• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

R.İbrahimbəyov Türkiyədə istintaqa çağırıla bilər?

  • Nida.az
  • 25 İyun 2014 14:30
  • 4 032 Baxış
R.İbrahimbəyov Türkiyədə  istintaqa çağırıla bilər?

Türkiyə polisi ülkücü kimi tanınan Hasan Tokunu yenə saxlayıb.

Avropa.info-nun yaydığı məlumata görə, buna səbəb H. Tokunun Azərbaycanın daxili işlərinə qarışmasıdır.

Qeyd edək ki, H. Toku Azərbaycanda Heydər Əliyevə sui-qəsd cəhdini yerinə yetirən şəxs kimi tanınır. Hələ ötən il iyulun 15-də Moskvada Milli Şuranın o zamankı vahid namizədi Rüstəm İbrahimbəyovla bir görüş oldu. Bu görüşün detalları və görünməyən tərəfləri ilə bağlı ilk araşdırma Publika.az tərəfindən aparılmışdı.

Görüş Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev tərəfindən Milli Şuraya dəstək məqsədilə təşkil olunmuşdu. Ardınca Milli Şuranın Rusiyada özək təşkilatı yaradıldı. Görüşdə iştirak edən isimlər xüsusilə diqqət çəkirdi, eləcə də Hasan Toku.

Belə ki, Rüstəm İbrahimbəyovla görüşdə Qabil Rzayev, “Oğuznews” agentliyinin sədri Çingiz Dadaşov, Xalqın Səsi Hərəkatının sədri Məmməd Quliyev, ROO Talış Diasporunun sədri İsmail Şabanov, İctimai xadim Qabil Məmmədov, AAMBŞ-nın Rusiya təşkilatının sədri Qalib Hüseynov, Beynəlxalq Haqq və Ədalət Assosiyasının Rusiya təmsilçiliyinin sədri Ədalət Zeynalov, Azsaylı müsəlman xalqlarının təmsilçisi Rafik Lianid İlyasoviç, Yeni Sabah təşkilatının sədri İlqar Alıyev, Moskva azərbaycanlıları cəmiyyətinin sədri Oktay Hüseynov, Moskva vilayəti azərbaycanlılarının mədəni muxtariyyət təşkilatı sədri Ziyəddin Qulubəyli və Beynəlxalq Haqq və Ədalət təşkilatının Türkiyə təmsilçiliyi sədri Hasan Toku iştirak etmişdilər.


Hasan Tokunun Türkiyə vətəndaşı olması, həmçinin 1993-cü ildə Heydər Əliyevə sui-qəsd etməsi faktı diqqət çəkirdi. Hansı ki, bu sui-qəsdə görə həbs olunan Hasan Toku Heydər Əliyev tərəfindən bağışlanandan sonra məhkəmə tərəfindən bir daha Azərbaycanın daxili işlərinə qarışmaması şərti ilə azadlığa buraxılmışdı.

Bir daha keçmişə qayıdaq: Hasan Toku 1968-ci ildə Türkiyənin Ərzurum şəhərində dünyaya gəlib. İlk, orta və lisey təhsilini Ərzurumda bitirdikdən sonra 1987-ci ildə Atatürk Universitetində fizika ixtisasına daxil olur. Universitet illərindən aktiv siyasi fəaliyyətə başlayan H. Toku Ərzurum Ülkü Ocaqları təşkilatında müxtəlif vəzifələri daşıyır, daha sonra, 1992-1993-cü illərdə təşkilatın sədri olaraq çalışır. SSRİ dağılandan sonra Naxçıvana gəlir. Naxçıvan Universitetində laborant olan Aydın Qasımovla tanış olur və 1993-cü ilin oktyabr ayında onunla birlikdə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə sui-qəsdə cəhd edir. Lakin AzTV-nin binasının qarajında Heydər Əliyevin binadan çıxmağını gözləyərkən polis tərəfindən yaxalanırlar. O, Azərbaycan məhkəmələri tərəfindən 8,5 illik həbs cəzasına məhkum edilir. Türkiyəyə verildikdən sonra öz ölkəsində də cəzasını davam edən Hasan Tokunu Heydər Əliyev bağışlayır və Heydər Əliyevin 13 mart 2002-ci il tarixli əfv fərmanı ilə Həsən Toku da azadlığa çıxır.

Azərbaycanda həbsdən buraxılandan sonra Həsən Toku Türkiyəyə gedir və İstanbulun Atatürk hava limanında təyyarədən düşən kimi həbs edilir. Ancaq məhkəmədə sorğulanandan sonra buraxılır. Türkiyədə AKP-nin iqtidara gəlişindən sonra Həsən Toku yenidən təqib olunur. 2006-cı ildə o vaxtkı ədliyyə naziri, indiki parlament spikeri Cəmil Çiçəyin icazəsi ilə İstanbul məhkəməsində onun barəsində ömürlük həbs cəzası tələbi ilə cinayət işi qaldırılır. H. Toku barəsində həbs-qətimkan tədbiri seçilmir və o, azadlıqda qalır.

Üzərindən 3 il keçir və eyni işlə bağlı Türkiyə məhkəməsi 2009-cu ildə onu 30 il həbsə məhkum edib. Lakin 2012-ci ildə yüksək məhkəmə olan Yarğıtay H. Toku barəsində çıxarılmış hökmü məhkumun eyni ittiham üzrə cəzasını çəkdiyini əsas gətirərək ləğv edib.

Buna baxmayaraq, Türkiyənin ədliyyə sistemi bozqurdçudan əl çəkməyib və Yarğıtayın hökmündən şikayət verilib.


Yayılan məlumata görə, H. Toku həbs edilib və güman ki, yenidən məhkəmə qarşısına çıxarılacaq. Burda ən xüsusi məqam H. Tokunun məhkəməsində ötən ilin iyulun 15-də görüşdə iştirak etdiyi şəxslərin də iştirakının vacibliyidir. Yəni onun Azərbaycanın daxili işlərinə qarışıb-qarışmamasını aydınlaşdırmaq üçün şahid qismində həmin şəxslər də dindirilməlidir. Bu şəxslər arasında hazırda Rusiyada yaşayan, Milli Şuranın fəxri sədri, kinodramaturq Rüstəm İbrahimbəyov da var.

Publika.az-ın Türkiyə qanunvericiliyi üzrə apardığı araşdırmada məlum olub ki, qanun buna icazə verir. Əgər proseslər bu istiqamətdə gedərsə, məhkəmə təkcə R. İbrahimbəyov və həmin görüşdə iştirak edən şəxslərlə kifayətlənməyə bilər. O zaman Milli Şura da prosesə cəlb oluna bilər.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR