Türkiyəli ekspertdən Bakıya mesaj: “Türkmən qazını xilas et”– Özəl
Bizi izləyin

Nida.az

Türkiyəli ekspertdən Bakıya mesaj: “Türkmən qazını xilas et”– Özəl

London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü, Türkiyə XİN İcra Aparatının keçmiş rəhbəri Onur Öymən Publika.az-a müsahibəsində “Türk İttifaqı”nın perspektivlərini şərh edir.

Onur bəy, Türkiyədə türkdilli ölkələrin dövlət başçıları toplandı. Bu günlərdə Rusiya tərəfindən Avrasiya İttifaqının yaradılması fonunda bu toplantını necə qiymətləndirirsiniz?


– Bu cür toplantılar zaman-zaman olub və bundan sonra da olması planlaşdırılır. Lakin əsas məsələ bu toplantılardan hansı nəticənin çıxmasıdır. Yəni hazırkı situasiyada təkcə toplanmaqla iş bitmir. Türkdilli ölkələr arasında sosial, siyasi, iqtisadi və digər sahələr üzrə güclü birliyə ehtiyac var. Bu baxımdan, hesab edirəm ki, hər bir ölkə bu toplantılardan özü üçün nəticə çıxarmalıdır.

Hazırkı proseslərin fonunda yaxın perspektivdə ümumi birliyin yaranacağını demək çətindir. Bu, bir sıra dairələrə mesaj ola bilər. Amma hələ ki, mesaj olaraq qalır.

- Türkmənistanın uzun zamandan sonra bu zirvə görüşünə qatılması diqqət çəkirdi. Belə ehtimallar var ki, türkmən qazı Xəzər dənizindən keçərək Azərbaycana, oradan da Türkiyə vasitəsilə Avropaya çıxarıla bilər. Türkmənbaşının zirvə görüşündə olması bunun ola biləcəyi ehtimalını daha da gücləndirir.

- Türkmənistan Orta Asiyada önəmli türk dövlətidir. İstər strateji, istər enerji resursları baxımından Aşqabadın əhəmiyyəti böyükdür. Vaxtilə türkmən qazının Əfqanıstan üzərindən çıxarılması üçün boru xəttinin çəkilməsi layihəsi var idi və bu layihəni Amerika da dəstəkləyirdi. Lakin Əfqanıstandan məlum hadisələr yaşandı, müharibələr bu ölkəni dağıtdı, nəticə etibarilə bu layihə reallaşmadı. Yəni demək istədiyim budur ki, türkmən qazının Avropaya çıxarılması planları öncədən var idi.
Hesab edirəm ki, mövcud vəziyyətdə türkmən qazının Avropaya çıxarılması üçün ən sərfəli marşrut Azərbaycan və Türkiyədən keçir. Bu iqtisadi və siyasi baxımından da daha sərfəlidir. Çünki Aşqabad enerjisini Avropaya çıxarmasa onun üçün bazar getdikcə daralacaq. Düşünürəm ki, türkmən qazı Azərbaycan vasitəsilə xilas edilməli, Bakı bu istiqamətdə addımlar atmağa başlamalıdır.

- Bu həm də türk birliyinin güclənməsi istiqamətində addım ola bilər?

- Təbii ki, bu münasibətləri, bağlantıları gücləndirəcək. Lakin bizim birlikdən danışmağımız üçün birliyin təməlləri atılmalıdır.

- Özbəkistanın bu zirvə görüşlərindən yan qaçması diqqət çəkir.

- Özbəkistanın xüsusi bir durumu var. Onlar məsələlərə fərqli yanaşırlar. Lakin əsas etibarilə o da türk dövlətidir. Türkiyə onlarla milli dostluq anlaşması da imzalanmışdı. Yəni Özbəkistanın yaxınlaşması üçün yetərli qədər addımlar atılır, amma bəzi proseslərdə onlar məsafəni saxlamağa çalışırlar. Burda Rusiya amili da unudulmamalıdır. Hesab edirəm ki, bu problem də aradan qalxacaq və biz Özbəkistanı da öz aramızda görəcəyik.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm