• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Əli Kərimliyə dedim Gəncədə atışmadır, rəngi ağardı”

  • Nida.az
  • 10 İyun 2014 10:20
  • 2 998 Baxış
“Əli Kərimliyə dedim Gəncədə atışmadır, rəngi ağardı”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev 1993-cü ilin 4 iyun qiyamı, Avrasiya İqtisadi İttifaqı, NATO ilə münasibətlər və digər mövzularda “Gündəlik Teleqraf” qəzetinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Qüdrət bəy, 4 iyun qiyamının 21-ci ili tamam oldu. Həmin hadisələri necə xatırlayırsınız?
- 4 iyun əslində dövlətçiliyə qarşı qəsd idi, qiyam dövlətin varlığını ciddi təhlükə altına almışdı. Ölkənin şimal və cənubunda etnik separatizm baş qaldırmışdı. Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Bunun əsas səbəbi o idi ki, Elçibəyin liderliyi ilə qurulan milli hökumət müstəqil daxili və xarici siyasət yürüdürdü. Bununla nə Rusiya, nə də İran barışa bilirdi. Avropa isə xristian faktoru və erməni diasporasının güclü olması səbəbindən tələb edirdi ki, Dağlıq Qarabağda atəşi dayandırın və danışıqlara gedin. Bizim hökumət də bunu etmirdi. Ona görə də beynəlxalq dəstəkdən mərhum olmuşduq. Bizə ən yaxın dövlət qardaş Türkiyə idi. Amma təsəvvür edin ki, prezident Süleyman Dəmirəl təkidlə tələb edirdi ki, MDB-yə daxil olun, atəşi dayandırın, danışıqlara gedin. Vəziyyət çox çətin idi. Elçibəy hökuməti isə müharibəni dayandıra bilmirdi. Çünki elektorat xalq hərəkatından gəlmişdi və Dağlıq Qarabağın azad olunmasını tələb edirdi.

İkincisi, Elçibəy hakimiyyətinin iqtisadi gücü yox idi.

Üçüncüsü, ana müxalifətdə olan Etibar Məmmədovun mövqeyi hərbi müxalifətə açıq dəstək oldu. Hətta Elçibəyin prezidentliyə kənarlaşdırılmaası haqda qanun layihəsini parlamentə Etibar Məmmədov təqdim etdi. Layihəni isə Fuad Ağayev hazırlamışdı. Beləcə siyasi müxalifət qiyama dəstək verdi, Etibar Məmmədovun əsas adamlarından olan Şadman Hüseynov Gəncədə oturmuşdu. Hökumətin qətiyyətsiz qərarlar qəbul etməsi, Gəncədə hökumətə tabe olmayan 709-cu hərbi hissəni tərksilah etmək məqsədilə ora göndərilən şəxslərin başda İsa Sadıqov olmaqla qorxaq və cəsarətsizliyi rol oynadı. İsa Sadıqov pis insan deyil, amma hərbçi kimi sıfırdır. O, hərbi hissəni tərksilah etmək əvəzinə Sürət Hüseynovla çay içmişdi. Hərbi hissəni tərksilah etməyə gedəndə çay içmirlər, konkret vaxt qoyub deyirlər ki, silahı qoyub bayıra çıxın. Tabe olmayanda isə fiziki baxımdan ya məhv, ya da həbs edirlər. Hesab edirəm ki, Gəncəyə göndərilən şəxslərin bacarıqsızlığı, qorxaqlığı və səriştəsizliyi bu vəziyyəti yaratdı. Amma əslində bunlar qiyamın baş verməsi üçün köməkçi faktorlar idi.

- Əsas faktorlar hansılar idi?
- Əsas faktor üç nəfərin- İsa Qəmbərin, Pənah Hüseynin və Əli Kərimlinin prezident Elçibəyə etdiyi xəyanət, onu satmaları idi. Bir hadisə xatırlayıram. Həmin vaxt yenicə dövlət katibinin köməkçisi təyin olunmuşdum. Mən 8.45-də işdə olurdum, iş isə 09.00-da başlayırdı. 4 iyun günü mən işə gəldim, az sonra hökumət telefonu ilə Gəncədən zəng edib dedilər ki, şəhərdə atışma gedir. Saat 10-a qalmış Əli Kərimli işə gəlirdi. O, gələndə həmişə məndən soruşurdu ki, nə var, nə yox. Mən də ona dedim ki, Gəncədən zəng ediblər, deyirlər şəhərdə atışma gedir. Onun rəngi ağardı və otağına keçdi. Üstündən 30 dəqiqə keçəndən sonra bayıra çıxıb, mənə heç nə demədən getdi. Həmin dövrdə mobil telefon olmadığından yüksək postda olan şəxslər otaqdan çıxanda hara getdiyini deyirdi. Çünki prezident onu axtara bilərdi. Ancaq 4 iyun günü Əli Kərimli otaqdan çıxanda hara getdiyini demədi. Çox xeyli sonralar, Əbülfəz bəylə Kələkidə söhbət etdik. Məni bir məsələ ciddi narahat edirdi və heç kim mənə düzgün cavab verə bilmirdi. Əbülfəz bəyə sual etdim ki, necə oldu ki, siz Bakını tərk edəndə bu haqda dövlət katibinə heç nə demədiniz. Çünki həmin dövrdə Pənah Hüseyn və İsa Qəmbər istefa vermişdi. Elçibəyin komandasında yüksək səviyyədə olanlardan ancaq dövlət katibi yerində idi. Hətta AXC-nin şöbə müdirlərinin belə Elçibəyin Kələkiyə gedəcəyindən xəbəri olub, amma dövlət katibinin informasiyası olmayıb. Mən bu sualı Əli Kərimliyə də çox ünvanlamışam, indi də ünvanlayıram, amma o bu haqda danışmaq istəmir.

- Elçibəy Bakını tərk edəndə Əli Kərimli harada idi ki?
- Axşam saatlarında Zaqulbada bağına getmişdi. Amma prezidentin paytaxtı tərk edəcəyini dövlət katibinə deməməsi maraqlıdır. Prezident ona bu haqda heç nə deməmişdi.

- Bəs siz 4 iyun günü Əli Kərimlidən hara getdiyini soruşmamışdınız?
- Xeyr. Bu etikadan kənar olardı. Düzdür, bizim şəxsi münasibətlərimiz əla idi, tələbə vaxtından yaxın idik. Amma etik baxımdan köməkçinin dövlət katibindən hara getməsini soruşması doğru deyildi. Özü məsləhət bilsə, deyərdi. Amma sonradan bu suala cavabı ondan deyil, Əbülfəz Elçibəydən aldım.

- Maraqlıdır, Elçibəy nə dedi?
- Əbülfəz bəy dedi ki, həmin gün köməkçisi ona bildirib ki, Naxçıvandan Heydər Əliyev zəng edib və onunla danışmaq istəyir. Bəy dedi ki, Heydər Əliyev mənə bildirdi ki, bəs indicə Pənah Hüseynov mənə zəng etdi və dedi ki, daxili işlər nazirinin otağından danışıram, İsa Qəmbər və Əli Kərimli də burdadır. Gəncədə qiyam baş qaldırıb və hesab edirik ki, qiyamı yatırmaq üçün siz Bakıda olmalı, qiyamın yatırılması prosesinin önündə dayanmalısınız. Heydər Əliyev Pənah Hüseyndən soruşub ki, sizin zənginizdən prezidentin xəbəri varmı? Pənah Hüseyn duruxub, sonra bildirib ki, əgər siz razılıq versəniz, biz Elçibəylə danışarıq. Heydər Əliyev isə deyib ki, sizin komandanın lideri Əbülfəz Elçibəydir, siz onunla danışmadan mənə niyə zəng açmısınız. Sözsüz ki, Heydər Əliyev təcrübəli siyasətçi idi, anlayırdı ki, Pənah Hüseyn onunla söhbətini yanındakılara danışacaq və beləcə razılığa gələnə qədər bir neçə dəqiqə vaxt keçəcək. Odur ki, dərhal Əbülfəz bəyə zəng edərək bu haqda ona deyib. Rəhmətlik Bəy mənə bildirdi ki, Heydər Əliyevdən bu sözləri eşidəndə şoka düşüb. Yəqin xatırlayırsınız, həmin vaxt Pənah Hüseyn qəfildən çıxıb bəyan etdi ki, baş nazir postundan istefa verir. Məgər ölkədə qiyam baş verəndə istefa verərlər? Əvvəl qiyamı yatırarlar, sonra onun nəticəsindən asılı olaraq istefa vermək olar. Məhz o hadisədən sonra Əbülfəz bəy Pənahı yanına dəvət edərək deyib ki, istefa ver. Bu zaman Pənah Hüseyn çalışıb ki, Heydər Əliyevə zəng etmələrini əsaslandırsın. Fikir verin, Elçibəyin komandasının əsas fiqurları olan İsa Qəmbər, Pənah Hüseyn və Əli Kərimli prezidentdən xəbərsiz gedib daxili işlər naziri Abdulla Allahverdiyevin otağında toplaşıblar. Ancaq Bəy demədi ki, onlar kimin təşəbbüsü əsasında ora yığışıb. Mən bu şəxslərin nəyə görə daxili işlər nazirinin otağında toplaşdıqları üçün dəfələrlə suallar vermişəm, amma heç biri buna cavab verməyib. Məncə, məhz bu hadisədən sonra Əbülfəz Elçibəy artıq psixoloji baxımdan sınmış və iqtidar savaşını uduzmuşdu. Onun ən yaxın ətrafı xəyanət etmişdi. Elçibəy ruh, ideya adamı idi. Belə bir insan üçün komandanı yenidən formalaşdırmaq, qiyamı yatırmaq çətindir. Bu cür xəyanətlərə öyrəşən, uzun müddət dövlət həyatında iştirak edən şəxslər bəlkə də, bu mərhələni keçə bilərdi, amma Elçibəy keçə bilmədi.

- Bəs İsa Qəmbər niyə istefa verdi? Axı görünən budur ki, İsa Qəmbər istefa vermək istəmirdi?
- Artıq iyunun 4-də bu savaş uduzulmuşdu. Məhz bundan sonra Bəy Pənah Hüseynova deyib ki, istefaya get, İsa Qəmbərə də deyin istefaya getsin. Amma İsa Qəmbər bir müddət istefa vermədi. Sonra mən Bəyə sual etdim ki, bəs onda niyə dövlət katibini istefaya göndərmədiniz. Elçibəy isə dedi ki, Əli Kərimli onların içərisində ən gənci idi, onu yoldan çıxara bilərdilər. Bəy dedi ki, həmin ərəfədə onu çıxarıb yerinə başqasını qoymağın fərqi yox idi. Əbülfəz Elçibəyin dediyini deyirəm, indi o haqq dünyasındadır, amma göydə Allah var. Bəy dedi ki, telefonu götürdüm, İsa Qəmbərə dedim ki, istefa ver. Bundan sonra İsa Qəmbər istefa verdi. Mən Kələkidən gələndən sonra Əli Kərimliyə dedim ki, 4 iyun günü hara getdiyini indiyə qədər mənə deməmisiniz, amma siz həmin gün Heydər Əliyevə telefon açmısınız. O, bildi ki, Elçibəy bu söhbəti mənə danışıb. Bundan sonra isə dediklərimin doğru olduğunu təsdiqlədi.

- Son günlər sosial şəbəkələrdə belə bir tezis yenidən vurğulanır ki, hamı Əbülfəz Elçibəyi müdafiə edirmiş, amma onun özü şüurlu şəkildə hakimiyyəti təhvil vermək istəyib...
- Məncə, yuxarıda dediklərim bu suala cavabdır.

- Amma daha bir nüans odur ki, qiyam zamanı Bakıdan Gəncəyə xüsusi təyinatlılar göndərilib və onlara qiyamçı polkovniki məhv etmək tapşırığı verilib. Onlar Gəncədə post qurublar, lakin Surət Hüseynov evindən çıxaraq asanlıqla bu postu keçib və 709 nömrəli hərbi hissəyə daxil olub...
- Gəncəyə göndərilən şəxslər- Qabil Məmmədov, Tahir Məmmədov və digərləri parta arxasınca təzəcə durmuşdular, gənc uşaqlar idi, onların heç bir təcrübəsi yox idi. Nə hüquq mühafizə orqanlarında, nə də siyasi təcrübələr yox idi. Eləcə də Fəhmin Hacıyevin səriştəsi yox idi. Orada önəmli rolu qorxaqlıq, təcrübəsizlik, səriştəsizlik oynamışdı. Daha sonra AXC-nin batalyonları Nəvai istiqamətinə getdi. Onlar da silahlarını ataraq 60 nəfərin qarşısından qaçdılar. Mən həmin dövrün “qəhrəman”larının adını çəkmirəm, bunu siz özünüz də bilirsiniz. Bəziləri qorxaqlığına, bəziləri cəsarətsizliyinə görə uzun illər həbsdə yatdılar. Amma nə xalq onları bağışlayır, nə də ilahi təqdir. İndi də fikirlər yayırlar ki, guya Elçibəy özü əvvəlcədən Heydər Əliyevi gətirmək istəyirmiş. Amma bunların hamısı cəfəngiyatdır.

- Axı Elçibəy deyirdi ki, Heydər Əliyevi mən dəvət etdim...
- Mən bir dəfə Əbülfəz bəydən soruşdum ki, Heydər Əliyevi bura dəvət etmədən Naxçıvana nədən getmədiniz. O zaman Naxçıvanda Heydər Əliyev Sizi prezident kimi qəbul edəcəkdi. Siz birlikdə Bakıdakı qanunsuz hakimiyyəti tutacaq şəxslərə mübarizə apara bilərdiniz. Bəy dedi ki, prezident statusu daşımasına baxmayaraq uduzduğunu artıq görürmüş. Narahat imiş ki, hakimiyyətə Rəhim Qazıyev, Surət, sonra Mütəllibov gələr. Beləcə ölkə viran qalacaq. Azərbaycan bəlkə də parçalanacaq. Həmin dövrdə bu dövləti idarə edəcək bir adam var idi- Heydər Əliyev...

- Belədə, Elçibəy Kələkiyə niyə istefa verib getmədi?
- Bunu mən də soruşmuşdum ondan. Əbülfəz bəy cavabında bildirdi ki, hər bir dövlətin, xalqın və siyasi təşkilatın taleyi olur. Bu da cəbhəçilərin taleyi idi ki, öz mərhumiyyətləri ilə Azərbaycanı qorusunlar. Əlavə etdi ki, mənim prezidentlikdən istefa verməməyim Heydər Əliyevi İranın, Rusiyanın və Avropanın təzyiqlərindən qorudu. Bildirdi ki, mən qanuni prezident olduğumu bəyan etdiyim üçün Heydər Əliyevdən çox şey tələb edə bilmirdilər.

- Demək istefa verməməklə də Əbülfəz Elçibəy Heydər Əliyevi müdafiə edirmiş?
- Söhbət Azərbaycanın müstəqil dövlət kmi qorunub saxlanılmasından gedir.

- Bəs necə oldu ki, Heydər Əliyev qiyamçılara qlib gəldi, amma Elçibəy yox?
- Heydər Əliyevin partiyası onun şəxsiyyəti ətrafında yaranmışdı. Heydər Əliyev partiyada istənilən adamı istənilər yerə qoya bilirdi. AXC isə Azadlıq meydanında formalaşmışdı. Orada üzdə olanlar yığılıb qərara gəlmişdilər ki, AXC-ni təsis etsinlər. Bəyi də AXC İdarə Heyətinin sədri seçmişdilər. İkincisi, biz hakimiyyətə demokratiya, çoxpartiyalı sistemin inkişafı şüarı ilə gəlmişdik. Hər kəs gedib özünə bir partiya yaratdı. Əslində bu kökündən yanlış bir addım idi. Siz baxın, AXC İdarə Heyətinin üzvlərinin bir-ikisindən başqa hamısı partiya yaratdı. Həm də siyasi maarifçiliyin aşağı olması da ciddi faktor oldu. Həmin vaxt Daxili Qoşunların komandan Fəhmin Hacıyev idi. Özü pis insan deyildi, amma qaçıb gizlənmişdi. Təsəvvür edin ki, Əli Kərimli dövlət katibi idi, amma onu tapmırdı. Mən keçmiş müstəntiq təcrübəmdən istifadə edib köməkçisinə zəng edib dedim ki, Fəhmin bəyə təcili xüsusi dövlət sirri çatdırmalıyam. Beş dəqiqədən sonra köməkçisi Fəhmin Hacıyevi birləşdirdi, mən də dedim ki, utanmırsan, qaçıb gizlənmisən? Dövlət katibi səni axtarır, amma tapa bilmir. Cəbhənin həmin dövrdə öndə olan şəxsləri öz sahələrində intellektləri ilə seçilməyən insanlar idi, cəmi bir-ikisi fərqlənmə diplomu ilə universitet bitirmişdi. Onların çoxunda mövhumat var idi. Bu hadisələrdən qabaq Fəhmin Hacıyevin yanına bir falçı göndəriblər, o da deyib ki, bəs sənə qaranlıq görünür, əgər bu qaranlığa girməsən, general poqonları taxacaqsan. Gəncədə qiyam baş verəndən sonra Fəhmin elə bilib ki, qaranlıq budur, düşünüb ki, bu qaranlığa girməsə general olacaq...

- Sən demə qaranlıq həbs imiş...
- Bunlar gülməli görünə bilər. Amma nəzərə alın ki, rəqiblər AXC hakimiyyətinə qarşı həm də bundan da istifadə etmişdilər. Savadsızlıq, mövhumat, naşılıq, təcrübənin olmaması, eləcə də daxili və xarici siyasətdə buraxılan səhvlər bu nəticəni yaratdı.

- Ərəstun Oruclu qiyamla bağlı yazısında bildirir ki, həmin ərəfədə ABŞ da Əbülfəz Elçibəyin iqtidarda qalmasında maraqlı deyildi...
- Ərəstun bəy həmin ərəfədə Az.Tv-də senzor idi və proseslərin içində deyildi. Onun geniş informasiyası ola bilməzdi. Amma sizə deyim ki, həmin dövrdə ABŞ 907-ci düzəlişi qəbul etdi. Ankaranı da məcbur etdi ki, konfliktə müdaxilə etməsin, Ermənistana taxıl yardımı göndərsin. Elçibəy ürək ağrısı ilə deyirdi ki, Kəlbəcərin işğalı günü Süleyman Dəmirəldən iki mülki vertolyot istədim, vermədi. Dəmirəl tələb edirdi ki, atəşi dayandırın və MDB-yə daxil olun.

- MDB-dən söz düşmüşkən, Avrasiya İqtisadi İttifaqı təsis olundu, onun genişləndirilməsi ehtimalı var. Avropa mediası yazır ki, ittifaqın özü təhlükəli olmasa da, ideologiyası təhlükəlidir. Siz bu haqda nə düşünürsünüz?
- Hesab etmirəm ki, bu qorxulu ittifaq və ya ideologiyadır. Lukaşenko oturmuşdu Poraşenkonun inaqurasiya mərasimində. Bəyanatda verdi ki, Krım Ukraynaya qaytarılmalı, separatçılar məhv edilməlidir. Necə ki, Putin bunu Çeçenistanda etdi. Qroznıda nümunə üçün bir yaşayış binası qalmadı, şəhəri gecə-gündüz bombaladılar. Amma indi Şərqi Ukraynada bir adam öləndə Rusiya bəyan edir ki, adamları öldürürlər. Kim əlinə qanunsuz silah alıb dövlətə qarşı çıxırsa, məhv edilməlidir. Bizim gücümüz çatmadığı üçün Qarabağda bunu edə bilmədik. Rusiyanın isə gücü çatır və bunu Çeçenistanda tətbiq elədi. İndi Ukraynanın da gücü çatmır. Amma bütün bunlara baxmayaraq dövlət bütövlüyünü qorumalıdır. Mən hesab edirəm ki, Avrasiya İqtisadi İttifaqı məsələsində Rusiya ilə danışmalıyıq. Burada iki məqam var. Birinci məqam oddur ki, Rusiya ilə dil tapırıq, güzəştlərə gedirik. Ermənistanla danışıqların heç bir mənası yoxdur. Biz Ermənistanın ürəyindən keçən güzəştlərə razı olsaq da, Rusiya imkan verməyəcək ki, problem həll edilsin. Biz işğalçı dövlətlə danışıq aparmalıyıq. İndi bu fikirlərimə görə məni tənqid edənlərdən birindən soruşun ki, bizim torpaqları Ermənistan Rusiyanın köməkliyi ilə işğal edib, siz bunu deyirsinizmi? Cəsarətin çatırmı ki, məhz işğalçı tərəf kimi Rusiya ilə danışıqlar aparmağı təklif edəsən? Buna cəsarətləri çatmayanlar məni necə ruspərəst adlandıra bilər?

İkinci variant budur ki, biz Avrasiya İqtisadi İttifaqına girmirik, xalqı müharibəyə hazırlayırıq, peşəkar ordu qururuq. Bu məsələdə oturub hesablamaq lazımdır, Rusiya Ermənistana hərbi, Qərb isə iqtisadi və mənəvi dəstək verəcək. Biz bunun qarşısında dura bilərikmi? Mən deyirəm ki, ikinci variant riskli olduğundan, gəlin birinci varianta əl ataq. Azərbaycan Avrasiya və Gömrük İttifaqının üzvü ola bilər, amma bundan öncə Dağlıq Qarabağ və ətrafındakı 7 rayon məsələsi həll olunmalıdır.

- Sizə elə gəlmirmi ki, bəzi siyasətçilər sizi bu mövqeyinizə görə, beşinci kolonun nümayəndəsi hesab edirlər? Sizi Rus qoşunlarını Azərbaycana dəvət etməkdə suçlayırlar...

- Bəziləri özünü axmaq yerinə qoyaraq bildirir ki, guya mən deyirəm ki, rus qoşunları Azərbaycana gəlsin. Axı mən məsələni bu cür qoymuram və mənim mövqeyimə bu dərəcədə qərəzli yanaşmaq doğru deyil. Əgər Rusiya bizim istədiyimizi etməyəcəksə,yəni Qarabağı qaytarmayacaqsa, biz də bu ittifaqlara daxil olmayacağıq. Mən hesab edirəm ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır. ABŞ, Avropa Birliyi istəyir ki, Rusiya Qarabağı alıb Ermənistana birləşdirsin və Azərbaycanla Rusiya əbədi düşmən olsun. Bu halda bizim qərbdən yapışmaqdan savayı yolumuz qalmır.

- İndi Ukraynada baş verən proseslər kimi?
- Bəli. Bu hamının gözü önündə baş verdi. İstəsəydilər Krımı Ukraynanın tərkibində saxlayardılar. Birinci gündən Vaşinqton və London desəydi ki, biz Ukraynanın müstəqilliyinə qarantıq və onu müdafiə edəcəyik, Rusiya indiki kimi etməzdi. Amma onlar dedilər ki, hərbi dəstəkdən söhbət gedə bilməz, əgər müharibə baş versə, Rusiyaya sanksiya tətbiq edəcəyik. Bu məqsədli formada Moskvaya demək idi ki, get Krımı götür. İndi də Şərqi Ukraynada baş verənlərlə bağlı deyirlər ki, biz sanksiya tətbiq edəcəyik. İki slavyan xalqını düşmən etdilər, indi ruslarla ukraynalıların barışması üçün 100 il vaxt lazımdır. Mən bir praqmatik bir siyasətçi kimi hesab edirəm ki, siyasət mümkün olanı həyata keçirməkdir. Mən bu gün istəyirəm ki, Türk Dövlətləri Birliyi yaransın, vahid valyuta olsun. Amma indi bu real deyil. Yəni hər şey bizim istəməyimizdən asılı deyil. Sizə bir məqamı deyim, Ermənistandır yeganə dövlətdir ki, Ukraynanın ərazi bütövlüyünə səs verməyib. NATO PA-da təklif etdim ki, Ermənistanın bu mövqeyi pislənilsin və bu ölkəyə də sanksiyalar tətbiq olunsun. Bildirdim ki, Rusiya nümayəndəsini bura dəvət etməmisiniz, bəs Ermənistan nümayəndəsini dəvət etmisiniz? Mən 9 ildir ki, NATO Parlament Assambleyasının işində iştirak edirəm. Bu müddətdə nə Ukrayna, nə Gürcüstan, nə də Moldova nümayəndələri bizi dəstəkləyib. Əgər bu ölkələr 2 milyonluq Ermənistanla münasibətlərinə xələl gəlməməsi üçün bizi müdafiə etmirsə, biz nədən başqalarını müdafiə etməliyik? İndi mən üzümü bizim “vətənpərvər” siyasətçilərimizə tutub deyirəm ki, siz nə qədər dar düşüncəli adamlarsınız ki, deyirsiniz Ukraynaya görə Rusiya ilə düşmən olaq.

- Bəlkə NATO-nun tədbirlərinə getmirlər ona görə...
- Ona görə də mən demişdim ki, Biləcəridən o yana keçməyənlər mühakimə yürüdürlər.

Nemət Hüseynli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR