Gürcüstanda azərbaycanlı ilğımı: Kreml və Tiflisin oyun qaydaları
Bizi izləyin

Nida.az

Gürcüstanda azərbaycanlı ilğımı: Kreml və Tiflisin oyun qaydaları

Sabah Gürcüstanda bələdiyyə seçkiləridir. Buradakı bələdiyyə seçkiləri Türkiyədəki kimi hakimiyyət dəyişikliyinə səbəb olmasa da, siyasi müstəvidə yerini möhkəmlətmək baxımından yaxşı fürsət hesab edilir.

Bizim üçün ən diqqət çəkən məqam isə soydaşlarımızın öz idarəçiliyində yer almasıdır. Halbuki bu günə qədər azərbaycanlıların yaşadığı bölgələrdə rəhbərliyin əksəriyyəti, demək olar ki, gürcü əsillilər idi. İndi isə Əhməd İmamquliyev faktoru önə çıxıb.

Saakaşvilinin partiyasından namizəd olan İmamquliyev Azərbaycan mediasında iqtidara məhkəmədə qalib gəlməyi ilə düşdü. Belə ki, Marneuli bələdiyyəsinə namizədliyini irəli sürən soydaşımız rəy sorğusuna görə, 85 faiz əhali tərəfindən dəstək qazandı. Bu amil ona qarşı maneələrin yaradılması ilə nəticələndi və namizədliyi ləğv edildi, daha sonra məhkəməyə müraciət edən İmamquliyevin qeydiyyatı bərpa olundu.

İmamquliyev Publika.az-a açıqlamasında (http://publika.az/p/24304) qalib gələcəyində qələbə çalacağına inamlı olduğunu deyib. Hakim partiyanın azərbaycanlılara gürcü rəhbərliyinin gətirilməsi planlarının olduğunu deyən soydaşımız buna imkan verməyəcəkilərini bildirib.

Azərbaycan tərəfi daxili işlərə qarışmaq istəmir

Azərbaycan tərəfi Gürcüstandakı sabahkı seçkilərin xalqın iradəsini əks etdirməsini istəyir. Azərbaycan–Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Publika.az-a açıqlamasında bildirib ki, iki ölkə müttəfiqdir, dost və qardaş ölkədir: “Azərbaycan dövləti hər zaman Gürcüstanda stabilliyin, inkişafın tərəfdarı olub, hər zaman bu istiqamətdə əlindən gələn dəstəyi verib. Gürcüstan çoxlu sayda soydaşlarımızın vətəndaşı olduğu bir ölkədir. Biz inanırıq ki, Gürcüstanda seçkilər azad, ədalətli, xalqın iradəsini əks etdirən bir seçki olacaq”.

Q. Paşayeva oradakı proseslərdən danışmaq istəmədiyini də əlavə edib.
“Ora başqa bir ölkədir və yaranmış situasiyaya, baş verən proseslərə münasibət bildirmək doğru yanaşma deyil. Biz sadəcə hesab edirik ki, bu seçkilərdən sonra da Azərbaycan-Gürcüstan münasibətləri daha da inkişaf edəcək. Həmçinin bizim qardaşlaşmış bölgələrimiz arasında da münasibətlər yüksələcək. Biz buna inanır və ümid edirik”,– deyə qrupun rəhbəri vurğulayıb.

Millət vəkilindən azərbaycanlı namizədlərə informasiya dəstəyi çağırışı

Qrupun üzvü, millət vəkili Zahid Oruc isə hesab edir ki, bu seçkilər Gürcüstanın ictimai-siyasi həyatına öz təsirini göstərəcək. Millət vəkili Publika.az-a açıqlamasında bildirib ki, bu seçkilər müxalifətin revanş götürməsi üçün də sərfəlidir: “Çünki Saakaşvilinin partiyası itkilərini bərpa etmək istəyir. Bizim üçün ən önəmlisi seçkinin gürcü xalqının iradəsini əks etdirməklə bərabər, daha artıq iki ölkə münasibətlərinin qorunub saxlanılması, eyni zamanda, oradakı azərbaycanlıların ictimai-siyasi aktivliyinin artması, təşkilatlanması, idarəçilikdə iştirakıdır. Çünki azərbaycanlı namizədlərin qalib gəlməsi soydaşlarımızın öz problemlərinin həllində özlərinin iştirakı deməkdir. Mən bir şeyə təəssüf edirəm ki, bu seçkilər Azərbaycan mediasında yalnız bir nəfərin apelyasiya şikayətinin təmin olunması ilə gündəmə gəldi. Halbuki bu cür ciddi məsələyə ən azından informasiya dəstəyi vermək lazımdır. Oradakı soydaşlarımızın uğur qazanması dövlətdə müəyyən rol oynaması bizim maraqlarımızdan irəli gəlir”.

Rəsmi Tiflisin geri çəkilməsi nəyə xidmət edir?


Gürcüstan azərbaycanlılarına öz soydaşımızın rəhbərlik edəcəyi amili bizim üçün mühüm hesab edilə bilər. Lakin gürcü iqtidarının öz namizədini geri çəkiməsi planlarından vaz keçdiyi demək deyil.

“Gürcü arzusu” bu addımını belə izah edir: “Biz illərlə yaranmış qüsurlu təcrübəni aradan qaldırmaq istəyirlər. Etnik azərbaycanlıların yaşadığı ərazilərdə həmişə iqtidarın namizədi qalib gəlirdi və onlar hakimiyyət tərəfindən verilən tapşırıqlara əməl edirdilər. Biz bunu aradan qaldırmaq istəyirik və namizədimizi müxalifətin iki namizədinin xeyrinə götürmək qərarına gəldik”.

Bu addımı azərbaycanlının daha üstün olması və bunu anlayan iqtidarın geri çəkilməsi kimi görünür. Lakin bunun bir oyun olması ehtimalı da istisna deyil. Belə ki, iqtidar öz namizədini geri çəkməklə Marnuelidə əhalini sakitləşdirir, amma azərbaycanlıların namizədinin qalib gəlməsində o qədər də maraqlı görünmür. Hər-halda hər şey sabah aydın olacaq.

Kremlin azərbaycanlılar üzərində oyunu: Tiflis üçün Borçalı problemi

Publika.az-ın 12 iyun tarixli araşdırması isə Gürcüstan seçkilərinə bir qədər fərqli rakursdan da baxmağı tələb edir (http://publika.az/p/24457).
Araşdırmadan məlum olur ki, Söyün Sadıqov yenidən gündəmdədir. Rusiya onun əli ilə azərbaycanlıları təşkilatlandırmaq və beləcə Osetiya və Abxaziyadan sonra Tiflis üçün Borçalı problemini də yaratmaq istəyir. Amma söhbət tarixi Azərbaycan torpaqlarının Bakının ixtiyarına verməkdən getmir, Moskva özü üçün yeni subyekt axtarışındadır. Burda S. Sadıqovun ötən il Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində Kremlin ssenarisinə uyğun Borçalı Partiyası planları göz önünə gəlir. Daha çox rəsmi Bakıya təzyiq üçün nəzərdə tutulan bu plan baş tutmadı, amma bu gün Borçalıda baş verənlər planın arxivə göndərilmədiyinə əsas verir.

Çar çinovniki rolunda çıxış edən kimdir?

Zahid Oruc Rusiyanın Gürcüstan azərbaycanlıları üzərində ssenarilər qurduğunu istisna etmir: “Bu cür strategiyalar həmişə olub. Misal üçün, mən bilirəm ki, İranla Gürcüstan arasındakı viza sadələşdirilmələri xüsusi olaraq dini qüvvələrin bu məkana asanlıqla sızmasıdır. Məsələnin mahiyyəti sadəcə dövlətlərarası münasibətləri yaxşılaşdırmağa xidmət etmir. Eləcə də Rusiyanın bu məkan içində istər keçmiş, istər indiki hakimiyyətə təzyiq üçün müxtəlif silahları ola bilər. Söyün Sadıqov da təəssüf ki, azərbaycanlı adı daşısa da, daha çox çar çinovnikləri rolunda çıxış edir. Onun ötən ilki seçkilərdə Azərbaycanın siyasi proseslərinə soxulmaq cəhdləri də bunu göstərirdi”.

Lakin millət vəkili, Söyün Sadıqovun güclü fiqur olaraq Gürcüstan azərbaycanlıları üzərində hansısa planları həyata keçirəcəyinə inanmadığını da açıqlayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm