Suriyadakı azərbaycanlılar haqqında hər şey – Furkan Azəri danışır – Özəl
Bizi izləyin

Nida.az

Suriyadakı azərbaycanlılar haqqında hər şey – Furkan Azəri danışır – Özəl

Suriyadakı azərbaycanlılar haqqında hər şey - Furkan Azəri danışır - Özəl

Suriyada 3 il öncə Əsədə qarşı başlayan daxili savaşa azərbaycanlıların da qatılması Suriya savaşını bizə daha da yaxınlaşdırdı. Elə o zamandan Suriyada döyüşən azərbaycanlılarla bağlı daha çox mənfi xarakterli xəbərlər almaqdayıq, lakin bu günə qədər orada nələrin baş verdiyini heç birimiz dəqiq bilmirik.

Suriya müharibəsini yaxından izləyən, oradakı azərbaycanlılarla da görüşmüş Türkiyəli jurnalisti, əslən azərbaycanlı olan Furkan Azəri Publika.az-a özəl müsahibəsində əslində nələrin baş verdiyini, Suriyada azərbaycanlılarla bağlı bir sıra detalları danışıb.

- Siz Suriyada döyüşən azərbaycanlılarla təmasda olursunuz. Bir müddət öncə Vüqar Azəri ilə də müsahibənizi oxuduq. Orda azərbaycanlıların vəziyyəti necədir?

- Mən müsəlman olduğum üçün və Suriyada müsəlmanlara qarşı açıq şəkildə zülm və qətliam edildiyinə görə müsəlman Suriya xalqının haqlı etirazının yanındayam. Bir jurnalist olaraq Suriyanın bir çox bölgələrində olmuşam, təbii olaraq da müxaliflərlə qarşılaşmaq şansım da oldu. Bundan başqa mən də azərbaycanlı olduğum üçün oradakı azərbaycanlılarla da qarşılaşmışam. Vüqar da bunlardan biri idi, amma mənim ümumi olaraq azərbaycanlılarla bağlı hansısa təmsilçiliyim yoxdur.

- Suriyada neçə azərbaycanlının vuruşduğunu demək olar?

- Mənim müşahidələrimi və Vüqarla söhbətimi əsas götürərək deyə bilərəm ki, Suriyada 250-ə yaxın azərbaycanlı var. Amma onların hamısının aktiv şəkildə döyüşdüyünü deyə bilmərəm. Çünki bəziləri həkim, bəziləri insani yardım və başqa işlərdə çalışırlar. Mən həkim olaraq xəstəxanada çalışan azərbaycanlıya belə rast gəlmişəm.

- Azərbaycanlılar arasında qadınlar və uşaqların da olduğu deyilir, bu, doğrudurmu?

- Bəli, doğrudur. Baxın, İslamda hicrət deyilən bir anlayış var. Yəni insanların toplum və ya fərd olaraq bir ölkədən və ya bölgədən başqa bir ölkəyə və ya bölgəyə köçməsidir. Azərbaycanlılardan da bir sıra səbəblərə görə öz ailələri ilə birlikdə Suriyaya hicrət edənlər var. Bundan başqa, azərbaycanlılar təkcə Suriyaya hicrət etmirlər. Ərəb ölkələrinə, Türkiyəyə və s. hicrət edənlər çoxdur. Səbəbi də budur: Azərbaycanda müsəlmanlara qarşı edilən yersiz basqılar çoxdur. Bəzi media quruluşları və telekanallar bütün günü vəhhabilər, radikallar və sairə deyimlərlə müsəlmanlara qarşı qara təbliğat aparırlar. Hər hansı özünü tanımayan birinin etdiklərini müsəlmanların üstünə yıxaraq hər kəsi günahkar kimi göstərmək doğru deyil. Suriyanın böyük bir hissəsi azad edilib, müstəqil olan bölgələrdə savaş yoxdur, insanlar normal bir şəkildə həyatlarına davam edirlər. Amma nəticədə orda savaş vardır, ailəli olaraq ora getmək doğru deyil.

- Azərbaycanlı döyüşçülər hansı cəbhələrdə döyüşürlər?

- Azərbaycanlıların 50-60 faizi, təəssüf ki, İŞİD qruplaşmasındadırlar. Yerdə qalanları Ahraru-Şamda, Ənsar camaatları və Nüsrət cəbhəsindədirlər.

- Suriyada bir tərəfdə Əsəd və gücləri, digər tərəfdə mücahidlərdir. Amma bəzən mücahidlər arasında da bölünmələrin olduğuna dair xəbərlər gəlir.

- Bu məsələlərlə bağlı mənim köşə yazılarımda geniş məlumat vardır. Amma qısa olaraq deyə bilərəm ki, ümumi olaraq bir bölünmə yoxdur. Qəbul edərsiniz ki, Suriyada silahlı etirazın aktiv formada başlaması 3 il oldu və bu etirazı xalq başladı. Dolayısı ilə xalq təşkilatlanmaq, idarəçilik, hərbi təcrübə və digər məsələlərdə böyük təcrübəyə malik deyildi. Buna görə də bəzi xoşagəlməz olaylar olur, hər şey professional şəkildə olmaya bilir. Azərbaycandan 1988-ci ildəki erməni işğalına qarşı verdiyimiz savaşda bizim orduda hər şey mükəmməl idi məgər? Hər şey yeri yerində idimi? Bizdə xalq hərəkəti başlayanda insanların çoxu səmimi idi, sırf Azərbaycanın azadlığı uğrunda çalışırdılar. Amma o hərəkatın içində fitnəçilər, Rusiya və İrana çalışanlar da var idi. Bunları da hər kəs bilirdi, amma vəziyyət onlarla da savaşmağa imkan vermirdi. Hətta hər kəsin bir qrupu var idi. Amma zaman keçdi, 1993-cü ilə çatanda kimin kim üçün savaşdığı bəlli oldu. Orduların Qarabağdan çıxarılması, Gəncə hadisələri, Surətin ordusunun Bakıya hücumu və s. Yəni biz yaxın tariximizdə bu hadisələri yaşadıq. Ona görə də bu gün Suriyada baş verən çatışmazlqıları çox da qabartmamaq lazımdır. Üstəlik mücadilə təcrübəsi olmayan bir xalqın 30 ildir hər mənası ilə iqtidarda olan bir diktatora qarşı verdiyi bir mücadilə var. Bütün bunlara paralel olaraq qarşıda İran kəşfiyyatı, Rusiya, Hizbullah var. Bunlar az da olsa müxaliflər tərəfinə sızıb səflərin bölünməsi üçün etdiklərini də düşünəndə arzu edilməyən olaylar mütləq baş verirdi və baş verəcək.

- Əsəd ordusunda döyüşən azərbaycanlıların da olduğu xəbərlərini alırıq. Əsədə qarşı vuruşanların əsasən Türkiyə yolu ilə Suriyaya keçdiyi deyilir, bəs Əsəd səflərində döyüşənlər hansı marşrutu seçir?

- Suriyada Əsəd səflərinə döyüşənlər, sadəcə, Əsəd ordusu deyil, aktiv bir şəkildə İran, Hizbullah, Rusiya, ermənilər vardır, təbii ki, Azərbaycanda da bir qrup fanatik İran təsirli insanlar var. İranın da Azərbaycanda nə qədər aktiv olduğu onsuz da məlum məsələdir. Əsəd ordusunda döyüşən azərbaycanlıların bura necə gəldiyinə gəlincə, onsuz da Livanla Suriya sərhəddir. Xüsusilə Şərqi Guta-Humus civarından asanlıqla keçirlər. Bununla yanaşı, İrana və ya Liviyaya gəlib, ordan da Əsəd ordusuna qatılırlar. Amma konkret sayları haqqında məndə məlumat yoxdur.

- Suriyada döyüşən qruplaşmalar arasında nifaqlara da aydınlıq gətirmənizi istərdik. Məlumatlar var ki, Suriyadakı qruplaşmalar tərkibində azərbaycanlılar həm Əsədə, həm də bir-birinə qarşı vuruşur.

- Yuxarıda bəhs etdiyim kimi, Suriyada çox çətin bir müharibə gedir və Suriya xalqının qazanmasının ən başda İran, Liviya, Rusiya və digərləri istəmirlər. Bu ölkələrin maraqları vardır. Onlar fitnə yaratmaq, Suriya etirazına kənardan baxanda sanki “müxaliflər bir-biriləri ilə savaşır, bir-birilərini öldürür” görüntüsü formalaşsın deyə lazım olanları dəstəkləyir, hətta özləri dolayı yolla hansısa bir qrupun idarəçiliyinə soxularaq fitnə yaradırlar. Dünyaya “baxın, burda etiraz yoxdur, müxaliflər bir-birini öldürür” deyirlər. Suriyada müxalifət də çox yeni və yetərincə təcrübəli deyil. Amma, inşallah, zamanla Suriya xalqı bunu da aşacaq. Bax, təəssüf ki, azərbaycanlıların yarısı bu fitnəyə səbəb yaradan İŞİD tərkibindədirlər. Yaşları az olduğu üçün, dində yeni və təcrübəsiz olduqlarından bir qrup şüar xarakterli sözlərə inanıblar. Bu düşüncədə olan insanların əslində Suriyaya getməsində heç bir xeyir yoxdur.

- Başqa xəbərlərə görə, Suriyaya döyüşə gedən azərbaycanlılar muzdlu olaraq Əsədə qarşı döyüşür. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

- Belə misal var: “Məlumat sahibi olmadan fikir sahibi olmaq olmaz”. Doğrudan da, bizim cəmiyyət məlumat sahibi olmadan fikir sahibi olub. Məsələlərə, olaylara Qərb mediası necə baxırsa, bizimkilər də eyni formada baxır. İnsan, doğrudan da, bu iddia qarşısında nə deyəcəyini bilmir. Hər halda, bizim cəmiyyət hər şeyi pulla ölçdüyü üçün bu məsələ də perspektiv olaraq baxır. Suriyanı az-çox tanıyan yaxşı bilir ki, müxalifət çox kasıb vəziyyətdədir. Yüz minlərlə zülm görən, ac, evini itirmiş insanlar və yaralılar var. İddia edildiyi kimi olsa belə, cəbhədə savaşan əsgərlərə əgər pul versələr belə, çox az pul verə bilərlər. Bu pulun qarşılığında, sizcə, insanlar ölümə gedərlərmi? Yuxarıda da dedim. Orda mühəndis, həkim var, tacir var, ən gözəl həyatını geridə qoyanlar var. Buna nə demək olar? Xatırladım ki, İslam lüğətində qardaşlıq, fədakarlıq, səmimiyyət, zülmə qarşı çıxmaq vardır. Bu başqa cəmiyyətlərlə həqiqi mənası ilə olmadığına görə müsəlmanların başa düşülməsini çətinləşdirir. Bundan başqa, Qarabağ savaşında Əfqanıstandan, Çeçenistandan, Türkiyədən və bəzi İslam ölkələrindən könüllü insanlar bizə kömək etməyə gəlmədilərmi? Biz onlara pulmu verirdik?

- Bizi həmişə bu sual düşündürür. Suriyada müharibə bitdikdən sonra orda döyüşən azərbaycanlılar- həmçinin digər millətlərdən olanlar öz ölkələrinə dönəcəklərmi? Çünki onların öz ölkələrinə dönərək azadlıqda gəzməsi bir qədər qeyri-mümkün görünür. Hansı ki, bir müddət öncə Əsədə qarşı vuruşan fransızlar Fransaya qayıdanda həbs edildi.

- İnsanların Suriyaya getməsi fərqli-fərqli məqsədlər üçündür. Bəziləri dönməmək üçün gedərlər, bəziləri həkim olaraq yaralı suriyalıları müalicə etməyə kömək etmək üçün. Müxtəlif səbəblərlə gedənlər var. Böyük ehtimalla, gedənlərdən 90 faizi geri dönməyəcək, amma dönənlər də ola bilər. Digər millətlər də belədir. Qaldı ki, Suriyaya gedənlərin həbsi, cəzalandırılacaq məntiqibu çox yanlışdır. Bunun əvəzinə kim Suriyaya başqa məqsədlər üçün gedibsə və geri dönüb öz ölkəsində sabitliyi pozmaq, bir sıra qarışılıq yaratmaq kimi addımlar ataraq cəmiyyətə zərər verəcəksə, onlarla mübarizə aparmaq daha məntiqli olar.

- Azərbaycanlı döyüşçülərdən heç geriyəAzərbaycana qayıdan oldumu, yaxud belə bir istəkdə olan varmı?

- Bir ölkəyə gedərkən öz aləmində bir sıra gözləntilərlə gedərsən, amma gözlədiyin, arzu etdiyin vəziyyət getdiyin ölkədə olmaya da bilər, buna görə də mütləq geri dönənlər olub.

- Furkan bəy, müsahibə üçün təşəkkür edirik. Son olaraq nəsə demək istəyirsiniz?

- Mən də təşəkkür edirəm. Son olaraq demək istəyirəm ki, Suriyada 200 mindən çox müsəlman Əsəd tərəfindən qətlə yetirildi, bunun 20 minə yaxını uşaq, 12 mini qadın olduğu dəqiqləşdi. 2 milyon 553 min adam qonşu ölkələrə köçdü, evindən-yurdundan oldu. Bu rəsmi rəqəmlər, yəni dəqiqləşmiş məlumatlardır. Bilinməyənlərin nə qədər olduğunu siz düşünün. Şamın cənubunda yerləşən və hökumətə bağlı güclərin mühasirəsində qalan Yermuk yaşayış məntəqəsində 2013-cü ilin avqust ayından bəri təkcə 128 mülki vətəndaş aclıqdan öldü. Onların hamısı mülki vətəndaşdır. Əsəd ordusu mülki vətəndaşların yaşadığı yerə minlərlə varil bombası atdı, kimyəvi silahlardan istifadə etdi. BMT daxil olmaqla hər kəs Əsədin xalqa qarşı kimyəvi silah istifadə etdiyini təsdiq etdi. Bundan öncə də suriyalı müsəlmanlar bu rejim tərəfindən 30 il zülm görüblər, onsuz da 1982-ci il fevralın 2-də Bəşər Əsədin atası Hafiz Əsəd Hama şəhərində minlərlə insanı qətlə yetirdi. Beynəlxalq Amnistiya Təşkilatına görə, ölənlərin sayı 10.000-dən 25.000-ə qədər idi. Homa qətliamı məşhurdur. Yəni Suriya hökuməti 30 ildir öz xalqına zülm edir.

Suriyaya gedən azərbaycanlıların və başqa millətlərin, ümumi anlamda müxalifətin içində bəzi bölünmələr və digər problemlər mütləq vardır, amma bunlar təfərrüat. Qaldı ki, içəridə baş verən xoşagəlməz hadisələri biz də qəbul etmirik, hətta azərbaycanlı gənclərin lazımsız yerə ailələrini üzərək Suriyaya gəlmələrinə mən də qarşıyam. Onsuz da gəlib burda problem olacaqlarına, İŞİD-ə qatılıb fitnəyə səbəb olacaqlarına, gəlməsələr, daha yaxşıdır. Bu, başqa bir mövzudur, Suriya qiyamı içində bu bir detaldır. Amma bu məsələlər əsl məsələ kölgə salmamalıdır. Allah eşqinə, fikirləşin, Qarabağı işğal edənlər, Xocalını bombalayanlar bizim torpaqlarımızın 20 faizini işğal edənlər kimdir? Məsələlərə geniş baxdığımız zaman görəcəyik ki, bizim torpaqlarımızı işğal edən güclər bu gün də Suriya xalqını bombalayırlar, ya da bombalayanları dəstəkləyirlər. Gələcəkdə görəcəksiniz ki, bizim torpaqlarımızın azad edilməsində Azərbaycana kömək edənlər bu gün Azərbaycan mediasının ədalətsiz olaraq tənqid etdiyi, anlamağa çalışmadığı Suriyadakı zülmə qarşı duran bütün adil insanlar olacaq. Ermənilərin tərəfində isə Əsədçilər olacaq. Tarix buna şahiddir. Bu reportajda şahid olsun...

Suriya ilə bağlı çox yanlış xəbərlər, məlumatlar dolaşır ortada. Siz bizim köşə yazılarımızı “Timetürk”-dən, eyni zamanda açdığım https://twitter.com/furkan_azeri hesabından izləsəniz, Suriyada baş verən bu savaş haqqında daha doğru, obyektiv və tərəfsiz məlumatlar əldə edərsiniz. Son cümlə olaraq, Azərbaycan mediası bəzi düşüncəsiz xarici-təkfirçi düşüncəsində olan, məsum insanlara qarşı cinayətlər işlədən, ölkəyə, millətinə və torpaqlarına hörmətsiz insanlara baxaraq hər kəsi eyni tərəziyə qoymasınlar. Biz də ən azı sizlər qədər onları qınayırıq və onlardan uzağıq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm