«Cəbhədə vəziyyətin gərginləşməsi Rusiyanın Qərbə mesajıdır»
Bizi izləyin

Nida.az

«Cəbhədə vəziyyətin gərginləşməsi Rusiyanın Qərbə mesajıdır»

Vəfa Quluzadə: «Qərb Ukrayna müxalifətinin arxasında çox möhkəm dayanıb»

Ukraynanın paytaxtı Kiyevdə milislə müxalifət fəalları arasında qarşıdurma səngimək bilmir. Toqquşmalarda beş nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Gərginlik ölkənin regionlarına da keçib. Bu arada Avropa Birliyi və ABŞ rəsmiləri də Ukrayna müxalifətinə dəstəyini ifadə edib, eyni zamanda rəsmi Kiyevdən gərginliyin səngiməsi üçün addımların atılması tələb edilib. Artıq qan tökülməsinə görə məsuliyyət daşıyan Ukrayna rəsmilərinə qarşı sanksiyaların da gündəmə gələcəyi ehtimalı artıb. Hadisələrin belə inkişafı Ukraynaya nə vəd edir? Mövzu ilə bağlı politoloq Vəfa Quluzadənin azadliq.info-ya verdiyi müsahibəsini təqdim edirik.

- Ukraynada hadisələrin ikinci dalğası daha sərt oldu. Bu nə qədər gözlənilən idi və hadisələrin sonrakı inkişafını necə görürsünüz?

- Bu gözlənilən idi. Çünki ortalıqda çox prinsipial məsələ durur. Ya Ukrayna Rusiyanın yanına qayıdır, ya da öz müstəqilliyini davam edir, Avropaya doğru özü üçün yol açır. Hiss olunur ki, Ukrayna vətəndaşlarının əksəriyyəti Rusiyaya, yəni keçmişə qayıtmaq istəmir. O səbəbə görə də burda ciddi qarşıdurma var. O qarşıdurmada da hiss olunur ki, Yanukoviç stabilliyi qoruya bilmir. Yanukoviç xalqına müraciət edə bilmir, xalqın tələbini ödəyə bilmir. Ona görə də yəqin ki, gedəcək. Üstəlik, Qərb Ukrayna müxalifətinin arxasında çox möhkəm dayanıb. Bunu bilmək lazımdır. O səbəbə görə də onlar istədiyinə nail olacaq. Yanukoviç getməlidir və gedəcək də. Amma bir şeydən narahatam. Rusiya Ukraynada mövqelərini itirdiyinə görə qəzəbi bizim üstümüzə tökə bilər. Indi atəşkəs xəttində vəziyyət həyəcanlıdır, atəşkəs pozulub. Orda, demək olar, müharibə gedir. Indi əgər Rusiya o qərara gəlsə ki, Amerikanın maraqlarına Azərbaycanda təhlükə törətsin, onda burda çox xoşagəlməz hallar ola bilər. Yenidən müharibə qızışa bilər. Cəbhədə vəziyyətin gərginləşməsi Rusiyanın Qərbə mesajıdır. Rusiya Qərbin Ukraynadakı fəaliyyətindən narazıdır. Rusiya burdakı vəziyyəti gərginləşdirərək demək istəyir ki, mən sizin Cənubi Qafqazdakı maraqlarınıza zərbə vura bilərəm. Bütün cəbhə xəttində atəşkəsin pozulması məhz bununla əlaqədardır. Cəbhədə vəziyyətin gərginləşməsi Rusiyanın Qərbə mesajıdır.

-Ukraynada artıq qan tökülüb. Eyni zamanda ölkənin şərqində Yanukoviçə dəstək ifadə edən aksiyalar keçirilir. Belə vəziyyət vətəndaş müharibəsinə gətirib çıxara bilərmi?

-Hesab etmirəm ki, bu baş verə bilər. Vətəndaş müharibəsi olmaq üçün gərək Rusiya Ukraynaya qoşun göndərsin. Qərbi Ukrayna, Lvov tərəfi hamısı silaha sarılsın. Həqiqətən də onlar indi silahlanır. Yəni orda hər hansı halda Ukraynanı xoşluqla Rusiyaya verməyəcəklər. Sözsüz ki, vətəndaş qarşıdurması da ola bilər. Bu məsələdə Rusiyadan da çox şey asılıdır. Rusiya Ukraynaya qoşun yeritməyə cəsarət edəcəkmi? Inanmıram buna cəsarət etsin.

-Baş verənlər Avropa Birliyinin də Ukrayna məsələsində qətiyyətli olduğunu göstərir. Artıq həm Avropadan, həm də ABŞ-dan sanksiya hədələri gəlir. Qərbin mövqeyi Ukrayna hakimiyyətinə nə vəd edir?

- Birincisi, sanksiya söhbətləri var. Ikincisi də, Avropa Birliyi birmənalı surətdə dedi ki, biz Ukraynanı qəbul edərik, amma Yanukoviçsiz. Yanukoviç, Azarov, onların hökuməti gərək getsin ki, Ukrayna yeni iqtidarla Avropa Birliyinə daxil olsun. Avropa Birliyi dəli olmayıb ki, Putinin komandasına milyardlarla pul versin. Onlar ona görə Ukraynanın çökmüş iqtisadiyyatına investisiya qoymaq istəmədilər ki, hakimiyyətdə Putinin komandasıdır.

- Avropa Birliyi Yanukoviç hakimiyyətinə qarşı sanksiyalardan əlavə daha hansı sərt addımlar ata bilər?

- Ukraynanın bütün oliqarxlarının, Yanukoviçin, yaxınlarının hamısının pulu Qərbdədir. Bunu bilmək lazımdır. Ona görə inanmıram ki, Yanukoviç cəsarət edib gücdən istifadə etsin, Ukraynanı Rusiya ilə bərabər işğal etsin.

- Avropa Birliyinin Ukrayna məsələsində göstərdiyi qətiyyətdən belə başa düşmək olur ki, “Şərq Tərəfdaşlığı” proqramının genişlənməsində israrlı olacaq. Belə olan halda Azərbaycan baş verənlərdən özü üçün hansı nəticəni çıxarmalıdır?

- Bu yaxınlarda Azərbaycan da Brüsseldə öz mövqeyini nümayiş etdirdi. Ilham Əliyev Brüseldə Azərbaycanın NATO ilə əməkdaşlıq etdiyini və bu əməkdaşlığın güclü inkişaf etdiyini artıq sərgilədi. Hesab edirəm ki, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı da güclənəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm