“Bütün müxalifət birlikləri dağıla bilər” - Ərəstun Oruclu
Bizi izləyin

Nida.az

“Bütün müxalifət birlikləri dağıla bilər” - Ərəstun Oruclu

Azərbaycan siyasəti böhran üstündədir. Bu böhranın bitmə nöqtəsi görünmür, lakin artıq bitməyə doğru gedir. Qarşıdan parlament seçkilərinin gəlməsi ilə yanaşı, digər tərəfdən dünyada qlobal çevrədə ciddi dəyişikliklər baş verir

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Ərəstun Oruclunun Publika.Az –a müsahibəsi

-Müxalifət düşərgəsində nə baş verir, gərginliyin, qarşıdurmanın səbəbləri nədir?

-Siyasətdə belə bir şey var: uğuru bölüşmək daha asandır, nəinki uğursuzluğu. İnsanlar ortada uğurlu nəticə olanda bunu özünün uğuru sayır, uğursuzluğu isə başqasının ayağına yazmağa çalışır. Bu insanın təbiətindən gələn şeydir. Ümumiyyətlə, bu, yeni situasiya deyil, əvvəllər də belə olub. Uzun müddətdir ki, Azərbaycan siyasəti böhran üstündədir. Bu böhranın bitmə nöqtəsi görünmür, lakin artıq bitməyə doğru gedir. Qarşıdan parlament seçkilərinin gəlməsi ilə yanaşı, digər tərəfdən dünyada qlobal çevrədə ciddi dəyişikliklər baş verir. Şübhəsiz ki, heç bir ölkə, o cümlədən Azərbaycan bu prosesdən kənarda qalmayacaq, qala da bilməz. İstər-istəməz hansısa təsirlər az yaxud çox səviyyədə olacaq. Bu baxımdan hesab edirəm ki, 3-4 ay durğunluqdan sonra siyasi aktivliyin artması müstəvisinə keçəcəyik. Təkcə müxalifət düşərgəsində deyil, cəmiyyətdə də bunun işartıları görünür. Şübhəsiz ki, bir il, yaxud bir il yarımdan sonra parlament seçkiləri ərəfəsində tamamilə fərqli mənzərə yaranacaq. Ən azı 2013-cü ilin prezident seçkiləri ərəfəsindəki mənzərəni çətin görək. Ona görə ki, artıq bir çox siyasi partiyalar, qurumlar, hərəkatlar koalisiya, müxalifət birlikləri məsələsinə ehtiyatla yanaşırlar. Çünki illər boyu bu birliklər, koalisiyalar yetərincə uğursuz olub. Çox güman ki, bu paradiqmalar, format üzərində geniş siyasət konsepsiyasını görəcəyik. Amma şübhəsiz ki, bunun hamısı Azərbaycana beynəlxalq təsirlərin artması ilə müşahidə olunacaq. Bunun üçün yetərincə ciddi səbəblər var. Səbəblərdən biri də odur ki, Qərb, xüsusilə ABŞ-İran münasibətləri tam yeni müstəviyə keçir. Bir tərəfdən NATO qoşunlarının Əfqanıstandan çıxarılması yaxın zamanlarda yekunlaşır, digər tərəfdən Şərq Tərəfdaşlığı proqramı üzrə Avropa genişlənməsi davam edir. Əlbəttə bunların fonunda demək ki, hər şey seçkilərdəki kimi qalacaq, yaxud iki il və ya ötən ilki kimi olacaq, bu yanlış olar. İstənilən halda yeni situasiya yaranacaq və bu situasiya özünü həm daxili, həm xarici, həm iqtidar, həm də müxalif müstəvilərdə göstərəcək.

-O zaman hesab etmək olar ki, qarşıdakı dövrdə hazırki birliklər, bloklar dağılsın, yaxud təsisçilər tərəfindən buraxılsın?

-Mümkündür. Hər-halda bu birliklərin effektivliyi görünmür. Bəlkə həqiqətən də kimlərdəsə mövcud blokları effektiv işləyən siyasi koalisiyalara çevirmək alınacaq. Lakin şəxsən mənə inandırıcı görünmür. Bunun da obyektiv səbəbləri var. Bunlardan birincisi odur ki, son 20 ildə mövcud olmuş bloklar - bir neçəsi xaric, o da mütləq əksəriyyəti azlıqdır - sırf siyasi prinsiplər üzərində qurulmayıb, ya şəxsi münasibətlər üzərində qurulub, ya da şəxsi münasibətlər üstündə dağılıb. Yaxud da hansısa ötəri maraqlar üzərində yaradılıbdır. Əslində bu hədəflər, məqsədlər üzərində yaradılmalıdır ki, bu da olmayıb.

-Şəxsi maraqlar, şəxsi münasibətlərdən danışdınız. Hazırkı mənzərə odur ki, müxalif düşərgə sanki siyasəti iqtidara gəlmək üçün deyil, şəxsi münasibətlərini aydınlaşdırmaq üçün istifadə edir.

-İnam olmayanda belə olur. Tutalım ki, müxalifət partiyaları və qurumları iqtidara gəlməyə özündə güc, inam tapmayanda, şübhəsiz ki, aktuallığını, təsir dairəsini qoruyub saxlamaq üçün, sıralarını genişləndirmək üçün başqa mübarizə məkanları, hədəfləri axtarır. Bu da adətən müxalif düşərgədə olur. İqtidarla mübarizə strateji hədəfə yönəlmiş mübarizədir. Orda ehtimal görünmürsə, nəticə yoxdursa, başqa forma seçilir.

-Yeni partiyaların meydana çıxması ehtimallarını necə qiymətləndirirsiniz?

-Belə ehtimallar yüzlərlədir. Ola da bilər, olmaya da. Hər şey yaranacaq situasiyadan asılı olacaq. Yeni situasiya yaranacaqsa, mümkündür ki, mövcud partiyaların özlərinin daxilində dəyişikliklər olsun, yeni dəyərlər, prinsiplər ortaya çıxsın. Bütün variantlar mümkündür. Lakin hər bir variantın zəruri şərtləri olmalıdır. Əgər belə şərtlər olacaqsa, yeniliklər ola bilər. Həmçinin bu və ya digər formatlar meydana çıxa, partiyalararası transferlər ola bilər.

-Milli Şuranın perspektivini necə görürsünüz?

-Çətin sualdır. Gördüyümüz odur ki, daxilində sular tam durulmayıb. Bulanıqlıq hələ də qalır, bir-birini ittiham edənlər hələ də var. Bu ittihamların mahiyyətinə baxdıqdan gərginliyin artması görünür. Bu baxımdan perspektivlə bağlı konkret fikir söyləmək çətindir. Şəxsi fikrim budur ki, Milli Şura əvvəldən uğurlu format olmayıb. Sürətlə yaranan, bir çox məsələlərə aydınlıq gətirilmədən yaradılıb. İldırımvari proses idi. Belə proses də nadir hallarda uğur qazanır. Mənim fikrimə görə, yaxın iki ayda bu qurumda da hər şey aydınlaşacaq.

-Siz AXCP və Müsavata yaxın olmusunuz. Müəyyən dövrlərdə təkrar-təkrar ortaya çıxan iki partiya arasındakı münasibətlərin kökündə nə dayanır?

-Dərinə gedəndə bu iki partiya arasında fundamental ziddiyyətlər yoxdur. Görünür şəxsi münasibətlər, şəxsi maraqlar, partiya maraqlarından irəli gəlir.

-Burda kiminsə haqlı olduğunu demək mümkündür?

-Əgər dava baş verirsə, burda hər iki tərəfin səhvləri var. Mən deməzdim ki, bir tərəf haqsız, o biri haqlıdır. İstənilən münasibətdə tərəflərin öz haqları var. Ola bilər hansısa haqlı olsun. Zənnimcə münaqişə baş veribsə, bu, artıq hər iki tərəfin də müəyyən günahkar olması deməkdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm