“Azərbaycanın təklifini erməni biznesmenləri də müzakirə edə bilər”
Bizi izləyin

Nida.az

“Azərbaycanın təklifini erməni biznesmenləri də müzakirə edə bilər”

Xəbər verildiyi kimi, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov dünən verdiyi açıqlamada Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakına toxunub. Nazir müavini bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməklə, Azərbaycana yardım edib, çox şeyə nail ola bilər.

O, həmçinin bildirib ki, Rusiyanın bu məntəqədə əsas marağı Azərbaycanla bağlı olmalıdır. “Çünki, Azərbaycan ən böyük əraziyə, ən böyük insan resursuna malik, ən sabit, etibarlı və ən qabiliyyətli hökuməti olan ölkədir. Azərbaycan Rusiya üçün yaxşı tərəfdaş ola bilər. Məncə, Rusiyanın əsas marağı Azərbaycanı inkişaf etmiş, sabit, etibarlı strateji qonşu kimi görməkdən ibarət olmalıdır”, - A.Əzimov deyib.

Publika.az-ın verdiyi xəbərə görə, ermənilər A.Əzimovun bəyanatından müəyyən nəticələr çıxarıb.

Erməni ekspert Akop Badalyan bəyanatın Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərindən sonra səslənməsinə diqqət çəkir. Onun sözlərinə görə, A.Əzimovun bəyanatı Rusiya və Azərbaycanın Dağlıq Qarabağ məsələsində razılaşmadığını göstərir: “Sergey Lavrov Bakıda təsadüfən bildirmədi ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü Dağlıq Qarabağ problem ilə bağlı deyil. Görünür, Rusiya Dağlıq Qarabağ məsələsində yardım əvəzinə Azərbaycandan Avrasiya İttifaqına daxil olmağı tələb edir. Azərbaycan isə Dağlıq Qarabağ məsələsində Moskvanın planlaşdırdığından daha çox tələb edir”.

“İstisna edilmir ki, Əzimov ölkəsinin nəhəng resurslarına işarə edərək Qarabağın digər hissəsini almaq üçün Moskvaya pul təklif edir. Bakıda bilirlər ki, Kreml üçün ticarət hər şeydən yüksəkdir. Məhz Azərbaycana satılan silahlar Moskvanın ticarət maraqlarının hər şeydən üstün olduğunu göstərdi. Şübhə yoxdur ki, Kremldəki biznesmenlər də təklifi ən azından müzakirə edəcəklər. Bundan başqa, təklifi bəzi erməni biznesmenləri də müzakirə edə bilərlər”, - erməni eksperti deyib.

Erməni cəmiyyəti buna nə dərəcədə müqavimət göstərə biləcəyinə gəlincə, A.Badalyan yalnız ümid etməli olduqlarını qeyd edib: “Rusiya indiyə kimi heç də daha az əhəmiyyətli obyektlər verilməyib. Əfsuslar olsun ki, müqavimət olmayıb. Görünür, Rusiya Ermənistandakı əhval-ruhiyyənin öyrənilməsi üçün daimi monitorinqlər keçirir, vaxtaşırı hansısa mövzuları ortaya ataraq cəmiyyətin reaksiyasını öyrənməyə çalışır. Bundan sonra isə müvafiq mexanizmlərin hazırlaması üçün istifadə edilir”.

S.Lavrovun Rusiya və Azərbaycanın yeni “biznes-sazişi”nə münasibətini öyrənmək üçün İrəvana gələcəyini bildirən erməni ekspert Ermənistanın indiyə kimi bu ölkələr arasındakı hərbi-texniki sazişləri kifayət qədər sakitcə qəbul etdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm