• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nazirlərimiz haqqında bilmək istədiyiniz hər şey

  • Nida.az
  • 14 İyun 2014 13:20
  • 3 182 Baxış
Nazirlərimiz haqqında bilmək istədiyiniz hər şey

Mərhəba, əzizi oxucular!!!

Sizə niyə Türkiyə türkcəsində müraciət edirəm, yəqin, bilmək istəyərsiniz. Bildiyiniz kimi, bu həftə Bakıda TürkPA-nın növbəti tədbiri keçirildi. Və... maraqlıdır ki, bu quruma “Türkdilli Dövlətlər Birliyi” deyilir. Olsun! Amma... nə qədər qəribə də görünsə, TÜRK dillərini, yəni özbəyin özbəkcə, qazaxın qazaxca, türkmənin türkməncə danışığından bir şey anlamırıq. Qəribə, həm də kədərli deyilmi? Nə yaxşı ki, hələ biz azərbaycanlılar, heç olmasa, Türkiyə türkcəsini çox əla olmasa da, yaxşı anlayırıq...

İyi yani...

Bu barədə bir az sonra... Türk birliyindən söz düşmüşkən, bu həftə medianın iddiasına görə, Naxçıvan üçün də asan ötüşmədi...

Naxçıvanda nə baş verir?

İndi bu sual çoxumuzu maraqlandırır: doğrudan, Muxtar Respublikada nə baş verir?..

Naxçıvana erməni hücumu ilə bağlı xəbərlər yayıldı. Məlumatlara görə, erməni hərbi birləşmələri ilə Culfa, Şahbuz, Sədərək rayonlarında şiddətli döyüşlər gedir. Hətta erməni tərəfinin 4 hərbi təyyarəsinin havaya qalxdığı xəbərləri də dolaşmaqdadır. Lakin Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir və vəziyyətin nəzarətdə olduğunu deyir.

Elə ehtiyatda olan polkovnik Əzizağa Qənizadə də mətbuata bildirib ki, ermənilərin Naxçıvana genişmiqyaslı hücumu mümkün deyil:

“Bildiyimiz kimi, Naxçıvana kənar qüvvə soxulsa, Qars müqaviləsinə əsasən, məsələyə Türkiyə də qarışacaq. Əslində, bu cür xəbərləri qeyri-ciddi hesab edirəm. Kimlərsə gündəmə gəlmək üçün belə xəbərlər uydururlar. Birdən-birə belə şeyin baş verməsi mümkünsüz görünür. Birincisi, Azərbaycan ordusu kifayət qədər güclüdür, ikincisi, Ermənistanın hərbi potensialı o səviyyədə deyil ki, belə bir hücuma başlasın. Digər tərəfdən, ermənilərlə bir yerdə olan Rusiya da buna getməz”.

Polkovnik hesab edir ki, bu cür informasiyaların yayılmasının iki tərəfi var: “Birincisi, erməni tərəfi Azərbaycanda xof yaratmağa çalışır və ordumuza zəif gözlə baxdıqlarının mesajını verir. İkincisi isə, belə informasiyaların yayılması ilə cəmiyyətin hazırlıq vəziyyəti yoxlana bilər”.

Hərbi ekspert Üzeyir Cəfərli də bildirib ki, bu, tirajlanan dezinformasiyalardır: “Naxçıvanda gərginlik var, əvvəlki dövrlərə nisbətən atəş səsləri daha tez-tez eşidilir. Bu da ermənilərin verdiyi itkilərlə bağlıdır. Lakin deyildiyi formada hücum yalandır. Son vaxtlar Azərbaycan Naxçıvana böyük miqdarda silah-sursat yerləşdirib, ən böyük təlimlər də burda keçirilir. Bu baxımdan, ermənilər bu bölgədə təxribat yaratmaq istəyi ilə belə informasiyalar yayırlar”.

İŞİD – bəs bu nə deməkdir?

Bu həftə “İraq və Şam İslam Dövləti” (İŞİD) adlanan terror təşkilatının son bir neçə gün ərzində İraqın şimalında atdığı addımlar regionda olduqca qarışıq olan vəziyyəti bir qədər də qarışdırdı. Mosul şəhərini dayaq məntəqəsi seçən təşkilat buradan ətraf bölgələrdə hakimiyyətini qurmaq üçün istifadə etməyi düşünür.

İŞİD tərkibində dünyəvi, liberal və milliyyətçi nümayəndələri birləşdirən Suriya müxalifətinin qanuni hərbi təmsilçisi Azad Suriya Ordusuna (ASO) qarşı döyüşlərdə ciddi müvəffəqiyyət qazanıb. ASO-ya qarşı döyüşdüyü üçün Əsəd tərəfdarı hesab edilən, Suriya kürdləri tərəfindən isə “düşmən” adlandırılan İŞİD Şimali Suriyada böyük əraziləri ələ keçirib.

Siyasi hesabatımız üçün bu terror təşkilatının fəaliyyətinin diqqətçəkən tərəfi odur ki, Kərkük və Mosulda azərbaycanlılar yaşayır və onların tökülən günahsız qanları qəlbimizi param-parça edir. Nə yaxşı, Türkiyə bu məsələdə aktivlik nümayiş etdirir və gözləmə mövqeyində deyil...

Allah qorusun! Bizim bu günahsız qanları durdurmaq üçün dua etməkdən savayı nəyə gücümüz çatar?..

Bir vəzifədən digərinə “nur”lu yol

Bu həftə vəzifədən azad edilənlərdən birinə daha yeni vəzifə verildi. Söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eks-sədri Elşad İskəndərovdan gedir. Eks-sədr Xarici İşlər Nazirliyində idarə rəisi təyin olundu.

Doğrudur, bu təyinat Elnur Aslanovun yeni təyinatı kimi ajiotaj yaratmadı. Amma bir qədər öncə vəzifədən azad edilən bu iki şəxsin “nurçu”luqda ittiham olunduqları üçün vəzifədən uzaqlaşdırıldıqları haqda hər kəs dayanmadan yazır və danışırdı…

Fəhlə və maşinist köməkçisi… və uğurlu yol

Keçən həftə olduğu kimi, bu həftə də daha bir siyahı diqqətimi çəkdi. İnformasiya saytlarından biri maraqlı bir araşdırma edib, bu gün ən yüksək postlarda əyləşən şəxslərin, yəni nazirlərimizin ilk iş yerlərinin adlarını açıqladı. Bu məlumatları elə “google”da “search” edib, özümüz də əldə edə bilərdik. Amma etiraf edək ki, bu, çoxumuzun heç ağlımıza da gəlməyib. Ona görə də araşdırmanı maraqla gözdən keçirdim…

Onu deyim ki, nazirlərimiz karyeralarına çox maraqlı işlərlə start veriblər. Onların içində müəllim, operator, kassir, geoloq, fəhlə, maşinist köməkçisi belə var. Keçmişdə bu işləri görən nazirlər arasında ikisi diqqətimi xüsusilə çəkidi: kənd təsərrüfatı naziri Heydər Əsədov və nəqliyyat naziri Ziya Məmmədov.

Təsəvvür edirsinizmi, on iki ildir ki, nazir vəzifəsində çalışan Ziya Məmmədov əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb…

Heydər Əsədov isə karyerasına 1978-1984-cü illərdə institutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmaqla başlayıb.

Təsadüfə baxın ki, bu iki nazir hazırda qohumdurlar. Qudadırlar. Elə buradaca “Fəhləlikdən uğurlara” adlı gözəl yazıya başlamaq olardı. Amma həftəsonu üçün çox dramatik-lirik-romantik yazı olacağını düşünüb dayanıram…

Gəlin indi siz deyin, həyatlarını 180 dərəcə dəyişə bilmiş insanlar təqdirə layiq deyilmi?! Məncə, layiqdirlər! Amma bu, həmişə mübahisə mövzusudur ki, uğurlara imza atan şəxslər buna yalnızca üstün şəxsi keyfiyyətləri və qabiliyyətləri ilə nail olurlar, yoxsa alın yazısı, qismət, tale, şans məfhumları da rol oynayır? Bilən varsa, e-mailimə bu barədə fikirlərini yazsın…

Yenə qayıdaq TÜRK BİRLİYİnə…

Türk PA-nın sessiyasında iştirak etmək üçün paytaxtımıza gələn türk dövlətləri rəsmilərinin gəldiyi yekun rəy bundan ibarət oldu ki, “yüksək ixtisaslı tərcüməçilərin hazırlanması TÜRK PA-nın əsas hədəflərindən biri olmalıdır”.

Məncə də, belə olmalıdır. Çünki yaxınlıq, birlik, əməkdaşlıq hərlənib-fırlanıb dildən keçir. Bir-birimizin dilindən anlamasaq, nə dost ola bilərik, nə qardaş...

Elə bunu TÜRK PA-nın V plenar iclasında Milli Məclisin sədri Oqtay Əsədov da dedi. Spiker bildirdi ki, təşkilat çərçivəsində əməkdaşlıq dövlətlərimiz arasında iqtisadi, siyasi və digər əlaqələrin dərinləşməsinə şərait yaradır: “Artıq TÜRK PA böyük siyasi çəkiyə malik olan təşkilata çevrilmişdir. Türkdilli dövlətlərin ortaq parlamentlərinin fəaliyyətlərinin xalqlarımız və dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək edib”.

O. Əsədov qeyd edib ki, mədəni, humanitar əməkdaşlığın gündəliyinə bir sıra məsələlər daxil edilib. Milli Məclis sədri əlavə edib ki, mədəni əlaqələr sahəsində görüləcək işlər də çoxdur.

Ceyhun Osmanlı yenə üzüldü

Gənc və qlamur deputatımız Ceyhun Osmanlının başı isə söz-söhbətdən, qəzavü-qədərdən açılmır. Artıq mandatı ipdən asılı olduğu iddia edilən C.Osmanlının qardaşı da vəzifəsindən uzaqlaşdırıldı.

Belə ki, Faiq Osmanlı yeni təyin olunduğu Ağdaş Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunub. Bu məlumatı isə DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov təsdiqlədi.

Deyəsən, NUR Osmanlılardan bir dəfəlik qaçaq düşüb…

Ole, ole, ole, ole

“Dünya Çempionatı”bu ifadə bəs sizə nə deyir?

İyunun 12-də dünya çempionatının rəsmi açılış mərasimi oldu. Təkcə bizim üçün yox, bütün dünya üçün həftənin ən önəmli hadisəsi, məncə, budur. Çünki futbol – milyonlar və ehtiras deməkdir! Futboll – siyasət deməkdir… Və bütün dünyanın diqqətini Braziliyaya kökləyən bu hadisə haqda yazmamaq qəbahət olar. Xüsusilə də Braziliyanın ən məşhur yazıçısı Paulo Koelyonun dünya çempionatını boykot etməsindən sonra. Qeyd edim ki, yazıçı çempionatın Braziliyada keçirilməsinə öncələr dəstək verib. İndi isə deyir ki, xəyal qırıqlığına uğrayıb. Çünki stadionlara xərclənən pullar xəstəxana, məktəb, nəqliyyat sahəsinə sərf oluna bilərdi…

Hesab etmirəm ki, açılış mərasimini Pitbull, Cennifer Lopez və Klaudiya Leytte kimi dünya şöhrətli ulduzların etdiyi, ardından həvəslə matçları gözləyən azarkeşləri və millyonlar qazanacaq şəxsləri Braziliya xalqının ağır həyat şəraiti maraqlandırır. Bu səbəbdən də keçmişə deyil, gələcəyə – İRƏLİ-yə baxaq. Xoşbəxt olmağın yollarını arayaq. Vaxt qaçır. Vaxtınızın, ömrünüzün, gününüzün qədrini bilin…

Sədan Bünyadova

Xəbər lenti

DAHA ÇOX XƏBƏR