“Sevgilim məni güllələdi”
Bizi izləyin

Nida.az

“Sevgilim məni güllələdi”

Həftənin “siyasi hesabat”ı

Mən yenə gəldim…

İsti havaların hələ yeni təşrif buyurduğu bir vaxtda sizə ölkənin siyasi gündəmindən bəhs edəcəm desəm, yəqin ki, alqış yiyəsi olmaram. Amma bilin ki, bu siyasi aləmdə baş verənləri heç maqazin dərgilərində də tapa bilməzsiniz. Hansı şou xəbərdə oliqarx oğulları və qızlarının həyatını izləmək olar ki?! Belə məqamlar ancaq “ciddi” siyasi yazılarda öz əksini tapır. Biz də “acgözlüklə” oxuyuruq. Axı niyə də oxumayaq, məgər oliqarxların həyatı maraqlı deyil?!

İndi isə gəlin bu həftə baş verənləri birlikdə xatırlayaq.

Neftli-qazlı Azərbaycan və Hiltondakı ərəblər…

Həftəyə Bakıda keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgisi ilə başladıq. Sərginin açılışında Ölkə Başçısı İlham Əliyev iştirak etdi. İlham Əliyev çıxışı zamanı bildirdi ki, Azərbaycan hər zaman istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını uzlaşdırmağa çalışır:

“Biz buna nail ola bilmişik. Digər tərəfdən neft-qaz resurslarından başqa məqsədlə istifadə etməmişik, əməkdaşlığı dərinləşdirmişik. Bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Yaxın müddətdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq”.

Bilirsiniz ki, ölkəmiz adına uğurlu layihələrdən bir də Trans Anadolu Qaz Kəməri – TANAP layihəsidir. Yox, mən indi sizə iqtisadi şərhlər verməyə hazırlaşmıram. Yoxsa bu işi görənlər silahı ələ alıb üstümə hücuma keçərlər. Sadəcə, bu sərginin ölkəmizdə keçirilməsi Azərbaycanın regionun iqtisadi maraqlarına cavab verən ölkə olduğunu bir daha göstərdiyi üçün mən də yan keçə bimədim…

Bu arada sərgiyə görə dünyanın bir çox ölkəsindən gələn qonaqlar, şirkət rəhbərləri və nümayəndələri sırasında diqqətimi daha çox ərəblər çəkdi. Adamlar əcaib qiyafətləri ilə şəhərin ən bahalı otellərində elə əcaib görünürüdülər ki, lap özümü sirkdəymiş kimi hiss etdim.

NİDA-dan birinci məktub…

NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəal üzvlərindən biri Bəxtiyar Quliyev bu həftə Prezidentə açıq məktubla müraciət etdi. Sizi bilmirəm, mən şəxsən təəccüblənmədim. Təcrübədə bu hadisə dəfələrlə baş verib.

Gəlin görək, Bəxtiyar Prezidentə nə yazıb:

“Mənim Prezidentim!

Mən bilmədən etdiyim səhvlərə görə burada olduğum 15 ay müddətində özümü dərk etməyə yetərincə vaxtım olmuşdur. Mən anlamışam ki, burada olduğum dövrdə passiv bir gənc kimi zaman itirməkdənsə, fəal, Azərbaycanın adını daim zirvələrə qaldıra və gənclərin sırasında ola bilərəm…

Ancaq mən yanlış fikirli insanların təxribatlarına uyaraq öz gəncliyimə və ailəmin nüfuzuna zərər gətirməklə özümü sağlam gənclikdən təcrid eləmişəm…

Mən bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, yanlış insanların təxribatlarına uyaraq etdiyim cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirirəm”.

Əziz oxucular, Bəxtiyarın məktubundan bəzi hissələri sizin nəzərinizə çatdırdım. Şərhi siz verin. Mən isə ümid edirəm ki, növbəti məktublar fərqli və daha “səmimi” olacaq…

Səmimiyyətə, məncə, hamımızın ehtiyacımız var…

My baby shot me down…

Həftənin ən diqqətçəkən tərəfi 50 nəfər deputatın adı olan siyahının ortaya çıxması oldu. Siyahıda adı olan deputatlar 2015-ci ildə parlament seçkilərində kənarda qalacaq olanlardır. Yəni belə iddia olunur. Siyahıya baxanda bir çıx səbəbdən əsassız olmadığı görünür. Sizə 50 nəfərin deyil, bəzilərinin adını yazacağam:

Aqil Abbas, Sabir Rüstəmxanlı, Aydın Abbasov, Ceyhun Osmanlı, Rəfael Cəbrayılov, Şəmsəddin Hacıyev, Etibar Hüseynov, Elton Məmmədov, Məlahət İbrahimqızı, Abel Məhərrəmov, Gülçöhrə Məmmədova, Hüseynbala Mirələmov, Rəbiyyət Aslanova, Qənirə Paşayeva…

Vallah, Qənirə xanımın adından sonra nəsə yazmağa heç əlim gəlmir. Axı Qənirə xanım parlamentin ən aktiv üzvüdür. Qalmaqallardan uzaq, işi və dietası ilə məşğul olan bu xanımın adını siyahıda görəndə əməlli-başlı kədərləndim lap. Amma bəlkə də, bu xanımın ədəbi yaradıcılığını görüb özünü yalnız yazıb-yaratmağa həsr etməsi uyğun bilinib. Yəni belə də ola bilər.

Daha dəqiq deyə bilmərəm, kimlər bu xəbərdən üzüldü, yaxud Qənirə xanımın seçiciləri nə düşündü. Amma Somalidəkilər bu xəbərə çox məyus olacaq, buna qəti şübhəm yoxdur...

Bu siyahının əks-sədası, yəni dəqiq, ya qeyri-dəqiq, kimlərinsə təxəyyülünün məhsulu olub-olmaması, yəqin ki, 2015-ci ildə bilinəcək. Bəlkə, keçən dövr ərzində – axı qabaqda hələ bir il var – Ceyhun Osmalının qaçan “nur”u geri qayıdacaq, rektorluq edən millət vəkillərinin yarıtmaz işi gözdən keçiriləcək və… fədakar ana Rəbiyyət xanımın oğlundan yana, türkiyəlilər demiş, bir quşqusu ortaya çıxmayacaq… Nə bilmək olar, seçici nə qərar verəcək…

Siyasətdə “vurulmaq” anlayışı var. Elə bu yazını yazanda da “My baby shot me down” (sevgilim məni güllələdi) mahnısı yadıma düşdü.

Əzizlərim, sizə isti və gözəl həftəsonu arzu edirəm. Dincəlin və yayın dadını çıxarın.

Məni isə unutmayın…

Yenə gələcəm…

Sədan Bünyadova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm