• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

2015-ci ildə “vurulacaq” deputatlar DANIŞDI

  • Nida.az
  • 6 İyun 2014 16:05
  • 4 380 Baxış
2015-ci ildə “vurulacaq” deputatlar DANIŞDI

Mediada 2015-ci ildə hazırda parlamentdə təmsil olunan bir sıra deputatların mandat almasına maneələr yaradılacağı haqda iddialar yayılıb. Məlumatlara görə, bəzi deputatların seçkidə belə iştirakına imkan verilməyəcək. Qaynar.info saytında sözügedən deputatların siyahısı da yayılıb.

Publika.az siyahıda adı olan deputatların bəzilərindən məsələyə münasibət öyrənib.

“Hansısa jurnalist gündəmə gəlmək istəyir”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, bu bir jurnalistin təxəyyülünün məhsuludur. Onun sözlərinə görə, parlament seçkilərinə uzun zaman qalır, indidən belə bir siyahının ortaya çıxması qeyri-ciddidir və bu, gündəmə gəlmək istəyən hansısa jurnalist tərəfindən tərtib edilib: “O siyahıyla tanış olmuşam və qeyri-ciddi olduğunu düşünürəm. Məsuliyyətlə deyirəm ki, bu gün növbəti parlament seçkiləri ilə bağlı heç bir müzakirə belə yoxdur. Bu seçki ərəfəsi ortaya çıxsaydı, həqiqət payı daha çox olardı. Amma indi bunun yayılması göstərir ki, hansısa jurnalist gündəmə gəlmək istəyir”.

Deputat qeyd edib ki, siyahıda adı keçən bir çox insanların ölkəyə verə biləcəyi xeyir çoxdur: “İstər gənc, istər orta, istərsə də yaşlı nəslin nümayəndələri var ki, onların potensialı hələ çoxdur və bu potensial ölkəyə xeyir verə bilər”.

F. Ağamalı qeyd edib ki, onun özü 2015-ci il parlament seçkilərinə namizədliyini verəcək: “Sağlıq olsun, növbəti parlament seçkilərində də iştirak etmək niyyətim var. Amma hələ ona bir il yarım vaxt var. Qeyd edim ki, növbəti seçkilərdə kim namizədliyini irəli sürsə, bu, hansısa jurnalistin təxəyyülü ilə müəyyən olunmur. Bunun həllində söz sahibi seçicidir və hər şey seçicinin rəyindən, iradəsindən asılıdır. Ona görə də bu cür siyahılara fikir verməyin”.

“Heç kəs seçkili orqanla bağlı hansısa siyahı yaya bilməz”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı da bu siyahını ciddi qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, heç kəs seçkili orqanla bağlı hansısa siyahı yaya bilməz: “Amma təbii ki, hər kəs öz mülahizəsini ortaya qoya, bunu ictimailəşdirə bilər. Buna görə onlara heç kim söz demir. Amma siyahıya gəldikdə, bunun qeyri-ciddi olduğunu deyə bilərəm”.

“Kimsə ürəyindən keçənləri ictimailəşdirir”

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov isə bu siyahını gülüşlə qarşılayıb. Bildirib ki, kim nə istəyir yazsın, amma bu mənasızdır: “Görünür, kimsə ürəyindən keçənləri mətbuatda ictimailəşdirir. Amma seçsələr, işləyəcəyik, seçməsələr, yox. Burada qeyri-adi heç nə yoxdur”.

“Bu, sadəcə, gülüş doğurur”

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu deputat Aydın Abbasov məsələni qeyri-ciddi adlandırıb. Bildirib ki, belə məsələni şərh etmək də doğru olmaz. “Bu, sadəcə, gülüş doğurur”,– deyə o bildirib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR