• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Oqtay Əsədov türkiyəli həmkarı ilə görüşdü

  • Nida.az
  • 12 İyun 2014 19:18
  • 1 085 Baxış
Oqtay Əsədov türkiyəli həmkarı ilə görüşdü

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, O.Əsədov qonaqları səmimi salamlayaraq deyib: "Bu gün bizlərin bir araya gəlməsinin səbəbi TürkPA-nın 5-ci plenar iclasında iştirakdır. Əminəm ki, sessiya işini uğurla başa vuracaq. TürkPA-nın dünyadakı nüfuzu günbəgün artır. Buna birgə səylər nəticəsində nail olmuşuq. Təşkilat çərçivəsində görülən işlər türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir".

Spiker qurumun təsis edilməsində və səmərəli fəaliyyətində dövlət başçılarının iradəsinin mühüm rol oynadığını vurğulayaraq, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının bu yaxınlarda Bodrumda keçirilmiş iclasının nəticələrini yüksək dəyərləndirib. Qeyd edilib ki, Azərbaycan-Türkiyə münasibətləri dünyada analoqu olmayan münasibətlər olmaqla yanaşı, həm də türk dünyasının daha sıx inteqrasiyası üçün bir növ özül rolu oynayır. Bu gün Azərbaycanla Türkiyə həyatın bütün sahələrində əməkdaşlıq edir. İndiyədək dövlətlərimiz arasında 190-na yaxın sənəd imzalanıb, daha 15-i isə baxılmaq üzrədir.

İqtisadi əlaqələrdən söhbət açan sədr ticarət dövriyyəsinin həcmini daha da artırmaq üçün geniş imkanlar olduğunu söyləyib. Bildirilib ki, ölkələrimizin iqtisadiyyatına qarşılıqlı investisiyalar qoyulur: "Azərbaycanın Türkiyədə investisiya yatırımının həcmi 4,5 milyard ABŞ dolları civarındadır. Gələcəkdə bu göstəricinin 20 milyarda çatdırılması nəzərdə tutulur. Birgə həyata keçirdiyimiz transmilli enerji, nəqliyyat layihələri nəinki bölgənin, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olmasında mühüm rol oynayır".

Görüşdə dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin roluna diqqət çəkən O.Əsədov bu baxımdan deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyən spiker beynəlxalq təşkilatlarda prinsipial məsələlərdə deputatlarımızın eyni mövqedən çıxış etməsini digər ölkələr üçün qibtə doğuracaq nümunə kimi dəyərləndirib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin sədri C.Çiçək parlament nümayəndə heyətlərinin mütəmadi görüşlərini təqdirəlayiq hesab edib. O, Türkiyə tərəfinin TürkPA-ya sədrliyi dönəmində görülən işlərdən söz açaraq, qurumun türk dünyası üçün böyük əhəmiyyət daşıdığını ifadə edib.

Milli Məclisin sədri O.Əsədova təşkilata sədrliyi qəbul edən tərəf kimi gələcək fəaliyyətində uğurlar arzulayan C.Çiçək Türkiyə ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu xüsusi vurğulayaraq, əməkdaşlığımızın gələcəkdə daha da dərinləşməsi üçün parlamentarilərin üzərinə də böyük vəzifə düşdüyünü söyləyib.

Qəbulda TürkPA-nın fəaliyyəti, türk dövlətləri arasında inteqrasiya prosesləri, parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlardan Ülvi Quliyev, Sədaqət Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR