• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Milli Şura necə formalaşıbmış: şok faktlar

  • Nida.az
  • 24 Yanvar 2014 11:09
  • 1 449 Baxış
Milli Şura necə formalaşıbmış: şok faktlar

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat, professor Hacıbaba Əzimovun Publika.Az –a müsahibəsi

Milli Şura necə formalaşıbmış: şok faktlar

-Siz Mehdibəy Səfərovu Milli Şuraya Eldar Namazovun gətirdiyini dediniz. Amma qarşı tərəf bunu təkzib edir. Ümumiyyətlə, Milli Şura yarananda formalaşma necə oldu?

-
Əvvəlcə Rüstəm müəllim Milli Şura ideyasını verdi, lakin bu ideyanı reallaşdıran, işi görən, adamlarla, partiyalarla danışıqlar aparan 3 adam olub: İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov. İsa Qəmbər və Əli Kərimlidən də daha çox bu işi Eldar Namazov həyata keçirib. Bunlar öz aralarında əvvəl razılaşıblar ki, Müsavatdan 17, AXCP-dən 16, “El”-dən də ya 10, ya da 12 nəfər Milli Şuraya daxil olsun. Hər şeydən əvvəl bunu razılaşdırıblar. Sonra tərkibi genişləndirmək üçün Liberal Partiyasına-Lalə Şövkətə müraciət ediblər. Onlar da deyiblər ki, əgər siz bu qədər adam gətirirsinizsə, biz də ən azı 10 adam gətirəcəyik. Rüstəm müəllim də deyib ki, Lalə Şövkətlə dostam, qoy onlar da 10 adam gətirsin. Beləcə razılaşıblar. Sonra Rüstəm müəllim dedi ki, Rəsul Quliyevlə də dostam, onlar da ACP yaradıblar. ACP-dən də 10, ya 11 nəfər gəlsinlər. Bəzi partiyalardan, o cümlədən bizim partiyadan 1 nəfər dəvət ediblər. Amma mən əvvəldən məsələyə bu cür yanaşıldığını, formalaşmanın belə olduğunu bilmirdim. İyunun əvvəlində təsis yığıncağı keçirildi. Orda qurumda kimlərin olduğunu gördüm. Sonra məlum oldu ki, hansı partiyadan nə qədər adam var. Əvvəldən kimin nə qədər adam gətirdiyi barədə məlumat yox idi.

Sonra da müəyyən ziyalılar, QHT rəhbərləri, tanınmış hüquqşünaslar ora dəvət olundular. Milli Şura belə formalaşıb. Mən də deyirəm ki, bu formalaşma düzgün olmayıb. Burda ikili yanaşma olub. Bir neçə partiyaya və bir hərəkata üstünlük veriblər. Tərkib də kvotaya uyğun formalaşıb. Başqalarını isə fərdi qaydada dəvət ediblər. Misal üçün, Aydınlar Partiyasından Qulamhüseyn Əlibəylinin təkcə özünü dəvət ediblər, o cümlədən mən də tək dəvət olunmuşam. BAP sədri Elşad Musayev də belə dəvət olunub, ikinci adam yoxdur. Bu ikili yanaşmadır. Bir partiya böyük də ola bilər, kiçik də. Dünyada belə yanaşma yoxdur. Onda gərək BMT-də Amerikanın, ya Çinin əhalisi çox olduğu üçün hamıdan çox nümayəndəsi ola.Belə şey yoxdur. Bir dövlətin bir nümayəndəsi, bir partiyanın bir nümayəndəsi olur.

Əgər iki olacaqsa, o birindən də iki olmalıdır. Burda demokratik prinsiplər pozulub. Belə bir şəraitdə də “El” hərəkatına daxil olan şəxslər fərdi qaydada gəlməyiblər. Fərdi qaydada ziyalılar, QHT-lər, istiqlalçı deputatlar, biz gəlmişik. Amma onların heç biri fərdi qaydada deyil, kvota əsasında gəliblər. O cümlədən də, Eldənizlə Mehdibəy də “El” hərəkatına ayrılmış kvota əsasında Milli Şuraya daxil olublar.

Milli Şurada hətta azsaylı xalqlarla bağlı komissiya da yaratmaq istəyirdilər, sədri də Eldəniz olacaq idi. Biz buna imkan vermədik. Çünki burdan separatizm iyi gəlirdi. Azərbaycanda dövlətin də siyasəti belədir, qanunlar da, konstitusiya da bunu tələb edir. Etnik tərkibə görə heç kim heç yerə, heç bir vəzifəyə cəlb olunmur. Sivil ölkələrdə də belə sistem yoxdur. Biz Azərbaycan xalqını vahid, bütöv götürürük. Etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqları bərabərdir. Onlar deyir ki, guya talışların hüquqları pozulur, tamamilə yalandır. Mənə ən çox pis təsir edən də budur. Əksinə cənub bölgəsində, elə Lənkəran şəhərində əhalinin 95 faizi türk əsillidir. Amma orda vəzifələrdə olanların əksəriyyəti talışlardır. Astara, Masallı, Lerik, Lənkərandan seçilən deputatların hamısı talışdır. Belə olduğu halda kim deyə bilər ki, talışlara qarşı ayrı-seçkilik var. Bu, yalandır, əksinə daha çox onlara üstünlük verilir.

“Talışlara mənim qədər heç kəs xidmət etməyib”

-Amma sizi talış xalqına qarşı çıxmaqda ittiham edirlər.

-Deyirlər ki, guya mən talış icmasını istəmirəm. Bunlar vicdansızcasına yalan danışırlar, bu, ağır böhtandır. Talışlara mənim qədər heç kəs xidmət etməyib. Mən talışların da kompakt yaşadığı bir bölgədə dövlət universiteti yaratmışam, onun ilk rektoru olmuşam. Orda heç bir fərq qoymadan talışları da işə götürmüşəm, vəzifələrə irəli çəkmişəm. Əslən talış olan həmin adamlar indiyə qədər Lənkəran Dövlət Universitetində işləyirlər, bəziləri də mənim köməyimlə elmi adlar alıblar. Bütün Azərbaycan ictimaiyyəti bilir ki, LDU-nun yaranmsı mənim adımla bağlıdır.

O zaman Milli Məclisin deputatı kimi böyük hörmətim var idi. Hərə özünə bir özəl iş qurdu. Mən də dövlət universiteti yaratdım. Məni də ora göndərdilər ki, təşəbbüsü sən vermisənsə, ora rektorluğu da özün et, mən də etdim. Mən universitetdə talışların məişətini, folklorunu öyrənən qrup yaratdım. Bizim partiyanın Rəyasət Heyətinin üzvü məşhur etnoqraf, professor Qəmarşah Cavadovu ora işə dəvət etdim və həm də şərait yaratdım ki, o talışların yaşadığı yerlərə gedib onların ənənəsini, məişət həyatını, yaşam tərzini və s. etnoqrafik dəyərlərini dərdindən öyrənsin. O, mükəmməl, dünya miqyasına çıxan “Talışlar” adlı monoqrafiya yazıb çap etdirdi. Bunları mən etmişəm talış icması üçün. Burda hamısını saymaq olmur. Mən özüm türkəm, amma heç vaxt talışlara pis münasibət göstərməmişəm. Ümumiyyətlə, tarixən türk hökmdarları, türk əsilli insanlar, ziyalılar həmişə az saylı xalqlara hörmətlə yanaşıb. Bu bizim, Azərbaycan türkünün qanındadır. Mən də onlara böyük hörmət qoymuşam. Hətta universitetin birinci prorektoru vəzifəsinə talış əsilli alimi gətirmişəm.

“Əgər kişilikləri, qeyrətləri, vicdanları varsa, bir dənə cümlə demirəm, ifadə tapsınlar ki...”

-Bəs, sizi nə üçün ittiham edirlər?

-1992-ci ildə bölgədə separatist qrupların meydana çıxdığını görüb bunun qarşısını almaq üçün partiya yaratdım, 1993-cü ildə bu partiyanın fəal iştirakı və əhalinin dəstəyi ilə Əlikram Hümbətovçuları Lənkərandan qovduq. Həmin separatçılar o vaxtdan mənə düşmən kəsiliblər. Onların dediyinə görə, guya mən əsərlərimdə Şaumyan haqqında müsbət fikirlər yazmışam. Ancaq bu, yalandır.

Mən 1917-18-ci illər üzrə tədqiqat aparmışam. 1918-ci ilin aprelindən sonra Şaumyan Bakıda Xalq Komissarları Sovetinin sədri olub. Mənim tədqiqatım əsasən Azərbaycanın qəzalarını əhatə edib. Bakıya aid o qədər də tədqiqat aparmamışam. Bu başqalarının tədqiqat obyekti olub. Amma o məsələlərə də toxunmuşam. O vaxt hünər istəyirdi ki, Şaumyanın adını çəkəsən, ona bir nöqsan yazasan, bolşeviklərin partiya təşkilatının səhvlərindən yazasan, yaxud Bakı Xalq Komissarları Sovetinin səhvlərindən yazasan, Azərbaycan xalqına qarşı qırğınlardan danışasan. Bu, mümkün olan şey deyildi. Amma çox azsaylı şəxslərdən biri olaraq kitablarımda bunları yazmışam. Heç kəs mənim qədər bunu etməyib.

20 Yanvar qırğınından sonra yanvarın 31-də “Bakınski Raboçi” qəzetində çox kəskin bir yazı çap etdirmişəm. Orda da Andranikin, Şaumyanın vaxtilə Azərbaycana qarşı törətdiyi vəhşilikləri, qırğınları göstərmişəm. Bildirmişəm ki, 20 Yanvar Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin davamıdır. Sonda da yazmışam ki, Azərbaycan xalqına qarşı bu qırğınları törədənlər bilməlidilər ki, Azərbaycan xalqı uğrunda şəhid verdiyi milli müstəqillik amalından geri dönməyəcək, yağı düşmənlər Milli Azadlıq Hərəkatının qarşını ala bilməyəcəklər. Azərbaycan xalqı öz istiqlalına nail olacaq. Bunları mən yazmışam.

O vaxt bu yazı çox ağır bir şəraitdə olan xalqda böyük ümid yaratdı. Sonda qeyd etmişdim ki, bu yazıya görə mənə çatacaq qonorarı Şəhidlərin Xatirə Memorialına sərf edilməsini istəyirəm. O vaxt həmin qəzetdə yüksək qonorar verərdilər. Bunlar da deyir ki, guya mənim əsərlərim Şaumyana həsr olunub. Mənim əsərlərim Azərbaycanda kütləvi siyasi təşkilatlara, xalq hərəkatına həsr olunub, əsasən də 1917-ci ildə olan hadisələri əhatə edib. Əgər kişilikləri, qeyrətləri, vicdanları varsa, bir dənə cümlə demirəm, ifadə tapsınlar ki, mən Şaumyanı tərifləmişəm. Belə şey yoxdur, ola da bilməz. Azərbaycanın müstəqilliyini istəyən, bu istiqamətdə yazan adam olmuşam. Odur ki, bu adamlara deyirəm: Sözünüz də saxtadır, əməliniz də Azərbaycan xalqına, Vətənimizə, ölkəmizin ərazi bütövlüyünə qarşı yönəldilmiş bölücülük, separatçılıq hərəkətləridir. Bunu hər kəs bilməli və deməlidir.

“El”dən olanlar Millim Şuraya kabab iyinə gəliblər?

-Sizin bu dedikləriniz Milli Şuranın Rusiya layihəsi olması ehtimalını müəyyən mənada təsdiq edir. Həqiqətənmi belə idi?

-Bunu deyə bilmərəm. Əgər belə olsaydı, mən orda iştirak etməzdim. Mən bilirəm Rusiyanın layihəsi nədir və s. Ola bilsin ki, kimlərsə bunu Rusiyanın layihəsi hesab etdikləri üçün Milli Şuraya gəlib. Amma bütövlükdə Milli Şuranı Rusiyanın layihəsi hesab etmirəm.

Mən əvvəllər də demişəm ki, bəziləri Milli Şuraya kabab iyinə gəliblər. Güman ki, belə adamlar olub. “El”dən gələnlərin içində belələri ola bilər, amma bütövlükdə Milli Şurada olan partiyalar, şəxsiyyətlər, hətta kvota ilə gələnlər belə, Azərbaycana bağlı, avrointeqrasiya tərəfdarı olan insanlar olub, o cümlədən, Müsavatın nümayəndələri. Bu partiya indi Milli Şuradan çıxıb, amma onlar Rusiya layihəsinin yox, avrointeqrasiya tərəfdarı olublar. Dəfələrlə təkid ediblər ki, bizim sənədlərdə bu əksini tapsın. Ona görə buna Rusiya layihəsi kimi yanaşmaq yanlışdır, bu düzgün deyil. Mən bunun əleyhinəyəm.

Avrointeqrasiya müddəasına Rüstəm İbrahimbəyov qarşı çıxıbmış

-Avrointeqrasiya müddəasının sənədə salınmasına kimlər qarşı çıxırdı və burda sizcə məqsəd nə ola bilərdi?

-
Milli Şuranın təsis yığıncağında Eldəniz Quliyev bildirdi ki, gecə yarısı R.İbrahimbəyovla danışıb və o, xahiş edib ki, avrointeqrasiya məsələsi sənədlərə salınmasın və bu məsələ gələcəkdə referendum yolu ilə həll edilsin. Bu fikri irəli sürməkdə məncə Rusiyanı qıcıqlandırmamaq istəyi olub.

“Mən əqidəsini tez-tez dəyişən adamlardan deyiləm”

-Milli Şurada yaranmış vəziyyətə uyğun olaraq istefa vermək kimi bir fikrinizin olması mümkündürmü?

-Mən xaraktercə elə adamam ki, addım atanda düşünüb atıram. Əqidəsini tez-tez dəyişən adamlardan deyiləm. Mən Milli Şuraya daxil olmuşam, nə qədər ki bu qurum düzgün yol tutacaq, Azərbaycanda demokratik dəyişikliklər edilməsi, xalqın güzəranının yaxşılaşdırılması yönündə iş aparacaq burda olacam. Hesab edirəm ki, Milli Şura bu yöndə işini qurub. Koordinasiya Şurasının iclasında da bu yöndə mühüm qərarlar qəbul etdik, Şuranın fəaliyyət istiqamətlərini müəyyənləşdirdik. KŞ üzvlərinə bu işlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verildi. Bundan sonra görəcəksiniz ki, Milli Şuranın fəaliyyəti güclənəcək və onun fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün faydalı olacaq. Biz bunu istəyirik. Milli mənafeyimizə, Azərbaycan dövlətçiliyinə xidmət edən addımlar atmışıq, atacağıq da. Bizim məqsədimiz xalqın həyatını yaxşılaşdırmaqdır. Bu da ancaq demokratik dəyişikliklə ola bilər. Bu yalnız korrupsioner məmurlardan qurtulmaq, hakimiyyəti əsl demokratik və ədalətli seçkilər yolu ilə formalaşdırmaqla ola bilər ki, biz də bunun üçün çalışırıq. Bundan sonra fəaliyyətimizi bu yöndə aparacağıq.

Asif Nərimanlı

P.S: Bundan əvvəl Publika.Az saytında yayılmış Hacıbaba Əzimovun müsahibəsində yer alan “MTN Milli Şura ilə bağlı tədbir görməlidir” ifadəsi və bu ifadənin başlığa çıxarılması (http://publika.az/p/1401) düzgün olmayıb. Müəyyən texniki qüsurlardan və anlaşılmazlıqdan bu ifadə səhvən yayımlanıb. Anlaşılmazlığa görə üzr istəyirik.

P.S.S- Hacıbaba Əzimovun məlum açıqlaması bir çox saytlarda yayımlanmışdı, lakin Publika.Az-a istinad edilməmişdi. Buna görə də, müsahibimizin həmin ifadəni digər həmkarlarımıza da dediyini düşünmüşdük. Lakin özü ilə dəqiqləşdirdəndən sonra məlum oldu ki, müsahibə yalnız Publika.Az-a verilibmiş. Bir çox media orqanı Publika.Az-a istinad etmədən yol verdiyimizi yanlışlığı da yayımlayıb. Burda da istinad mədəniyyəti pozulub

Xəbər lenti

DAHA ÇOX XƏBƏR