• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İran səfirliyindən İŞİD-lə bağlı bəyanat

  • Nida.az
  • 18 İyun 2014 14:26
  • 457 Baxış
İran səfirliyindən İŞİD-lə bağlı bəyanat

İranın Azərbaycandakı səfirliyi İraqda baş verənlərə münasibət bildirib. Səfirliyin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, bu gün İraq terrorist qrupların hücumuna məruz qalıb, ölkənin təhlükəsizliyi və sabitliyi, əhalinin həyatı bu qruplardan gələn təhlükələrlə üz-üzə qalıb:

"İran İslam Respublikası terroristlərin Mosula və digər məntəqələrə hücumunu ən yüksək səviyyədə pisləyib və terroristlərə qarşı mübarizəni İraq dövləti və xalqının təbii haqqı hesab edir. Əslində, onların bu haqqı dünya ictimaiyyəti tərəfindən də dəstəklənməlidir.

Xoşbəxtlikdən, terroristlərin törətdikləri zorakılıqlar BMT-nin Təhlükəsizlik Şurası tərəfindən pislənildi və bununla İraq dövləti və xalqına dəstək nümayiş olundu. Həmçinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında məsuliyyət hissi keçirən bütün ölkələr bu məsələyə reaksiya verdilər və öz mövqelərini ortaya qoyublar.

Regionda, xüsusilə İraq və Suriyada özünün antibəşəri simasını nümayiş etdirən təkfirçi terrorizm təhlükəsi xüsusi bir ölkə və regionla məhdudlaşmır, heç şübhəsiz bu təhlükə çox da uzaq olmayan gələcəkdə yaxın və uzaq regionların və ölkələrin təhlükəsizliyini və mənafelərini oxşar təhdidlərlə üz-üzə qoyacaq.

Bu qrupların Əfqanıstan, İraq və Suriyadakı təcrübələri göstərir ki, onlara etimad etmək olmaz və onlar heç bir vəchlə onları dəstəkləyən və meydana gətirənlərin nəzarətində qalmayacaqlar.

İraq dövlətinin terroristlərə qarşı əməliyyatını şiə-sünni qarşıdurması kimi təqdim etmək olmaz. Təkfirçi qruplar müəyyən bir məzhəbin içindən yarandığına rəğmən əhli-sünnə nümayəndələri və onların hüquqlarını müdafiə edən deyillər. Ona görə ki, bu qruplar dəfələrlə həm şiə, həm də sünnilərə qarşı zorakılıqlar törədiblər. Bir çox əhli-sünnə alimi də bu qruplara qarşı nifrətini bəyan edib.

İraqda demokratikləşmə prosesinin inkişafı bu ölkə və bütün region xalqları üçün ümidverici üfüqlər yaradıb. Bu ölkə tələb olunan standartlara uyğun müvəffəqiyyətli seçki keçirib. Silah gücünə, qorxu və vahimə yaratmaqla, zorakılıq və cinayət törətməklə bu ölkənin bir hissəsini işğal edənlər praktik olaraq İraqda demokratikləşmə prosesinə düşmən kəsiliblər, siyasi inkişafın və xalqın rəyinin qarşılığında zorakılığı ortaya qoyublar. Beynəlxalq birliyin mənafeyi tələb edir ki, bütün ölkələr İraqda gedən siyasi prosesi dəstəkləsinlər və əgər islahat lazımdırsa onu milli dialoq və anlaşma ilə həll etsinlər.

BMT-dən tutmuş bütün regional və beynəlxalq qurumlar və dünya səviyyəsində təsirli ölkələr İraqın baş nazirinin ölkəsinin sərhədlərinə nəzarət etmək və terroristlərə kömək çatdırılmasının qarşısını almaq üçün müraciətinə səs verməlidirlər. İraq dövlətini dəstəkləmək üçün bəyanatların verilməsi və siyasi mövqe bildirilməsi hərçənd lazımdır, lakin kifayət deyil. Bu gün İraq beynəlxalq terrorizmlə mübarizənin mühüm səngərlərindən biridir və bütün ölkələr öz imkanları çərçivəsində İraq dövlətinin istəyinə və ehtiyacına kömək etməlidirlər.

İran İslam Respublikası İraqa hücum edən terror qrupların əsl mahiyyətini nəzərə alaraq və bu ölkə ilə uzun sərhədlərə malik olan bir qonşu ölkə kimi İraqın hazırkı vəziyyətindən nigarançılığını gizlətmir. İran regionda məsuliyyətli və təsirli bir ölkə olaraq qonşu ölkədə baş verənlərə biganə qala bilməz.

Əlbəttə, İran İslam Respublikası bu fikirdədir ki, İraq dövlətinin terroristlərə və bu ölkənin sabitliyini pozan qüvvələrə qarşı mübarizə aparmağa kifayət qədər imkanı və canlı qüvvəsi var. Eyni halda biz, qonşu ölkənin düşdüyü bu təhlükəli durumu nəzərə alaraq İraq dövləti ilə lazımi məşvərətlərimizi və tövsiyələrimizi veririk.

Sözsüz dünya ölkələrinin İraq dövlətinin istəyinə və ehtiyacına məsuliyyətli yanaşması bu ölkədə sabitliyin bərqərar olması üçün öz töhfəsini verəcək. İnanırıq ki, İraq xalqı və ordusu bu meydanda da qalib olacaq və bu mənfur qüvvələri məhv edəcək".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR