Siyavuş Novruzov: ”İstiqlalçı deputatlar təqaüd davası edir”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: ”İstiqlalçı deputatlar təqaüd davası edir”

Siyavuş Novruzov:”İstiqlalçı deputatlar təqaüd davası edir”

Hakim yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun ittihamlarına cavab verib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, indi Hacıbaba Əzimov gündəmdə qalmaq üçün gündə bir söz deyir:

“Durub deməyəcək ki, mənim əsas məqsədim pensiya davasıdır? Azərbaycanın müstəqillik aktına o vaxtı olan 350 deputatın hamısı səs verib. Yəni, Azərbaycanın Müstəqillik Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunub və buna da hamı səs verib. Sadəcə olaraq, burada söhbət ondan gedir ki, SSRİ dağıldıqdan sonra İttifaq Müqaviləsi var idi. O vaxt bu ittifaqa daxil olub-olmamaqla bağlı referendum keçirilmişdi. O vaxt bu referendum yalnız Naxçıvan Muxtar Respublikasında (MR) keçirilmədi. Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olduğu üçün bu referendumun keçirilməsinə imkan vermədi. Ancaq bu adamlar isə vaxtilə referendumun keçirilməsinin lehinə və əleyhinə səs veriblər. İndi də özlərini istiqlalçı deputat hesab edirlər. Bu doğru deyil? Digər tərəfdən isə bu adamlar 1990-cı ildə seçiliblər. O vaxtı isə Azərbaycan müstəqil dövlət deyildi, Sovetlər Birliyinin tərkibində idi. Hər kəs yaxşı bilir ki, seçkilər necə saxta keçirilirdi. Sovetlər Birliyi dövründə seçkilər zamanı əvvəlcədən siyahı tutulurdu, rayonların raykomları və digər şəxslər də siyahı ilə seçilirdi. Yəni hər hansı demokratik və ədalətli seçki yox idi. Müxalifətdən seçilmiş deputatlar da Ayaz Mütəllibovun siyahısı ilə seçilib. İstər İsa Qəmbər, istərsə də digərləri o vaxtı Ayaz Mütəllibovun təqdim etdiyi siyahı ilə seçilib. Sual olunur, necə oldu ki, Xəlil Rza Ulutürk, Ziya Bünyadov, digər bu kimi adamlar seçilmədi, ancaq bu adamlar seçildi? Məlumdur ki, bu adamlar Ayaz Mütəllibovun siyahısı ilə seçiliblər”.

S.Novruzov qeyd edib ki, indi bu adamlar pensiya məsələsi ilə bağlı fikir bildirirlərsə, o zaman müvafiq instansiyalara da müraciət edə bilərlər:

“Pensiya məsələsi də “Deputatların statusu haqqında” qanunla müəyyənləşir. Qanunda da göstərilib ki, bu qanun 1995-ci ildə Azərbaycanın Konstitusiyası qəbul edildikdən və azad-ədalətli seçkilər şamil edildikdən sonra seçilmiş deputatlara şamil olunur. Bu da iki vuraq iki kimi başa düşüləndir. Axı indi bunlar nəyi müzakirə etmək istəyirlər?”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm