• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

BAXCP-dən seçki qərarı

  • Nida.az
  • 24 İyun 2014 10:27
  • 495 Baxış
BAXCP-dən seçki qərarı

Partiyanın Ali Məclisi bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul etdi

İyunun 22-də BAXCP Ali Məclisinin növbəti sessiyası kerilib. Bu barədə məlumat verən partiyanın mətbuat xidmətindən bildirilib ki, Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəy və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütla yad olunmasından sonra, məclis iştirakçıları Azərbaycanın Dövlət Himnini oxuyublar. Sessiyanı giriş sözüylə açan Ali Məclisin sədri Teyyub Qənioğlu gündəliyi məclis iştirakçılarının diqqətinə çatdırıb və ötən müddət ərzində görülən işlərdən bəhs edib. Sonra isə ictimai-siyasi məsələlərlə bağlı çıxış üçün sözü BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə verib.

"Ermənistana sanksiyalar tətbiq olunmasını qaldırdım"

Qüdrət Həsənquliyev sessiya iştirakçılarının diqqətinə Azərbaycanda bir neçə mühüm tədbirin keçirildiyini və bundan sonra da keçiriləcəyini çatdırıb: "Bunlardan biri NATO Parlament Assambleyasının "Rose Routh" seminarı idi. İyunun 28-də isə ATƏT Parlament Assambleyasının Azərbaycanda ilk dəfə olaraq sessiyası keçiriləcək. Bu, əhəmiyyətli bir tədbirdi və çox ciddi məsələlər müzakirə olunacaq. Mətbuata verilən məlumata görə, plenar iclasa Rusiya ilə bağlı ABŞ tərəfindən qətnamə layihəsi təqdim olunub".

BAXCP sədri məlumat üçün bildirdi ki, bu yaxınlarda Vilnüsdə NATO Parlament Assambleyasının iclası keçirilib: "Həmin tədbirdə iştirak edirdim və Ermənistana sanksiyalar tətbiq olunmasını qaldırdım. Rusiyanın Krımı işğal etməsindən sonra Rusiya NATO Parlament Assambleyasından kənarlaşdırıldı və bu ölkə hətta Vülnusdakı iclasa dəvət də olunmadı. Söylədim ki, niyə Ermənistana münasibətdə bu sanksiylar tətbiq olunmur? Çünki Ermənistan da təcavüzkar dövlətdir, Rusiyanın etdiklərini hələ 22 il bundan öncə Ermənistan Azərbaycanda həyata keçirib. Və bu gün də təcavüzkar dövlət olaraq təcavüzə haqq qazandırır və Ukraynanın ərazi bütövlüyünə BMT-nin Baş Assambleyasında səs verməyib. Ancaq çox təəssüf ki, orada yenə heç kim məni müdafiə etmədi. Hətta Ukraynanın öz nümayəndə heyəti də məni müdafiə etmədi. İclasdan çıxanda Ukraynanın NATO-dakı səfiri mənə yaxınlaşdı və minnətdarlığını bildirdi. Ona söylədim ki, sizin mənə minnətdarlığınız yox, prinsipial mövqeyiniz lazımdır. Dedim ki, siz ən azından biriniz söz alıb Ermənistanı ərazi bütövlüyünüzü tanımadığına görə pisləyə bilərdiniz. Və bu zaman mənim sanksiya ilə bağlı çağırışıma dəstək vermiş olardınız. Hər zaman söyləmişəm, yenə də deyirəm ki, nə Gürcüstan, nə Moldova, nə Ukrayna, baxmayaraq ki, GUAM üzrə bizim müttəfiqlərimizdi, heç vaxt bizi müdafiə etməyiblər. İqtidarın da nümayəndələri ən azından Gürcüstanın və Moldovanın ərazi bütövlüyü ilə bağlı dəstək ifadə ediblər. Ancaq o ölkələrdən heç bir nümayəndə-istər iqtidar, istrsə də müxalifət olsun-bizə dəstək verməyib".

"Dünyada xristian həmrəyliyi var"

BAXCP lideri bir məsələnin də üzərində dayandı və bildirdi: "Hərdən bizdə də söyləyirlər ki, niyə Azərbaycan hökuməti Ukraynanı ciddi-cəhdlə dəstəkləmir? Sual verirəm həmin insanlara ki, bu gün 50 milyonluq Ukrayna 2 milyonluq Ermənistanla bizə görə münasibətlərini korlamaq istəmir və onun haqqını müdafiə etdiyimiz məqamda belə sözümüzə dəstək vermir. İndi biz 50 milyonluq Ukraynaya görə, 140 milyonluq Rusiya ilə münasibətlərimizi nədən gərginləşdirməliyik? Biz onsuz da Ukraynanın ərazi bütövlüyünə dəstək vermişik.

Artıq 10 ilə yaxındır mən NATO Parlament Assambleyasındayam, 3-cü ilə də keçib ki, Avronestdə Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Kifayət qədər xarici səfərlərim olur və xarici diplomatlarla həm Azərbaycanda, həm də ölkədən kənarda kuluarlarda, çay süfrəsi ətrafında təmaslarım yaranır. Hamısı birmənalı şəkildə söyləyirlər ki, sizin problemin həlli Rusiyadan asılıdır. Ancaq rəsmi tədbirlərdə bu barədə danışmırlar. 3 gün ərzində Bakıda keçirilən "Rouse Routh" seminarında Ermənistan nümayəndə heyətilə davamız getdiyi müddətdə də xarici ölkələrin parlamentarilərinin biri də Azərbaycanın haqq səsinə səs vermədi. Mən söyləyəndə ki, dünyada xristian həmrəyliyi var, o zaman məni qınayırlar. Və güman edirlər ki, iqtidarı dolayısıyla dəstəkləmək məqsədilə, yaxud problemlərin real həllinin baş tutmamasına haqq qazandırmaq üçün bu cür fikirləri ortaya atıram. Ancaq siz bilin ki, dünyada çox ciddi islamafobiya mövcuddur. Qərbdə və Avropada islamdan qorxu, eyni zamanda islama nifrət, bunun qarşılığında da xristian həmrəyliyi var. Bu xristian həmrəyliyi ilə bağlı adi bir detalı mətbuatdan güman ki, oxumusunuz. Macarıstanın diplomatıyla Litva diplomatı arasındakı danışığı deyirəm. Onlar Azərbaycan barədə danışırlar və biri o birinə deyir ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var. O biri isə deyir ki, bilirsən sonda ermənilər xristiandırlar.

Xristianlar öz aralarında vuraşa da bilərlər, ancaq söhbət Azərbaycan müstəvisinə gələndə, islam, xristian müstəvisinə gələndə və həmin dövlətin özünün də bu və ya digər məsələdə konkret marağı olmayanda, o zaman birmənalı olaraq dəstək xristian ölkəsinə olacaq. Hansı ki, biz bunu müşahidə edirik. Burda həm xristian həmrəyli mövcuddur, həm də erməni diasporası çox güclüdür. Avropanın, Amerikanın heç bir siyasətçisi onlarla üz-üzə gəlmək istəmir və onlara problem yaranmasını arzulamırlar. Ən yaxşı halda susmağa üstünlük verirlər".

Müharibə olarsa...

Qüdrət Həsənquliyev son müsahibələrinin və çıxışlarının mətbuatda çox böyük rezonans doğurduğunu bildirdi: "Bu, heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Mən demişəm ki, Azərbaycan əgər Dağlıq Qarabağ problemini həll etmək istəyirsə onun iki yolu var. Birinci yol odur ki, hazırda müharibə çox riskli olduğu üçün biz Rusiya ilə dil tapmalıyıq. Azərbaycanda Rusiyanın maraqlarını təmin etməyə çalışmalıyıq. Sözsüz ki, dövlət müstəqilliyindən imtina etməmək şərti ilə. Qarşılığında Rusiya təminat versin ki, biz Dağlıq Qarabağa qayıdırıq, işğal altındakı Dağlıq Qarabağı və 7 rayonu azad edirik. Bu zaman hətta Rusiyanın irəli sürəcəyi ən ağır şərti-burada Rusiyanın hərbi bazası yaradıla və rus əsgərlərinin Azərbaycana qayıtması baş verə bilər-belə Qarabağ naminə mümkün sayıram. Bu mənim şəxsi fikrimdir. İkinci yol isə, yəni Rusiya buna getməyəcəyi təqdirdə, artıq müharibə yoludur. Azərbaycan gözünün qarşısına almalıdır ki, biz Rusiya və Ermənistanla vuruşacağıq. Ancaq buna baxmayaraq peşəkar ordu qururuq, ölkənin bütün iqtisadi gücünü, neft fondunda toplanmış vəsaitləri müdafiə sənayesinin inkişafına və ordunun ən müasir silahlarla təchizinə yönəldirik. Eyni zamanda, ölkədə milli barışıq istiqamətində addımlar atılır, ölkədə torpaqların azad olunması üçün güclü təbliğat işi başlayır, xalq müharibəyə hazırlanır və biz torpaqlarımız azad olunması istiqamətində addımlar atırıq. Çıxışımın əvvəlində söylədim ki, bu çox risklidir. Ona görə ki, bir tərəfdə İran var. Hərçənd ki, bunu bilmirəm, ancaq ayrı-ayrı cəbhəçilər də deyirdilər ki, 1992-93-cü illərdə İranın bəzi siyasiləri açıqlamalar veriblər ki, "müharibə dayanmasa biz müdaxilə edə, köməklik göstərə bilərik". Bunların hamısı o vaxt baş verirdi ki, İran ümid edirdi ki, bəlkə Azərbaycanda da İrandakı kimi bir islam dövləti qurulacaq. Ancaq mən əminəm ki, İran bu illər ərzində əmin olub ki, Azərbaycan insanı dünyavi dövlətçiliyə bağlı insandır və burda yenidən islam respublikası qurmaq çox çətindir. Bunun üçün İranın Azərbaycana müharibə başlayacağı təqdirdə dəstək vermiş olmasını gözləmək mənasızdır. Proseslərin də gedişi bunu göstərir ki, İran artıq Ermənistana dəmir yolu xətti, qaz kəməri çəkir. Hərbi sahədə əməkdaşlıq etməklə bağlı sənəd imzalayıb. NATO Parlament Assambleyasında Ermənistan nümayəndə heyəti İranla bağlı məsələ müzakirə olunarkən bu ölkə ilə əlaqələrinin gündən-günə genişlənməsindən fəxrlə danışdılar. Bu da onu göstərir ki, İran artıq sözdə islam respublikasıdır. Onlar islamdan siyasi məqsədlər, hakimiyyətə gəlmək üçün istifadə edirlər. Ancaq reallıqda onlar Azərbaycanın şimalındakı dünyəvi dövlət modelini özləri, öz dini rejimləri üçün böyük təhlükə sayırlar. Və buna görə də onlar Azərbaycanın bu müharibədən zəifləmiş, daha böyük itkilərlə çıxması üçün əllərindən gələni edəcəklər".

"Danışıqları Rusiya ilə aparmalıyıq"

BAXCP lideri vurğuladı ki, Rusiya da Ermənistanın hərbi-siyasi müttəfiqidir: "Hesab edirəm ki, müharibə başlayarsa Rusiya açıq formada Ermənistana dəstək verəcək. Buna görə də müharibə varinantını riskli sayıram. Bizim əleyhimizə olan adamlar, rəqiblərimiz dərhal bundan istifadə edərək təbliğata başladılar. Əli Kərimli, "Azadlıq" və "Yeni Müsavat" qəzetləri əleyhimizə yazılar yazdılar. "Yeni Müsavat" qəzeti bu kampaniyanı ona görə apardı ki, guya bizim üstümüzə gəlməklə özünün iqtidaryönlü qəzet olmasını ört-basdır edib gizlədə biləcək. "Azadlıq" qəzetinin də, bəzi mətbu orqanların da, Milli Şuraya daxil olan bəzi insanların da bizim üstümüzə hücum etməsinin səbəbi o idi ki, onlar prezident seçkiləri ərəfəsində böyük bir xəyanətə əl atmışdılar. Bu xəyanət də ondan ibarət idi ki, onlar Rüstəm İbrahimbəyovun vasitəsilə Rusiya ilə danışığa getmişdilər. O zaman dəfələrlə mətbuatda söyləmişdim ki, Rusiya indiki hakimiyyətin dəyişməsinə heç vaxt razı ola bilməz, sadəcə sizlərdən bir vasitə kimi istifadə edir ki, Azərbaycan hökumətinə təzyiq edib, nəsə qopara bilsin. Ancaq zənn etdilər ki, mən əgər onları bu addımlardan çəkinməyə çağırıramsa, faktiki onların xeyrinədir. Hətta tarix boyu Qərb və Avroatlantik məkana inteqrasiya tərəfdarları olan qüvvələr Milli Şuranın təsis sənədində qeyd elədilər ki, bu qurumun siyasi kursu və Azərbaycanın gələcəyi yalnız ölkədə onlar hakimiyyətə gələndən sonra, referendum yolu ilə müəyyənləşəcək. Azərbaycanın maraqlarına zidd sənədi imzalamış insanlar, ölkənin siyasi kursundan imtina eləmiş adamlar bugün bizi ittiham edirlər. Biz nə deyirik? Biz deyirik ki, Dağlıq Qarabağın işğalının arxasında Rusiya durur. Və işğalçı dövlət həm də Rusiyadır, Rusiya ilə danışıqlar aparmaq lazımdır. Ermənistanla danışıq aparmağın heç bir mənası yoxdur. Vaxtilə mərhum prezident Heydər Əliyev Dəmirçiyanla və Vazgen Sərkisyala danışıqlar apardı. Köçəryanla ona görə bunu etmirdi, çünki bilirdi ki, Köçəryan rus hərbi kəşfiyyatının agentidir. Nə baş verdi? Parlamentdə həmin şəxsləri güllələdilər. Mən bunu NATO Parlament Assambleyasının iclasından səsləndirmişəm ki, Ermənistan müstəqil dövlət deyil. Ancaq siz deyirsiniz ki, gedin Ermənistanla danışıqlar aparın. Əgər konfliktin arxasında Rusiya durubsa və Rusiya bu problemin həllinə imkan vermirsə, deməli danışıqları Rusiya ilə aparmalıyıq. Və lazımdırsa Dağlıq Qarabağ naminə Rusiyaya güzəştə getməliyik. Mən demirəm ki, bizim şərtlərimizi Rusiya dərhal qəbul edəcək.

Bəziləri məqsədyönlü şəkildə özlərini ya bilməməzliyə qoyurlar, bəziləri isə siyasi dələduz olduqlarına görə məsələyə bu nöqteyi-nəzərdən yanaşırlar ki, "Qüdrət Həsənquliyev deyir gəlin rus qoşunlarını qaytaraq Azərbaycana və bizə kömək eləsin ki, biz torpaqlarımızı azad edək". Yəni bizə bu qədər iftira, böhtan atırlar. Heç vaxt rus qoşununun Azərbaycana çağırılıb ondan sonra Dağlıq Qarabağın azvad olunması istiqamətində hansısa addımların atılmasını təklif etməmişik. Və bundan sonra da eləyəcək səviyyədə siyasi baxımdan təcrübəsiz və naşı deyilik. Yenə də təkrar edirəm, biz deyirik ki, Rusiya ilə qarşılıqlı öhdəliklər və ikitərəfli sənədlər imzalamaq yolu ilə prosesin həllini mümkün sayırıq".

"Bizi kimsə ittiham edə bilməz"

Qüdrət Həsənquliyev çoxlarının Rusiyanın dağılacağı barədə proqnoz verdiyinə diqqət çəkdi: "Yaxşı, Rusiya dağılanda bizim imzalayacağımız müqavilələrin də SSRİ zamanında imzalanan sənədlər kimi heç bir əhəmiyyəti olmayacaq. O zaman nədən narahatsınız? Ancaq Rusiyanın dağılması 70-80 il uzansa, onda nə baş verəcək? 70 il oturub razılaşmalıyıq ki, Dağlıq Qarabağ və ətraf 7 rayon işğal altında qalsın? Bir çoxları indiki status-kvonun qorunub saxlanması tərəfdarı kimi çıxış edir. İndiki iqtidarın apardığı siyasət bu status-kvonun qorunub saxlanmasına xidmət göstərir. Bu da Azərbaycanın maraqlarına cavab vermir. Çünki Ermənistan bundan istifadə edir, yəni Suriyadan gələn ermənilər Kəlbəcərdə, Laçında, Şuşada, Qubadlıda məskunlaşdırılır.

Biz "münaqişə uzandıqca bu, Azərbaycanın maraqlarına cavab verir" kimi fikirlərlə razı deyilik. Bu münaqişənin uzanması problemin həllini daha da çətinləşdirir. Artıq Qarabağda doğulmamış yeni bir nəsil dünyaya gəlir. 22 il bundan əvvəl doğulmuş uşaqlar Qarabağı görməyiblər və təəssüratları yoxdur. Hazırda bizim Zəngəzura və İrəvana bağlılığımız, Şuşaya, Kəlbəcərə və digər işğal altında olan yerlərimizə bağlılığımız qədər deyil. Bəli, tarixi fakt kimi həmin yerlərin Azərbaycan torpaqları olduğunu deyirik. Ancaq zaman və yüz illik bir tarix vəziyyəti görün necə dəyişib.

Bizi kimsə hansısa ölkəyönümlü olmaqda ittiham edə bilməz. Biz Əbülfəz Elçibəyin davamçılarıyıq. Qanımızla, canımızla bu torpağa, bu millətə bağlı insanlarıq. Azərbaycanın suverenliyi və müstəqilliyi uğurunda bizimlə çiyin-çiyinə dayanan cəbhəçi qardaşlarımız, bu xalqın övladları qan töküblər. Ona görə də müstəqilliyimizdən vaz keçəsi deyilik, asanlıqla da biz öz suveren hüquqlarımızdan imtina etməyəcəyik. Ancaq siyasət mövcud olanı həyata keçirmək bacarığı və istedadıdır. Bugünkü reallıqlar çərçivəsində ölkəmizin maraqları üçün doğru-düzgün və cəsarətli qərarlar qəbul etməliyik".

"Avropa istəyir ki..."

BAXCP sədrinin sözlərinə görə, iqtidarın da çəkinəcəkləri var ki, Rusiya Azərbaycanın daxilinə ciddi təzyiq edə bilər: "Ona görə iqtidar Rusiya ilə məsafə saxlayır. Mən əminliklə deyirəm ki, Avropa istəyir ki, Dağlıq Qarabağı Rusiyanın əli ilə Ermənistana versin. İstəyirlər ki, biz Rusiya ilə əbədi düşmən olaq, həm də özlərinin istəkləri reallaşsın. Bunun üçün biz Qərbin istədiyinə getməməliyik.

Ukraynada baş verənləri siz yəqin ki, diqqətlə izlədiniz. 1994-cü ildə Ukrayna özünün nüvə silahlarını təhvil verdi və bunun müqabilində Böyük Britaniya, ABŞ və Rusiya bu ölkənin ərazi bütövlüyünə qarant oldular. Amma görün nə baş verir: Qarant dövlətlərdən biri- Rusiya Ukraynanın torpağını işğal edir, o biri ikisi isə sakitcə bəyan edirlər ki, əgər Krım işğal olunsa biz Rusiyaya sanksiya tətbiq edəcəyik. Bu bilirsiniz nə deməkdir? Yəni get Krımı işğal elə, biz sənə olsa-olsa sanksiya tətbiq edəcəyik. Və beləliklə də, Rusiyanı Krımı işğal etmək üçün şirnikləndirdilər. İki slavyan respublikasını - hansı ki, onların kökləri birdir və onların bu gün fikir ayrılıqları ola bilər - düşmən edərək üz-üzə qoydular. Krım işğal olunandan sonra işğala əmr verən Putinə və bu siyasətin müəyyənləşdirilməsində yaxından iştirak edən insanlara sanksiya tətbiq etmədilər, ancaq onuncu dərəcəli insanlara sanksiya tətbiq olundu. Və Putini şirnikləndirdilər ki, sən Şərqi Ukraynanı da işğal elə.

Biz azərbaycanlılara görə Amerikanın hansısa ştatının Fransanın və yaxud Kanadanın tərkibində olmasının əhəmiyyəti olmadığı üçün, onlara görə də Krımın Rusiyanın, yaxud Ukraynanın tərkibində olmasının əhəmiyyəti yoxdur. Onların istədiyi odur ki, Rusiyanın ətrafında düşmən ölkələrin həlqəsi yaransın. Əgər Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa Azərbaycanla da həmin düşmənçilik yaranacaq. Necə ki, Gürcüstanla bağlı bunu yaratdılar. Xatırlayırsınızsa, Kandaliza Rays gəldi Gürcüstana və gedəndən üç gün sonra Gürcüstan Osetiyaya hücum elədi. Kimi inandırmaq olar ki, Kandaliza Rays Gürcüstana gələndə bu barədə göstəriş verməyib. Saakaşvili kimi adam Amerika ilə razılaşmadan hava udmurdu. Bilirdi ki, Amerikasız Gürcüstan mövcud ola bilməz. Belə olduğu halda Gürcüstanı aldatdılar və Rusiya bu ölkəyə müdaxilə elədi. İvanaşvili Rusiya meyilli insan idi. Ancaq o da hakimiyyətə gələndə Gürcüstanın siyasətini dəyişə bilmədi. Çünki xalqın Rusiyaya qarşı nifrəti var. Artıq gürcülərlə rusları bir-birinə qarşı düşmən ediblər. Azərbaycanla da bağlı istəklərinə nail olsalar anti-rus zolağı yarana bilər. Böyük dövlətlər çox təəssüf ki, kiçik xalqlardan və respublikalardan hər zaman özlərinin siyasətlərini həyata keçirmək məqsədilə istifadə ediblər. Və bundan sonra da istifadə edəcəklər. Kiçik dövlətlərin də başında müdrik insanlar durmalıdır ki, böyük dövlətlərin qarşıdurmasından öz ölkəsini yayındıra bilsin".

Qüdrət Həsənquliyev bildirdi ki, çoxları bizim Türkiyə ilə yaxınlaşmağımız bu problemlərin həllinə yardımçı ola biləcəyini təklif edir: "Türkiyə bizim üçün qardaş respublikadır. Ancaq bu respublikanın imkanları çox məhduddur. Və bu respublikanın elitası Qərbdən və Amerikadan xeyli dərəcədə asılıdır. Bu gün İraqda nələr baş verdiyini görürsünüz. Kərkükdə kürdlər bir tərəfdən, İŞAD da digər tərəfdən türklərə necə zülm edirlər. Burada Türkiyənin 70 diplomatını girov götürdülər. Bu isə təəssüf doğuran bir haldır. NATO-nun tədbirində erməni ittiham edəndə ki, bəs türk onları, yəni bizi, müdafiə edir. Mən dedim ki, baxın 1992-ci ildə Kəlbəcər işğal olunanda prezident Əbülfəz Elçibəy Türkiyədən iki vertalyot istədi ki, insanları çıxardaq. Ancaq Türkiyə bunu bizə vermədi və dedi ki, bu, konfliktə müdaxilə kimi qiymətləndirilə bilər. Ancaq Avropanın təzyiqi və sizin müraciətiniz əsasında Ermənistana 5 min ton taxıl verildi.

Türkiyədən bizə bu gün verdiyi dəstəkdən artığını gözləmək mümkün deyil. Türkiyənin iş adamları gəlib İrəvanda təntənəli surətdə konfranslar keçirirlər. İstanbuldan Ermənistana təyyarə reysləri açıblar. Ermənistanla Türkiyənin sərhədinin bağlı qalması yalnız mənəvi-siyasi dəstək xarakteri daşıyır. Ermənistanın iqtisadi baxımdan ayaq üstə qalmasının səbəbkarı Rusiya deyil. Rusiya onun hərbi-siyasi müttəfiqidir. Ermənistanın iqtisadi baxımdan ayaq üstə qalmasının səbəbkarı iki müsəlman dövlətidir. Biri deyir din, təriqət qardaşıyıq. O birisi də deyir türkük, müsəlmanıq. Və hər ikisi Eormənistanla ticari əlaqələri dayandırmır. Ermənistandan olan 40 min miqrant Türkiyədə yaşayırlar və öz ölkələrinə pul göndərirlər. Bunu da baş nazir Ərdoğan deyir. Bu da baş nazir üçün utanc gətirən bir haldır. Yəni baş nazir miqrasiya haqqında qanunu siyasi məqsədlər üçün pozmağa belə gedir. Sevgimiz öz yerində, mən əminəm ki, Türkiyənin imkanı olsaydı və siyasiləri müstəqil olsaydı bizə daha yaxından köməklik göstərərdi. 20-ci əsrin əvvəlində Bakını ermənilərdən azad elədikləri kimi indi də Dağlıq Qarabağın kazad olunmasında iştirak edərdilər.

Çox təəssüf ki, reallıqlar və dünya dəyişib.

Atatürk deyirdi ki, "türkün türkdən başqa dostu yoxdur". Ancaq bu deyimin məğzi xeyri dərəcədə daralıb. İndi biz Azərbaycana münasibətdə deyirik ki, Azərbaycan türklərinin Azərbaycan türklərindən başqa güvənəcəyi başqa birisi yoxdur. Azərbaycan türkünün güvənə biləcəyi yer Cənubi Azərbaycandakı soydaşlarımızdı. Biz onların azad olması, Milli Azadlıq Hərakatının başlanması üçün - mən demirəm dövlət səviyyəsində və açıq formada - onlara yardımçı olmalıyıq ki, Azərbaycan bütöv bir dövlət olsun. Əbülfəz Elçibəy deyirdi ki, "Şuşaya gedən yol Təbrizdən keçir". Bəy onu nəzərdə tuturdu ki, Azərbaycan böyük və güclü dövlət olmayınca, özünə güvənməyincə Qarabağın azad olunması problem olaraq qalacaq".

"İqtidar islahatları güclü olduğu dövrdə aparmalıdır"

Sonda BAXCP lideri hər zaman dediyi məsələni bir daha təkrarladı: "Partiya olaraq iqtidarı iqtisadi və siyasi islahatlar aparmağa çağırırıq. Biz eyni zamanda iqtidarı çağırırıq ki, məhkəmə islahatları aparılmalıdır. Təəssüf ki, əksini görürük. 2000-ci ildən bizim Cinayət Məcəlləsinə andlı iclaslar institutu daxil edilib ki, şəxsin təqsirsizliyini artıq məhkəmə yox, andlı iclasçılar, yəni sizlərin arasından seçilən 12 nəfər şəxs müəyyənləşdirməliydi. Avropada cəmi 10-15 dövlət istisna olmaqla bütün dövlətlər bunu qəbul edib. Çox təəssüf ki, bu məsələ qanunvericilikdən çıxarıldı. Mən buna etirazımı bildirdim və geriyə doğru atılmış addım olduğunu dedim.

Bu gün iqtidar güclüdür, müxalifət isə zəifdi. İqtidar isə islahatları güclü olduğu dövrdə aparmalıdır. Ona görə ki, zəif iqtidar islahatları həyata keçirəndə çox hallarda bu, zəiflik kimi qəbul olunur və sonda siyasi proseslərin nəzarətdən çıxmasına yol açır. Və ölkə xaosa sürüklənir. Ancaq indi iqtidarın imakını var ki, yaranmış bu tarixi şansdan və şəraitdən istifadə edərək ölkədə demokratiyanın genişlənməsi, qanunun aliliyinin bərqərar olunması istiqəmətində müəyyən addımlar atsın.

Sonra söz BAXCP-nin baş katibi Söhrab Abdullayevə verildi. Söhrab bəy partiyanın bütün seçkilərdə, o cümlədən bələdiyyə seçkilərində fəal iştirakından danışdı və bildirdi ki, bu seçkilərdə də aktiv fəaliyyət göstərmək üçün partiyanın namizədlərinə hər cür dəstək veriləcək. Və sonda Ali Məclis BAXCP-nin bələdiyyə seçkilərində iştirak etməsi üçün qərar qəbul etdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR