Səhvini etiraf edən NİDA-çıdan növbəti müraciət: “Satqın siyasətçilərlə...”
Bizi izləyin

Nida.az

Səhvini etiraf edən NİDA-çıdan növbəti müraciət: “Satqın siyasətçilərlə...”

Səhvini etiraf edən NİDA-çıdan növbəti müraciət: “Satqın siyasətçilərlə...”

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan “NİDA” Vətəndaş Hərəkatının keçmiş üzvü Quliyev Bəxtiyar Səməndər oğlu cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə növbəti müraciət ünvanlayıb.

Penitensiar Xidmətdən Publika.az-a verilən məlumata görə, müraciətdə məhkum B. Quliyev may ayının sonunda verdiyi bəyanatın KİV-də birmənalı qarşılanmamasına münasibətini bildirib və mövqeyinə bir daha aydınlıq gətirib.

“Son günlər kütləvi informasiya vasitələrində mənim may ayının sonunda verdiyim bəyanat geniş müzakirəyə səbəb oldu. Göstərdiyim kimi, mənim bu bəyanatım birmənalı qarşılanmadı. Sadəcə olaraq, bildirmək istəyirəm ki, on beş ay mənim üçün həyatı və dövlətçiliyi dərk etməyimdə yetərli və böyük inam daşıyan çoxları üçün kiçik, mənim üçün isə həbsxanadan əvvəlki həyatımdan da böyük bir zaman kəsiyidir. Özüm də bilmədən qeyri-ixtiyari düşdüyüm vəziyyətin səbəbini düşündükcə, heç bir vəchlə özümə haqq qazandıra bilmədim. Və birinci haqsızlığın özümə, yaxınlarıma qarşı ən böyük cinayət olduğunu dərk etdim. Kimlərinsə siyasəti mənim kimi bir çox gəncin təmiz beyinlərini özlərinin dərk etdiyi yanlış müstəqillik havası ilə doldurub, keçirdikləri mənasız aksiyalara sürükləməklə, təmiz və saf olan azadlıq eşqini qəlblərdə boğmaqdan başqa bir şey deyil. Mən buradan mənim kimi yolunu azmış siyasəti düzgün dərk etməyən bədxah insanların özünəməxsus düşüncələrindən doğan təxribatlara uymuş gənclərə səslənirəm: “Özünüzə, yaxınlarınıza ən önəmlisi gəncliyinizə haqsızlıq etməyin!

Bu gün Azərbaycan adlı bir məmləkətin müstəqil gəncləriyik. O məmləkət ki, tarix boyu basqılara məruz qalmış, təxribatlarla xalqın başını qarışdırıb bu millətin fikirlərini başqa səmtə yönəldən nadan, xəyanətkar, öz mənafelərini düşünən satqın siyasətçilərlə hər zaman mübarizədə olub.

Bizim bir gerbimiz, bir dövlətçiliyimiz, bir bayrağımız vardır. Gəlin biz gəncliyimizi yuxarıda göstərdiyim atributlar ətrafında birləşdirək. Özümüz özümüzlə deyil, mənfur, kənardan Azərbaycana xor baxan, dövlətçiliyimizə qarşı təxribat məqsədi ilə əllərini uzadan düşmənlərimizə qarşı mübarizədə fəal olaq. Mən Müstəqil Azərbaycanın Müstəqil gənciyəm. Mənim fikirlərimə və düşüncələrimə nə kimsə təzyiq, nə də təsir edə bilməz. Özüm öz qərarlarımı verəcək qədər hər şeyi dərk edirəm. Və hər kəsi fikirlərimə, düşüncələrimə, qərarlarıma sayğı ilə yanaşmağa, hörmətlə qarşılamağa çağırıram”,- deyə müraciətdə bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm