Bakı üzərində “qələbə” Qərb və Rusiya üçün ayrı-ayrılıqda müstəsna əhəmiyyət kəsb edir. Qərbə görə Azərbaycan enerji təhlükəsizliyi ilə yanaşı, Rusiya sərhədlərinə daha çox yaxınlaşmaq üçün əsas açardır.
Bu açar Şimali Qafqazda müstəqillik üçün aclıq çəkən etniklərin ələ alınması və Kremlə öz içindən zərbə vurmaq üçün də önəmlidir.
Rusiyaya görə Azərbaycan Avropanı “qazda boğmaq”, Qərbi sərhədlərinə yaxın buraxmamaq, hiss olunan təhlükələri qismən də olsa azaltmaq, Şimali Qafqazın rəngarəng etno-mənzərəsində yer alan xalqların gələcəkdə müstəqillik əldə etmək istəklərini uzun müddətli səngitmək və Moskvanın burda gücünü bütövləşdirmək, dolayısı ilə əvvəlki fövqəlgücünü qismən də olsa özünə qaytarmaq üçün əsas faktor rolunu oynayır.

Yüksək çinli rəsmilərin gəlişi və ya yeni “siyasi marafon” başlayıb

Ukraynadan sonra bu “qələbəyə” doğru marafonda hər iki tərəf sürətlənib. Belə ki, mütəmadi olaraq bir sıra Qərbin yüksək çinli rəsmiləri Bakının qonağı olur. Moskva da bunu cavabsız buraxmır. Və təsadüfi deyil ki, bu ayın sonunda Rusiyadan daha bir yüksək səviyyəli rəsmi qrup Bakıya gələcək. Azərbaycanın Rusiyadakı səfiri Bolad Bülbüloğlu Publika.az-a özəl açıqlamasında (http://publika.az/p/22872) iyunun 28-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
Təbii ki, bu, təsadüfi deyil. Belə demək mümkünsə, Qərb və Rusiya Bakını ələ almaq üçün hərəkətə keçib. Burada diqqət çəkən daha bir məqam Ermənistanın Avrasiya İttifaqına qoşulması üçün “Qarabağ maneəsini”n ortaya çıxması idi. Kreml İrəvanı əzmək hesabına olsa da, Bakıya jest etdi. Bu da sirr deyil ki, Avrasiya İttifaqında Azərbaycan üçün də yer saxlanılıb, Bakı bundan imtina etsə də.

“Bakı bunu Azərbaycanın maraqlarına doğru yönləndirməyi bacarır”

Sabir dövlət müşaviri Vəfa Quluzadə Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan həmişə xüsusi önəm daşıyıb, hazırkı məqamda onun əhəmiyyəti daha da artıb: “Bu günə qədər həm Qərb, həm rusiyalı rəsmilərin Bakıda qonaq olduğunun şahidi olmuşuq. Ötən il Putin də gəlmişdi. Təbii ki, bu səfərlər təsadüfi deyil və təkcə protokol xarakteri daşımır. Çünki Azərbaycan ümumiyyətlə Qafqazın aparıcı, əsas dövlətidir”.

V. Quluzadə qeyd edib ki, Qərb və Rusiya Azərbaycanı öz tərəflərinə çəkməkdə israrlıdır və bunun üçün çalışır: “Lakin burda rəsmi Bakının ağıllı siyasəti xüsusi vurğulanmalıdır. Çünki maraq artdıqda Bakı bunu Azərbaycanın xeyrinə yönləndirməyi bacarır”.

“Azərbaycan və Rusiya prezidentlərinin görüşməsi zərurəti yarana bilər”

Siyasi ekspert Qabil Hüseynli də hesab edir ki, Azərbaycanın strateji önəmi hər kəsə bəllidir. O, Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan son vaxtlar Qarabağ məsələsində daha da fəallaşıb: “Həm Qərb, həm də Rusiyaya mesajlar ötürür. Qərbə söyləyir ki, ikili standartlardan əl çəkməsən, ədalətli mövqe sərgiləməsən, əməkdaşlığı minimuma endirə bilərik və bir sıra əməkdaşlıq planları baş tutmaya bilər. Dolayı yolla “Biz sizin işinizə yarayırıqsa, siz də bizim işimizə yarayın” deyir. Rusiya isə son vaxtlar daha aktivdir. Moskva Azərbaycanı yanında görmək və beləliklə, həm özünün müəyyən poblemlərini həll etmək üçün hərəkətə keçib. Hiss olunur ki, Rusiya Azərbaycana konkret vədlər və bunların həyata keçməsinə zəmanət verir”.
Politoloq hesab edir ki, Narışkinin səfərindən sonra Azərbaycan və Rusiya prezidentlərinin görüşməsi zərurəti yarana bilər.

“Hər-halda, bu səfərdə görüş məsələsi də gündəmə gələcək. Ümumilikdə bu proses Azərbaycanın çəkisini artırır. Çünki Qərbin Rusiyanın addımlarından xəbəri var və bu, onlarda təlaş oyadır. Hesab edirəm ki, yaranmış situasiyada Azərbaycanın bazarlıq imkanları daha da genişlənəcək”,– deyə Q. Hüseynli qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm