İsa Qəmbərin 2015-ci il PLANI
Bizi izləyin

Nida.az

İsa Qəmbərin 2015-ci il PLANI

Müxalifət düşərgəsi “Milli Strateji Düşüncə Mərkəzi”ni təsis etdi.

İlk baxışdan intellektual təəssüratını yaradan bu mərkəzin təşəbbüsünün Müsavat Partiyasının tərəfindən gəlməsi isə kartları müəyyən mənada açır. Əslində İsa Qəmbərin Milli Şuradan ayrıldıqdan sonra müxalifətin ayrıca birlik qolunun yaradılacağı gözlənilirdi. Lakin İ. Qəmbər bir qədər ağıllı davranıb yaradılan mərkəzin bütün məsuliyyətini öz üzərinə götürmədi. Bütün hallarda isə bu mərkəzin Milli Şuraya, dolayısı ilə AXCP-yə alternativ olduğunu demək olar. Təsadüfi deyil ki, mərkəzə, əsasən, müsavatçı və Müsavata yaxın şəxslər toplanıb.

AXCP-nin bu mərkəzə münasibəti isə birmənalı deyil. Bir müddət öncə Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı Publika.az-a açıqlamasında bildirmişdi ki, belə bir mərkəz onlar üçün maraqsızdır.

“Bunlar AXCP üçün əhəmiyyətsiz məsələlərdir. Bizim buna diqqət ayırmağa nə vaxtımız var, nə də həvəsimiz. İctimai Palata da AXCP üçün əhəmiyyət daşımırdı. Çünki Milli Şura yaranarkən İP-in fəaliyyətinə faktiki olaraq son qoyulmuşdu. İP bizim üçün tarixin bir mərhələsidir. Biz bu gün tarixdə qalmış bir məsələ ilə deyil, ölkə gündəminə adi olan daha vacib məsələlərə məşğul oluruq. Daha vacib işlərimiz var. AXCP-nin bu cür məsələlərə vaxt ayıraraq özünü gündəmdə saxlamağa ehtiyacı yoxdur”,– deyə o qeyd etmişdi.

Hazırda partiya quruculuğu ilə məşğul olan Azad Demokratlar Partiyasının (ACP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər yeni mərkəzə müsbət baxdığını deyib.
“Bu mərkəzi kimin təsis etməsindən asılı olmayaraq, çox yaxşı addımdır. Azərbaycanda strateji düşüncə çatışmazlığı var. Ona görə də nə qədər çox düşüncə quruluşu, analitik mərkəzlər yaransa, bir o qədər ölkədə strateji düşüncə çatışmazlığının aradan qaldırılmasına töhvə vermiş olarıq”,– deyə o bildirib.

Mərkəzin əsas strateqlərindən hesab olunan Pənah Hüseyn isə mərkəzin İsa Qəmbər tərəfindən təsis edildiyi fikri ilə razılaşmır. Onun sözlərinə görə, mərkəz intellektual siyasətçilər tərəfindən yaradılır: “İsa Qəmbər bu məsələdə moderator olduğu üçün yalnız onun adı hallanır”.

Lakin Müsavata yaxın mənbədən əldə etdiyim məlumat isə situasiyanın bir qədər fərqli olduğuna dəlalət edir. Belə ki, mənbənin məlumatına görə, bu mərkəz 2015-ci il parlament seçkiləri öncəsi yaradılacaq birliyin ilkin təməllərinin atılmasına hesablanıb. Mərkəzə müxalif düşərgənin tanınmış simaları cəlb olunacaq və beləliklə, müxalifətdəki əsas rəy bu mərkəzdən yaradılacaq.
“Sonrakı mərhələdə isə yeni birliyin yaradılması üzərində iş aparılacaq. Güman ki, gələcəkdə Cəmil Həsənlinin də bura cəlb olunması planları var, amma eyni şeyi AXCP haqda demək çətindir”,– deyə məlumatda deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm