• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bağdad və Vaşinqtonun “İŞİD planı”: Kimlər hədəfə alınıb?

  • Nida.az
  • 13 İyun 2014 16:00
  • 1 016 Baxış
Bağdad və Vaşinqtonun “İŞİD planı”:  Kimlər hədəfə alınıb?

“İraq və Şam İslam Dövləti” (İŞİD) adlanan terror təşkilatının son bir neçə gün ərzində İraqın şimalında atdığı addımlar regionda olduqca qarışıq olan vəziyyəti bir qədər də qarışdırdı. Mosul şəhərini dayaq məntəqəsi seçən təşkilat buradan ətraf bölgələrdə hakimiyyətini qurmaq üçün istifadə etməyi düşünür.

İŞİD tərkibində dünyəvi, liberal və milliyyətçi nümayəndələri birləşdirən Suriya müxalifətinin qanuni hərbi təmsilçisi Azad Suriya Ordusuna (ASO) qarşı döyüşlərdə ciddi müvəffəqiyyət qazanıb. ASO-ya qarşı döyüşdüyü üçün Əsəd tərəfdarı hesab edilən, Suriya kürdləri tərəfindən isə “düşmən” adlandırılan İŞİD Şimali Suriyada böyük əraziləri ələ keçirib.

Suriyadakı silahlı döyüşçülərinin sayı 5-6, İraqdakı döyüşçülərinin sayı isə təxminən 10 min olduğuna dair xəbərlər var. İŞİD-in silahları haradan almasına gəlincə, qeyd olunur ki, ABŞ ordusunun İraqdakı anbarlarından oğurlanan silahlar, eyni zamanda, Türkiyə, Qətər, ABŞ və Səudiyyə Ərəbistanının Suriya müxalifətinə göndərdiyi silahlar təşkilatın əlinə keçib.

Türkiyə Beynəlxalq Siyasət Akademiyasının saytında dərc olunan “İŞİD nə etməyə çalışır?” başlıqlı yazıda bildirilir ki, İŞİD dünyanın dörd bir tərəfindən gəlmiş (Çeçenistan, Afrika, Pakistan, Əfqanıstan, Liviya və sair.) insanları özündə birləşdirir. Yazı müəllifi bildirir ki, İraqda müşahidə olunan hazırkı anlaşılmazlıq ən çox İŞİD-in işinə yarayıb: “Çünki İraqın qərbindəki Anbar vilayəti ilə Mosulda əksəriyyət təşkil edən sünnilər mərkəzi hökumətə olan qəzəbini İŞİD-ə dəstək verməklə göstərib. İŞİD sünni tayfaların da dəstəyini almaqla ciddi bir siyasi dəstək qazanıb. Yəni, İraqdakı ictimai ayrı-seçkilikdən doğan siyasi anlaşılmazlıq İŞİD-in başda Mosul, Tuzhurmatu və Tikrit olmaqla İraqın qərbindəki işğal hərəkatını asanlaşdırıb. İraq ordusunun təsirsiz qalması və geri çəkilməsinin ən əhəmiyyətli səbəbi isə əksəriyyəti şiələrdən ibarət olan ordunun sünniləri qorumaq istəməməsi və bölgədəki sünni tayfaların İŞİD döyüşçülərinə dəstək verməsidir”.

Bu işğal və hücumla kim hansı hədəfə çatmaq istəyir?

Xəbər verildiyi kimi, Şimali İraq kürd muxtariyyəti mərkəzi Bağdad hökumətinin sərt etirazlarına baxmayaraq, neftin Türkiyə üzərindən ixracına başlayıb. Bağdad ilə yanaşı, ABŞ da Ankaranın bu siyasətindən narazıdır. Son 15 gün ərzində ABŞ Dövlət Administrasiyası 3 dəfə bəyanat verərək İraq mərkəzi hökumətinin razılığı olmadan Şimali İraq neftinin dünya bazarlarına çıxarılmasının əleyhinə olduğunu bildirib. ABŞ bundan əvvəllər də dəfələrlə Ankaranın Şimali İraqla bağlı enerji siyasətindən narazılığını dilə gətirib.

Türkiyəli ekspertlər də məhz bu məqama xüsusi diqqət yetirirlər ki, İŞİD-in son hərbi əməliyyatları Şimali İraq qazının Türkiyəyə ixracına başlanması ilə eyni vaxta təsadüf edir.

Türkiyə Beynəlxalq Siyasət Akademiyasının saytında dərc olunan yazıda da bildirilir ki, hər şeydən əvvəl Türkiyə ilə İraq regional kürd rəhbərliyi arasındakı enerji ixracına dair razılaşmanın İraq hökuməti və ABŞ-da narahatlıq yaratdığını söyləmək lazımdır: “Bu narahatlıq Şimali İraqdan may ayının sonunda Türkiyəyə qaz ixracının başlanmasından sonra daha da artıb. İŞİD-in İraqdakı hərbi əməliyyatları isə qaz ixracının başlamasının dərhal sonra reallaşdırılıb. Türkiyənin Mosul konsulluğu da ələ keçirilib və kürd muxtariyyəti üçün ciddi bir təhlükə ortaya çıxıb. Bu baxımdan demək olar ki, İŞİD-in bu əməliyyatı Türkiyə ilə regional kürd rəhbərliyinin enerji maraqlarına söykənən yaxınlaşmasından narahat olan ABŞ və Nuri əl-Maliki hökumətinin maraqlarına uyğun gəlir. İraq ordusunun bir güllə atmadan geri çəkilməsi və ABŞ-ın göstərdiyi reaksiyanın nisbətən yumşaq olması bunu deməyə əsas verir”.

“İŞİD-sünni əməkdaşlığı” görüntüsü kimə lazımdır?

İŞİD-in işğal əməliyyatı çərçivəsində diqqət yetirilməsi lazım olan bir başqa faktor sünnilərlə şiələr arasındakı məzhəb xarakterli siyasi anlaşılmazlıqdır. “Sünnilər Nuru Əl-Maliki hökumətini qəbul etmək istəmir. Son vaxtlar Anbar vilayəti ilə Mosulda hökumət əleyhinə etirazlar artıb. Bu vəziyyətdən narahat olan Maliki bölgəyə müdaxilə etmək üçün sünni ərəblərin İŞİD-lə birlikdə hərəkət etdiyinə dair bir görüntü yaratmaq istəyir. Yaradılan bu görüntü ilə sünni etirazçılara qarşı əksəriyyəti şiələrdən ibarət olan İraq ordusunun əlinə müdaxilə üçün qanuni əsas verilə bilər. İŞİD-in Türkiyənin Mosul konsulluğuna hücum etməsi də Malikinin Türkiyəyə qarşı istifadə edə biləcəyi bir məsələdir. Bütün bu hadisələrin gətirə biləcəyi ən böyük təhlükə isə genişmiqyaslı və olduqca qanlı bir sünni-siə məzhəb döyüşü ola bilər”, - Türkiyə Beynəlxalq Siyasət Akademiyasının saytında dərc olunan yazıda bildirilir.

ABŞ dünyanın diqqətini Ukraynadan yayındırmaq istəyir?

İŞİD-in İraqdakı hücumları barədə səslənən digər bir iddia isə Ukrayna böhranı ilə bağlıdır. Məlumdur ki, Pyotr Poroşenkonun prezident seçilməsindən sonra ölkənin şərqində qondarma respublikalar yaradan separatçılara qarşı əməliyyatlar daha da güclənib. Son vaxtlar ilk dəfə olaraq qırıcı təyyarələrdən istifadə olunur. Təbii ki, antiterror əməliyyatlarının daha vəhşi xarakter aldığı bir vaxtda dünyanın diqqətini yayındırmaq üçün əlavə bir qaynar nöqtə yaratmaq lazım idi. Belə bir münasib yer isə İraq ola bilərdi. Dünyanın diqqətini özünə çəkəcək əlavə bir münaqişə ocağının yaradılması ilə Kiyev hakimiyyətinin əl-qolu daha da açıla bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR