Fazil Mustafa: “Allahın adıyla baş kəsənlərin sayı artır”
Bizi izləyin

Nida.az

Fazil Mustafa: “Allahın adıyla baş kəsənlərin sayı artır”

Fazil Mustafa: “Allahın adıyla baş kəsənlərin sayı artır”

“İŞİD adı ilə tanınan İraq Şam İslam Dövləti militanlarının Mosulu ələ keçirməsi və Türkiyə konsulluğunu tam tərkibdə girov götürməsi gözlənildiyi kimi dünyanı ciddi həyəcanlandırmağa başlayıb. Mosuldan və ətraf bölgələrdən böyük bir köç axını başlamış, müdafiəsiz qalmış xalq həyatlarını riskə ataraq başıpozuq şəkildə İraq çöllərinə yayılmaqdadır”.

Publika.az xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa “facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, hamını maraqlandıran əsas sual ABŞ-ın Səddam sonrası bu ölkədə yaratdığı boşluğun artıq elə də böyük olmayan terrorçu qrup tərəfindən niyə və necə doldurulmasıdır: “İllərdir təchizat üstünə təchizat qoyulan İraq ordusunun ideyasız və əqidəsiz korrupsiyalaşmış birlikləri silahlarını ataraq geri çəkilmiş oldular. Demək ki, ABŞ-ın Əfqanıstanda, Pakistanda siyasətinin iflası, ardından Suriya iflası, və nəhayət, İraqda belə asanlıqla bir terrorçu qrupun iri şəhərləri bir-bir ələ keçirməsi bizi də hamı kimi narahat etməlidir. Qulaqlarını ABŞ-dakı Azərbaycan barədə dinləməyə şəkləyən hər kəs üçün bir daha nəyə və kimə güvənmək sualına cavab tapmaq günün ən təxirəsalınmaz məsələsi olmalıdır. Əməllər niyyətə görədir, deyərlər. ABŞ hara ki demokratiya və azadlıq niyyəti ilə girməyibsə, orada ilər uzunu faciələr yaşanıb.

İndi də Ukraynadan yavaş-yavaş başı ayılan Rusiya Avrasiya İttifaqı ilə qamçısının ucunda Azərbaycana da piroq göstərir. İran, Azərbaycanın Rusiya zolağına girməsini öz təhlükəsizliyi üçün əsas şərtlərdən biri sayır. Türkiyə də Rusiya ilə özünün qarışmağa məcbur olacağı bir problem çıxarmamızı istəyir. Ermənistan onunla birlikdə nəzarət altında tutula biləcəyimiz Rusiyanın tərkibində bizi görmək istəyir. Bircə ABŞ nə istəyir, bunun cavabı artıq aydınlaşmağa başlayır. Pakistandan istədiyini istəyir. Əfqanıstandan istədiyini istəyir. Ən son nümunə kimi, İraqdan istədiyindən fərqli bir şey istəmir”.

F. Mustafa qeyd edib ki, İraq əslində Səddam zamanında da faktiki dövlət deyildi, tarixi dövlət idi. Onun sözlərinə görə, Səddam sonrası dövrdə ilk öncə şiə-kürd ittifaqı üzərində ABŞ silahının gücünə formal bir hakimiyyət quruldu.

“Son düşünülmüş addım isə uzun illərdir yetişdirildi, hazırlandı və atıldı. İraqdan üç dövlət çıxarma siyasəti uğurla yekuna doğru gedir. Şiələrin, Kürdlərin və Sünnilərin dövləti. Həm də İsraili rahatladacaq qədər hər zaman bir-biri ilə savaş içində olacaq, zəifləyəcək üç dövlət. Buraya xaos içində olan Suriyanı da əlavə edərsək, bölgənin Amerika ağırlıqlı gələcəyinin nədən ibarət olduğunu anlamaq mümkündür.

Sələfi görüşlərinə sahib olduğu iddia edilən İŞİD təqribən Suriyada 10 min, İraqda 4 min adam civarında hesablanır və sayları bir aşirət sayını keçməz. Demək ki, bölgədə olan dövlətlərin gücləri ilə baş edəcək səviyyədə deyildir. Lakin bu qədər küstahcasına Türkiyə kimi bir dövlətin konsulluğuna hücum edib, diplomatları girov götürməsi bütün hallarda təlimatın daha ciddi güclərdən gəldiyindən xəbər verir. Bu təşkilat Surayada Əsadla da amansız döyüşləri girmişdi, sinradan müəmmalı şəkildə sükunətə üstünlük verdi və savaşı ayrı-ayrı dirənişçi qruplara və İraqın Maliki liderliyindəki şiə hakimiyyətini devirməyə yönəltdi. Eyni Talibanın vaxtilə Əfqanıstanda hakimiyyətə gəldiyi zamanlardakı davranışları təkrarlayırlar. Bu çoxbaşlı oyunun əsas hədəfində Türkiyə olduğu da aşkardır. Ancaq bundan da böyük hədəf İslam dinidir. Artıq İslamın gözəlliklərinin alternativi olaraq ayrıca təbliğata gərək qalmır. Qan tökməkdən həzz alan terrorçu obrazı ildən-ilə öz populyarlığını artırmağa davam edir. Hamının da yeganə səbəbi təhsilsizlikdir, savadsız kütlələrin çoxluğudur”,– deyə millət vəkili bildirib.

F. Mustafa hesab edir ki, təhsilsizlik, savadsızlıq artdıqca İslam qiyafəsində oğruların, dələduzların, saxtakarların, hacı-kərbəla-məşhəd turistlərinin dinçiliyinin və ən sonda da Allahın adıyla insan başı kəsənlərin sayı daha da artır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm