Polşada məkrli erməni təbliğatı ifşa edildi
Bizi izləyin

Nida.az

Polşada məkrli erməni təbliğatı ifşa edildi

"Lehahayer" dərgisinin redaksiyasının, Polşa Bacarıqlar Akademiyasının nəzdində fəaliyyət göstərən Şərqi Avropa Komissiyasının, Polşa ermənilərinin Varşava Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Krakov şəhərində "Sumqayıt və Xocalı" mövzusunda konfrans

"Lehahayer" dərgisinin redaksiyasının, Polşa Bacarıqlar Akademiyasının nəzdində fəaliyyət göstərən Şərqi Avropa Komissiyasının, Polşa ermənilərinin Varşava Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Krakov şəhərində "Sumqayıt və Xocalı" mövzusunda konfrans adlandırılan və konfransla heç bir əlaqəsi olmayan tədbir keçirilib.

Azərbaycan Polşadakı səfirliyindən verilən məlumata görə, təşkilatçılar Ermənistan və Azərbaycan səfirliklərinin konfransa dəvət olunmayacaqları barədə tərəflərə bildiriş göndəriblər. Konfransda Polşada fəaliyyət göstərən Azərbaycan və Ermənistan icmalarının nümayəndələrinin, müstəqil ekspertlərin iştirakı azad elan edilib.

Tədbirdə mövzu ilə bağlı erməni əsilli, Polşada erməni və polyak dillərində nəşr olunan rüblük "Avedis" qəzetinin redaktoru Armen Artvixt çıxış edib. Çıxışında əsasən Azərbaycan və Ermənistan KİV-dən əldə etdiyi məlumatları səsləndirməklə özünü obyektiv şəxs kimi qələmə vermək istəyən A.Artvixt bildirib ki, Sumqayıtda ermənilərə qarşı "soyqırımı" həyata keçirilib və nəticədə 32 nəfər qətlə yetirilib. O, Sumqayıt hadisələrinə başçılıq edən erməni əsilli Eduard Qriqoryanın erməni deyil, onun atasının erməni, anasının isə rus olduğunu vurğulayıb. A.Artvixt E.Qriqoryanın erməni kimi qələmə verilməsinin düzgün olmadığını söyləyib. O, erməni təbliğatının növbəti uydurmasına rəğmən bunu belə izah edib ki, E.Qriqoryan atasını hələ uşaq olarkən itirmiş və anası tərəfindən tərbiyə olunmuşdu. Xocalı faciəsinə ötəri toxunan A.Artvixt, faciə nəticəsində 613 nəfərin qətlə yetirildiyini söyləyib.

Onun çıxışından sonra diskussiyalar aparılıb. Diskussiyalarda iştirak edən, əsasən erməni təşkilatları ilə əlaqədə və ya üzvü olan şəxslər son zamanlar Polşada Azərbaycanın geniş şəkildə təbliğ olunmasından açıq-aşkar narahat olduqlarını vurğulayıblar. Bu xüsusda onlar Azərbaycan səfirliyi tərəfindən müxtəlif sahələri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əhatə edən çoxlu sayda kitab və dərgilərin nəşr edilməsinə işarə edərək, Varşavanın bir çox kitabxanalarında, ali təhsil ocaqlarında həmin materiallara rast gəldiklərini söyləyiblər.

Konfransda iştirak edən azərbaycanlı tələbələrdən Aybəniz Alıyevə A.Artvixtə və konfransda iştirak edən Qlivitsada Müqəddəs Üçlük kilsəsinin cənubi erməni-katolik parafiyasının keşişi Tadeuş İsakoviç-Zalevskiyə müraciət edib: "Sumqayıtda erməni millətçiləri tərəfindən qətlə yetirilmiş 26 nəfər erməninin ölümünü "soyqırımı" adlandırırsınız. Xocalıda 613 nəfər günahsız, azərbaycanlı qadın, körpə, qocanın xüsusi qəddarlıqla ermənilər tərəfindən qətlə yetirilməsinə isə ötəri toxunursunuz. Sizin bu cinayət haqqında şəxsi fikriniz nədir? Bəs bu azərbaycanlılara qarşı soyqırımı deyilmi?"

Onlar müxtəlif vasitələrlə qoyulmuş suala cavabdan yayınıblar.

Azərbaycanlı tələbə konfransın təşkilatçılarından olan Polşa ermənilərinin Varşava Mədəniyyət Mərkəzinin təmsilçisi Göhər Xaçatryana xitabən, həmin təşkilatın xalqlar arasında müxtəlif, o cümlədən millətlərarası və dini zəmində ədavətin qızışdırılması sahəsində fəaliyyətinə dair ifşaedici faktlar səsləndirib. Maraqlısı odur ki, tələbələrimiz tərəfindən səsləndirilən fikirlərə təşkilatçılar tərəfindən onları qane edəcək dərəcədə cavab verilməyib.

Xocalı və Sumqayıt hadisələri ilə bağlı Varşavada fəaliyyət göstərən "Azərbaycan Mədəniyyət Mərkəzi" cəmiyyəti tərəfindən nəşr olunmuş açıqcalar tədbir iştirakçılarına paylanıb. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm