Lavrov Bakı səfərində çantasında nə gizlədibmiş?
Bizi izləyin

Nida.az

Lavrov Bakı səfərində çantasında nə gizlədibmiş?

Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Bakı səfəri Barrozunun səfəri fonunda avropalı siyasətçilərlə “yarışa” bənzəyirdi. Lakin sərt rusiyalının çantasında gizlətdikləri Azərbaycan üçün əhəmiyyətsiz deyildi.

“Çay gətirin, düz stəkanda...”

Azərbaycanın baş diplomatı Şimalın soyuğundan gəlmiş həmkarını küləkli Bakının istisi ilə qızındırmağa çalışırdı, bu həm də söhbətin isti keçməsinə hesablanmışdı. Məmmədyarovun protokoldan uzaq formada Lavrovu qapıda qarşılaması da xüsusi diqqətçəkən idi. “Sizi qarşılamaq üçün şəxsən çıxmışam”.

“İzvestiya” jurnalistinin yazdığına görə, Məmmədyarov Lavrovu belə qarşılayır. İsti çay içdikdən sonra jurnalistləri diplomatik qaydada uzaqlaşdırıb başa-baş söhbətə başlayırlar. Və o zaman qara çantada saxlanılanlar masanın üzərinə düzülür.

Biz qara çantada nələrin olduğunu bilmirik, sadəcə, ehtimal etmək gücümüz qalır. Baş diplomatlar mətbuat konfransında olduqca ehtiyatlı davranırlar. Lakin rus diplomatın açıqladığı iki fikir düz stəkanda çay içərkən danışılan mövzulara müəyyən mənada işıq tutur.

“Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı Azərbaycana heç bir rəsmi dəvət olmayıb”.

“Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir əlaqəsi yoxdur”.

Lavrovun mətbuata çıxışında bu iki cümlə xüsusilə diqqət çəkir və qapalı görüş haqda müəyyən təsəvvürlər yaradır.

Rus diplomatın çantasında gizlətdikləri:

1. Azərbaycanı Avrasiya İttifaqına üzvlüyə razı salmaq, bu onsuz da bəlli məsələdir.

2. Bu ittifaqa görə Rusiyanın Qarabağı, yaxud ən azından ətraf rayonları qaytaracağı gözləntiləri həddindən böyükdür. Bakı Moskvanı anlamalıdır.

3. “Putinin ittifaqı”na qoşulmursa, Bakı başqa bir ittifaqda da yer almamalıdır.

4. Ermənistan ittifaqa Qarabağsız girəcək, bundan narahat olmayın.

Lavrovun görüş sonrası bəyanatından çıxan nəticə budur ki, Bakı rus diplomatın gətirdiyi ittifaqa qoşulmaq niyyətində deyil.

“Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı Azərbaycana heç bir rəsmi dəvət olmayıb”.

Lavrovun bu sözləri bunu deməyə əsas verir. Çünki buna qədər bir sıra rusiyalı rəsmiləri, siyasətçiləri Bakıya “yanımıza gəl” çağırışı etmişdi. Görünür, Lavrov bu çağırışları sığortalayır.

Azərbaycanda ən böyük gözlənti “Putinin ittifaqına girərsək, torpaqlar qaytarıla bilər” idi.

Lakin “Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir əlaqəsi yoxdur”la rus diplomatı bunun üzərindən xətt çəkdi. Deməli, Bakı birdəfəlik, yaxud da uzun müddətə Avrasiya İttifaqına meyillənməyəcək.
Lavrov Moskvaya əliboş qayıdırdı, amma məmnun da görünürdü. Məmnunluğuna səbəbsə təkcə isti çay deyildi, o, Bakının Rusiyaya arxa çevirib Qərbə üz tutmayacağının mesajını da almışdı. İndiki məqamda Kreml üçün bu ən vacibi idi.

Məhz buna görə, “Ermənistan BMT prinsipləri çərçivəsində təsdiq olunmuş sərhədləri ilə Avrasiya İttifaqına daxil olacaq” deyə o bəyan etdi.

Kremlə vaxt qazanmaq və bir qədər güclənmək üçün hazırda Bakının neytrallığı lazımdır. Görüşdən çıxarılan nəticə budur. Amma ayın sonu Şimaldan yeni siyasətçilər gəlir. Təbii ki, yenə isti çaylar süzüləcək, yenə Moskvanın özünəməxsus olmayan, yumşaq təkidləri davam edəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm