Silahlı Qüvvələrdə islahatların aparılması üçün qanunvericilik aktlarının monitorinqi aparılır
Bizi izləyin

Nida.az

Silahlı Qüvvələrdə islahatların aparılması üçün qanunvericilik aktlarının monitorinqi aparılır

əhlükəsizlik və müdafiə komitəsi parlametin yaz sessiyasına iki yeni qanun layihəsi təqdim edəcək. Bunlar "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" qanun layihələridir.

Azərbaycanda yeni müdafiə nazirinin idarəçiliyi dövründə, ümumiyyətlə, qarşıdakı dövrdə Silahlı Qüvvələrin quruculuq mərhələsi, eləcə də parlamentlə hərbi strukturlar arasında daha yaxşı əməkdaşlıq fonunda bir sıra yeni qanunları qəbul etmək, o cümlədən köhnə təlimat sənədlərini yeniləmək mümkün olacaq. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Onun sözlərinə görə, bu məqsədlə Təhlükəsizlik və müdafiə komitəsi parlametin yaz sessiyasına iki yeni qanun layihəsi təqdim edəcək. Bunlar "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" qanun layihələridir.

Millət vəkili qeyd edib ki, hər iki sənəd bundan əvvəlki sessiyaların da gündəliyinə salınmışdı. Lakin onlarla bağlı Silahlı Qüvvələrin bəzi stukturlarından müsbət rəy alına bilmədiyindən qəbul olunmadı. Amma həmin qanun layihələri yenidən parlamentin yaz sessiyasının gündəliyinə salınıb: "Düşünürəm ki, "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" Qanun layihəsinin qəbuluna hər hansı maneə və problem olmamalıdır. Bu sənəd çərçivə prinsiplərini müəyyənləşdirən baza qanunu sayıla bilər. İstənilən ölkədə hər hansı silahlı qüvvələrin yaradılması qanunvericiliklə baş verməlidir. Hər hansı özəl bir hərbi strukturun meydana çıxması, onların yaradılması, müxtəlif dövlət qurumları tərəfindən təsis olunması baş verməsin deyə məhz qeyd olunan baza qanunu qəbul olunur ki, istənilən təşkilatın yaradılmasının hüquqi əsasları olsun. Məsələn, bu gün ölkədə Silahlı Qüvvələrin çoxlu növləri var - Müdafiə Nazirliyi, Hərbi-Dəniz Qüvvələri, Daxili Qoşunlar, Sərhəd Qoşunları və s.. Bundan kənarda başqa hərbi qüvvələr də yaradıla bilərmi? Belə məsələlər vahid baza qanunu ilə tənzimlənməlidir".

Z.Oruc qeyd edib ki, "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihəsi də hərbi, silahlı qüvvələrin yaradılmasının ümumi prinsiplərini müəyyənləşdirən qanundur: "Amma bu qanun heç də Azərbaycanda yeni hərbi hissənin və ya silahlı birləşmənin yaradılmasını nəzərdə tutmur".

Onun sözlərinə görə, "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi isə əsasən bu sahədə münasibətləri tənzimləyən mövcud iki qanundakı məsələləri özündə ehtiva edəcək: "Vaxtilə bu sənəd üzərində geniş iş aparılmışdı. Lakin o zaman Müdafiə Nazirliyi tərəfindən ona müsbət qrif verilmədi və ötən sessiyada bu sənədi qəbul etmək mümkün olmadı. İnanıram ki, yaz sessiyasında bu, mümkün olacaq. Ümumilikdə hazırda qanunvericilik aktlarının tam monitorinqinə çox ciddi ehtiyac var. Etiraf etmək lazımdır ki, keçmiş dövrdən hələ də öz hüquqi qüvvəsini saxlayan ayrı-ayrı nizamnamə prinsiplərindən tutmuş müxtəlif qanunvericilik məsələlərinədək müddəalar var. Bunların yenilənməsini yalnız Sılahlı Qüvvələrlə birgə təmin etmək olar ki, bu strukturda islahatları davam etdirmək mümkün olsun".

Komitə üzvü bildirib ki, adıçəkilən qanun layihəsinin qəbulu yalnız digər qanunların birləşməsindən ibarət texniki məsələ deyil. Burada tamam fərqli yeniliklər də yer alacaq: "Hələlik bu barədə nəsə açıqlamaq istəməzdim. Çünki həmin layihə ilkin variantla müqayisədə artıq bir neçə dəfə dəyişdirilib. Ekspertlər tərəfindən hazırlanan son variant isə hələlik komitə üzvlərinə təqdim olunmayıb. Amma düşünürəm ki, məsələ gündəliyə salınıbsa, yəqin ki, onun qəbulu mümkün olacaq. Hərbi qulluqçuların bir sıra problemləri var ki, onları qanunvericilik qaydasında müəyyənləşdirmək olar. Hüquqi sənədlərdə aparılan təkmilləşmə özlüyündə hərbi qulluqçuların da vəziyyətinə təsir edir. Bu baxımdan, fikrimcə, bu qanunun qəbuluna çox ciddi ehtiyac var. Biz əgər ordunun modernləşməsindən danışırıqsa və onu Avropa, Qərb ölkələrinin Silahlı Qüvvələri ilə müəyyən paraleldə vahid standarta doğru aparmaq istəyiriksə, müvafiq olaraq normaları da uyğunlaşdırmalıyıq. Bu cəhətdən istər struktur islahatları, istərsə də hərbi qulluqçuların statusu beynəlxalq tələblərə cavab verməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm