"Azərbaycan və Qazaxıstan əməkdaşlığı genişlənir"
Bizi izləyin

Nida.az

"Azərbaycan və Qazaxıstan əməkdaşlığı genişlənir"

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Qazaxıstan Məclisinin sədri Habibulla Jakupovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Qazaxıstan Məclisinin sədri Habibulla Jakupovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə O.Əsədov qonağı salamlayaraq onu Qazaxıstan Məclisinə sədr seçilməsi münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Spiker ümidvar olduğunu bildirib ki, H.Jakupov TürkPA-nın Şura üzvü kimi qurumun fəaliyyətinə öz layiqli töhfəsini verəcək.

O, xalqlarımızın dostluğunun qədim tarixi köklərə söykəndiyini söyləyərək, dövlətlərimizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını vurğulayıb: "Azərbaycan və Qazaxıstan müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri və fəal siyasi dialoq əlaqələrimizin daha da dərinləşməsinə öz müsbət təsirini göstərib. Bu gün Azərbaycanla Qazaxıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir. Qazaxıstanın həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər Azərbaycan xalqını da bir dost kimi sevindirir. Siyasi və iqtisadi sahədə münasibətlərimizin daha da dərinləşməsi təkcə Cənubu Qafqazda deyil, Orta Asiyada da sülhün və sabitliyin təmin olunması baxımından çox önəmlidir".

Sədr Qazaxıstan dövlət başçısının Avrasiya İqtisadi İttifaqının Astanada keçirilmiş təsis iclasında Azərbaycanın mövqeyini ifadə etdiyinə görə Qazaxıstan tərəfinə öz dərin minnətdarlığını bildirib. Spiker dövlətlərarası münasibətlər sistemində parlamentlərin roluna xüsusi diqqət çəkərək, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini və beynəlxalq parlament qurumlarında fəal əməkdaşlığı təqdirəlayiq hesab edib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Qazaxıstan Məclisinin sədri H.Jakupov ölkəmizə səfərindən və burada gördüyü inkişafdan məmnun qaldığını söyləyib. O, 15 iyun - Milli Qurtuluş Günü münasibətilə spikeri və Azərbaycan xalqını təbrik edərək, ötən dövrdə qazanılmış nailiyyətlərin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində dövlət başçılarının görüşlərinin əhəmiyyətini yüksək dəyərləndirərək deyib ki, Azərbaycan və Qazaxıstan əməkdaşlığı günbəgün genişlənir.

Söhbətdə bildirilib ki, bu gün Qazaxıstanda 130 mindən çox azərbaycanlı yaşayır. Onlar ölkə həyatının bütün sahələrində çalışırlar, ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər.

Qonaq TürkPA-nın fəaliyyəti barədə öz fikirlərini açıqlayaraq, qurumun türk dünyası üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlardan Ülvi Quliyev, Sədaqət Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm