“Maqnitski siyahısı” Azərbaycana tətbiq oluna bilərmi?
Bizi izləyin

Nida.az

“Maqnitski siyahısı” Azərbaycana tətbiq oluna bilərmi?

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus yeni yaratdığı Repressiyalara Müqavimət Mərkəzinin ilk “Maqnitski siyahısı”nın Azərbaycan versiyasının təqdimatını keçirib.

L.Yunusun “Maqnitski siyahısı”na ilkin olaraq 6 hakimin adı daxil edilib. Onların arasında “Nida”çıların işinə baxan hakim Cavid Hüseynov, Pərviz Həşimlinin hakimi Novruz Kərimov, Anar Məmmədlinin işi üzrə hakim Rauf Əliyev, İsmayıllı, Yadigar Sadıqov və Hilal Məmmədovun məhkəmələrini aparan hakimlər daxildir.

Məlumatlara görə, Azərbaycanın “Maqnitski siyahısı” ilə bağlı müzakirələr iyunun 15-də Senatda Azərbaycanla bağlı keçirilən dinləmələrdə də müzakirə olunub.

L.Yunus “Maqnitski siyahısı”nın müəllifi Amerika senatoru Bencamin Kardinlə bu barədə müzakirələr də aparıb. Eyni zamanda, bu məsələ Avropa Komissiyasının sədri Joze Manuel Barozzunun Bakı səfərində də qaldırılıb. Barozzunun vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə müzakirə olunan bu məsələyə AB təmsilçisinin mövqeyi müsbət olub. Və o, belə bir siyahının hazırlanmasının yaxşı hal ola biləcəyini söyləyib.

L.Yunusun hazırladığı “Maqnitski siyahısı”na gələcəkdə vicdan məhbusları ilə bağlı işləri aparan prokurorluq və polis işçilərinin də adları daxil ediləcək. Bu adlar növbəti mərhələdə açıqlanacaq. Son mərhələdə isə bu işlər üzrə sifarişçilərin adları siyahıya salınaraq, cəmiyyətə elan olunacaq.

“Maqnitski siyahısı” niyə yarandı və kimə qarşıdır?

Qeyd edək ki, “Maqnitski siyahısı” 2012-ci ilin dekabrında ABŞ insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı istifadə olunur. Bunun hazırlanmasına səbəb 2009-cu ilin noyabr ayında Moskvada “BOZDUR” investisiya fondu və “Hermitage Capital Management”lə əməkdaşlıq etmiş və təşkilatdan vergi ödənişindən boyun qaçırmaqla yüzlərlə milyon rubl mənimsədiyi deyilən auditor Sergey Maqnitskinin ölümüdür. Auditorun ölümü Qərbdə də ictimai rezonans doğurub. Ardınca Amerika senatoru Bencamin Kardin “Maqnitski siyahısı”sını təşkil edərək Rusiya məmurlarını bura daxil edib. Belə ki, S. Maqnitskinin ölümünə cəlb olunan və insan hüquqlarının pozulmasında məsuliyyət daşıyan məmurların adları siyahıya daxil edilir, onlar viza və maliyyə sanksiyasına məruz qalırlar. Hazırda viza və hesabları dondurulan 60 Rusiya məmurunun olduğu deyilir. Eyni zamanda, 12 milli parlament, o cümlədən Böyük Britaniya, İsveç, İtaliya, Kanada, Niderland da bu iş üzrə sanksiyalara baxırlar.

“Burada erməni icması və Azərbaycanı Rusiya ilə eyniləşdirmək istəyənlərin marağı var”

Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Asim Mollazadə isə bu siyahının Azərbaycan məmurlarına qarşı tətbiq edilməsini mümkünsüz hesab edir. A. Mollazadə Publika.az-a açıqlamasında deyib ki, bunu iddia edənlər Azərbaycanı Rusiya ilə eyniləşdirmək istəyirlər: “Burda fərqli məqam odur ki, Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır, bununla yanaşı, Azərbaycan-Amerika münasibətləri tamamilə başqa istiqamətdə inkişaf edir. Azərbaycan ABŞ-ın milli təhlükəsizliyi üçün önəmlidir”.

A. Mollazadə qeyd edib ki, burada həm erməni icması, həm də Azərbaycanı Rusiya ilə eyniləşdirmək istəyənlərin marağı var.
“Məqsəd ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməkdir. Amma ABŞ-ın dövlət marağı bu münasibətləri pozmağa imkan verməyəcək”,– deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm