Moskva “göz yaşlarına inanmadı”, ümidlər yenə Qərbədir
Bizi izləyin

Nida.az

Moskva “göz yaşlarına inanmadı”, ümidlər yenə Qərbədir

Milli Şuranın təşəbbüsü ilə Azərbaycan ictimaiyyəti adından ölkənin Avropa Birliyinin Assosiasiya sazişinə qoşulmasına çağıran bəyannamə qəbul edilib.


Müxalifətin Avropaya gecikmiş mesajı


Ötən il yaradılan prezident seçkilərinə hesablanmış Milli Şuranın bu cür qərbyönümlü addımı diqqət çəkir. Çünki bu qurum Rusiyanın Azərbaycanda siyasi təsirini artırmaq üçün yaradılmışdı. Bunun belə olduğunu qurum üzvlərinin özü də təsdiq etmişdi. Misal üçün, Pənah Hüseyn “Biz ilk dəfə müəllifi olmadığımız layihədə iştirak edirik” deyə bildirmiş, İsa Qəmbərsə “Milli Şuranı milliləşdirdik” deyə açıqlamışdı.

Təsadüfi deyil ki, uzun illər qərbyönümlü fəaliyyəti ilə seçilən qurumdakı partiyaların ötən il Moskvaya üz tutması Qərb dairələrində xoş qarşılanmamışdı və nəticədə bütün dəstək kəsilmişdi. Buna ən böyük səbəblərdən biri də qurumun nizamnaməsində avrointeqrasiya müddəası üzərində baş verən mübahisə idi. Müsavat Qərbin incikliyindən tez duyuq düşdü və geri çəkildi. Yerdə qalanlar ümidlərini itirməmişdi, lakin sonrakı proseslər Moskvadan xeyir gəlmədiyini göstərdi. Daha dəqiq desək, Moskva “göz yaşlarına inanmadı” və Azərbaycan müxalifətinin “Qərb müdafiəçiləri” tarixi səhvlərini etiraf etdilər.

Bu baxımdan, Milli Şuranın avrointeqrasiya təşəbbüsünü bu səhvin düzəldilməsinə edilən cəhd kimi qiymətləndirmək olar.
4 maddəli bəyannamədə Rusiya kifayət qədər tənqid edilir, Azərbaycan müstəqilliyinə Moskvanın böyük təhlükə olduğu bildirilir. Ən doğru çıxış yolu kimi Avropa göstərilir.


Qərb etirafları qəbul edəcəkmi?

Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, Milli Şura bu addımı ilə Qərb qarşısında səhvlərini etiraf edərək imdad diləyir: “Bu siyasi təşkilatlar qərbyönümlü olsalar da, Rüstəm İbrahimbəyov onları Rusiya dəyərlərinə doğru əyə bilmişdi. Moskvadan gözləntiləri böyük idi. Amma bu gözləntilər özünü doğrultmadığını görəndə, yenidən Qərbə üz tutdular. İndi isə Azərbaycan hakimiyyətinin Qarabağın həlli ilə bağlı yeritdiyi manevrləri, diplomatik cəhdləri Rusiyaya meyillənmək kimi dəyərləndirirlər. Zənnimcə, bu məsələdə onlar həddindən artıq subyektiv yanaşırlar. Çünki Qarabağ məsələsində onlar özləri də mümkün olan variantları alqışlamalıdırlar. Yəni avropalıların dəyərləri öz yerində, amma Avropanın Azərbaycan və Dağlıq Qarabağ siyasəti, bu siyasətdəki ikili standartlar bəyənilməlidir? Avropanın özü bu gün Türkiyəyə Ermənistanla sərhədləri açması üçün təzyiqlər edir, yaxud qondarma erməni soyqırımına dəstək verir. Bu baxımdan, rəsmi Bakının bugünkü manevrləri dəstəklənməlidir. Siyasi konyunkturalarına görə vaxtilə Qərbi Rusiyaya satanlar, yenidən ümidlərini Avropaya bağlayır”.

Q. Hüseynli Milli Şuranın Qərb qarşısında etiraflarının qəbul olunacağı ehtimalını yüksək qiymətləndirmir. “Amma güman ki, Qərb gələcək siyasətində onlardan yenidən istifadə etsin. Əvvəlki inamın qalacağı isə bir qədər şübhəlidir”,– deyə politoloq bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm