Riçard Morninqstar öz evində qəbul keçirib
Bizi izləyin

Nida.az

Riçard Morninqstar öz evində qəbul keçirib

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda öz iqamətgahında ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının 150 nəfərdən çox azərbaycanlı finalçıları və ən son məzunları üçün qəbul mərasimi keçirib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda öz iqamətgahında ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının 150 nəfərdən çox azərbaycanlı finalçıları və ən son məzunları üçün qəbul mərasimi keçirib.

Vətənə qayıdan məzunlar və 2014-cü ilin finalçıları FLEX, UGRAD, Fulbrayt tələbə və məzun proqramlarını təmsil edirdilər.

Tədbirdə, həmçinin Önəmli Dil Təqaüdü Proqramı çərçivəsində Azərbaycan dilini öyrənmək və dil bacarıqlarını təkmilləşdirmək məqsədilə Azərbaycana səfər edən Birləşmiş Ştatlardan olan tələbələr iştirak ediblər.

Səfir eyni zamanda Məzunların Kiçik Qrant Proqramının resipiyentlərinə ABŞ Dövlət Departamentinin Tamamlama Şəhadətnamələrini təqdim edib. Liderlik təlimindən milli iştiraka, ətraf mühit haqqında maarifləndirmə kampaniyalarına qədər müxtəlif sahələrdə həyata keçirdikləri icma layihələrinə görə 10 komandaya maliyyə vəsaiti təqdim edilib.

Səfir şəxsi işlərdən və iş fəaliyyətlərindən vaxt ayırıb Azərbaycan cəmiyyətinə könüllü şəkildə kömək göstərdiklərinə görə kiçik qrant alanlara təşəkkür edib.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar tələbələri və məzunları təbrik edib. O bildirib ki, bu mübadilə proqramları ABŞ və Azərbaycan arasında anlaşmanı təkmilləşdirmək üçün çox vacibdir. Səfirin sözlərinə görə, müxtəlif proqramlarda iştirak edən tələbələr vətənə qayıtdıqdan sonra ABŞ-ın əslində necə bir ölkə olması barədə dostlarına, tanışlarına danışırlar.

O qeyd edib ki, məzunlar öz ölkələrində Azərbaycanın bundan sonrakı inkişafına və daha da tanınmasına əhəmiyyətli töhfə verəcək.

Səfir həmçinin bu gün bütün dünyada Beynəlxalq Qaçqınlar Gününün qeyd olunduğunu xatırladaraq bildirib ki, bu, bir daha münaqişə nəticəsində öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan və həmin yerlərə qayıtmaq arzusunda olan insanları xatırladır: "Bugünkü gün bir daha münaqişənin tez bir zamanda həll edilməsi və o insanların işğal edilmiş torpaqlarda, Dağlıq Qarabağdakı öz doğma yurd-yuvalarına qayıda bilməsinin əhəmiyyətini xatırladır. Yəni bu, o deməkdir ki, biz münaqişənin nizamlanması üçün əlavə səylər göstərməliyik".

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılar sürətli tanışlıq bölümündə iştirak ediblər. Bu, hazırkı yeni finalçılara məzunlarla tanış olmaq və onların Birləşmiş Ştatlarda yaşamaq və təhsil almaq təcrübələrini öyrənməyə imkan verib.

Qeyd edək ki, 1992-ci ildən bu vaxta qədər ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilən 25 müxtəlif proqram vasitəsilə 5000-dən çox azərbaycanlı tələbə, mütəxəssis və elmi işçi Birləşmiş Ştatlarda təhsil alıb və səfər edib. ABŞ hökuməti tərəfindən hər il təxminən 100 nəfər azərbaycanlı tələbə və elmi işçisinin ABŞ-da təhsil almaq imkanı maliyyələşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm