Müxalifətin “yay yuxusu”: kim yatmış, kim oyaq?
Bizi izləyin

Nida.az

Müxalifətin “yay yuxusu”: kim yatmış, kim oyaq?

Müxalifətin “yay yuxusu”: kim yatmış, kim oyaq?

Yay gəldi, istilər düşdü, hər kəs daldalanmağa kölgə axtarır. Adətən, siyasi fəallığın aşağı düşdüyü bu fəsildə müxalifətin də fəaliyyəti gözə dəymir. Amma müxalifətin “yay yuxusu” lap əvvəldən başlayana daha çox bənzəyir. Ötən il seçkilərdən sonra, demək olar ki, bu düşərgə kölgəyə daldalanıb, ordan çıxana da heç oxşamır. Bu baxımdan ortaya sual çıxır: müxalifətin yuxusu fəsillə bağlıdır, yoxsa...?

Publika.az siyasilərlə müxalif düşərgənin “yuxusunu yozub”.


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, müxalifətin passivliyi indiki məqamda lazımlıdır. Onun sözlərinə görə, aktivlik və passivlik milli maraqlara xidmət edən zaman edilməlidir: “Yoxsa milli maraqlara xeyir də olsa, ziyan da olsa, aktivlik göstərmək doğru deyil. Dünyanın diqqəti Ukraynadadır. Buna paralel olaraq Azərbaycanda baş verə biləcək hadisələrə dünya ictimaiyyəti adekvat reaksiya verməyəcək. O baxımdan, Azərbaycanın sakitliyə ehtiyacı var. Çünki Rusiya Ukraynadakı siyasətinə legitimlik qazandırmaq üçün kənar ölkələrdə provokasiyalar planlaşdırır. Bu, nəzəri cəhətdən belə də olmalıdır. Misal üçün, Azərbaycanda vətəndaşların hüquqları ilə bağlı hansısa mitinq keçirilə bilər, amma Rusiya o mitinqdə elə təxribat edər ki, dünya ictimaiyyəti onun Ukraynada etdiklərinə haqq qazandırmalı olar”.

S. Cəlaloğlu onu da qeyd edib ki, müxalifətin uzun müddət yanlış olaraq apardığı siyasət nəticəsində belə fikir formalaşıb ki, siyasi aktivlik yalnız küçələrə çıxmaq, mitinq etmək, döyülmək, söyülmək, həbs olunmaqdır. “Halbuki aktivlik bu deyil. Biz ölkədə və dünyada gedən siyasi proseslərə qiymət verir, hakimiyyət üzərində ictimai nəzarəti yerinə yetirir, xalqı maarifləndiririk. Təbii ki, bacardığımız qədər. Çünki bizim üzümüzə telekanallar bağlanıb, yalnız qəzet və saytlar vasitəsilə, şəxsi ünsiyyətlə fikirlərimizi çatdırırıq. O başqa məsələ ki, dünya dağılır, müxalifət səsini çıxartmır. Amma ümumilikdə piket, mitinq aktivlik göstəricisi hesab oluna bilməz. Gərək kimlərsə küçələrə çıxa, təxribat ola?!”– deyə o bildirib.

Partiya sədri qeyd edib ki, siyasi partiyaların nizamnamələri işləyir, rəhbər orqanları toplaşırsa, deməli fəaliyyət də var.

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə müxalifətin yatmasını belə qiymətləndirib: “Qoy sakit olsunlar, həyatlarında, heç olmasa, bir kitab oxusunlar. Çünki onlar 1988-ci ildə meydana necə gəlmişdilərsə, o səviyyədə də qalıblar. İnkişaf etmirlər, öz üzərlərində işləmirlər, savadları artmır. Siyasi mübarizədən danışarkən bir dənə mitinq yadlarına düşür, başqa şey bilmirlər. Deyəndəki ortaya proqram qoy, deyirlər hakimiyyətə gələrik, görərsiniz”.

A. Əlizadə müxalifəti savadsızlıqda da ittiham edib.

“Müxalifət olan Rəsul Quliyev potensiala potensiya deyir. Bu da onların savadı”– deyə o bildirib.

Vətəndaş və İnkişaf Partiyasının sədri (VHP) Əli Əliyev hesab edir ki, müxalifətin passivliyi ölkədəki vəziyyətlə bağlıdır. Onun fikrincə, müəyyən məhdudiyyətlər də burda əsas səbəblər sırasındadır: “Həmçinin seçki aralıqlarında bu cür passivliklər ola bilər. Adətən, güclü, böyük ölkələrin müxalifətləri də güclü olur. Amma bu, Azərbaycanda bir qədər fərqlidir. Bizdə siyasi institutlar zəifdir və fikrimcə, bu fəxr ediləsi məsələ deyil. Mən müxalifətin passivliyində müəyyən qədər iqtidarın da günahı olduğunu düşünürəm”.

Müsavat başqanının müşaviri Səxavət Əlisoy isə müxalifətin məzuniyyətə çıxdığını düşünür. Onun sözlərinə görə, mübarizə taktikasının yanlış olduğunu etiraf etmək lazımdır: “Amma biz bunu etiraf etmirik. Sanki bunu desək tufan qopacaq, cəmiyyətin gözündən düşəcəyik. Onsuz da bəzilərinin hikkəsi, təkəbbürü sayəsində gündən-günə gözdən düşməkdəyik. Deyəndə ki, bəzi müxalifət liderləri depressiyaya məruz qalıb, ağız büzənlər olur. 3-4 kəsin parlament mandatı qazanmasından yana səfərbər olmaq əsla müxalifətçilik deyil, bunun adı nədir, hər kəs yaxşı bilir. Dəyişmək zamanıdır, cənablar. Populizmə biryolluq son qoyulmalı, reallığa söykənən mübarizə taktikası seçilməli, başın deyil, başların qəbul etdiyi qərarlar verilməlidir”.
S. Əlisoy hesab edir ki, müxalifət ya yeni bir keyfiyyət ortaya qoymalı, ya da məzuniyyətdə qalmağa davam etməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm