Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Avropanı tənqid etdi
Bizi izləyin

Nida.az

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Avropanı tənqid etdi

"İndi Avropada fərdi və kollektiv mənsubluq hissi sürətlə güclənir. XXI əsrdə milli sərhədlərin assimilyasiyası, mədəni müxtəlifliyin formalaşması insan cəmiyyətinin səciyyəvi cəhətlərindəndir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan bu gün də etnik və dini baxımdan müxtəlifliyin olduğu ölkədir".

Publika.az-ın məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyun sessiyası çərçivəsində dünən Avropa cəmiyyətlərində multikulturalizm haqqında hesabatın müzakirələrində Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova bildirib.

Onun sözlərinə görə, müxtəliflik, pluralizm, insan haqlarına və insan ləyaqətinə hörmətə əsaslanan milli şüurun və Avropa identikliyinin formalaşmasında müxtəlif mədəniyyətlərin rolu danılmazdır:

"Mədəni müxtəliflikdən danışarkən müxtəlif ölkələrdə fərqli anlam verilən multikulturalizmi qeyd etməmək mümkün deyil. Bəziləri multikulturalizmin özünü doğrultmadığını düşünür. Mən “multikulturalizmin kiçik cəmiyyətlərin mədəni təcridini gücləndirdiyini” deyən çıxışçının fikirləri ilə razılaşmıram. Hesab edirəm ki, təcrübə multikulturalizmin alternativinin olmadığını göstərir. Onun alternativləri diskriminasiya, ksenofobiya və irqçilikdir".

Müzakirə olunan hesabatda əksini tapan bəzi fikirlərə münasibət bildirən Sahibə Qafarova təəsüflə qeyd edib ki, hesabatda hətta monoetnik ölkə olan Ermənistan da mədəni müxtəlifliyi olan ölkə kimi təqdim olunub:

"Çox təəssüf ki, hesabatda Azərbaycan haqqında heç bir məlumat verilməyib, halbuki, Azərbaycanı ziyarət edən müxtəlif dövlətlərin rəhbərləri, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri ölkəmizi tolerantlıq və multikulturalizm nümunəsi adlandırır, Azərbaycanda tətbiq olunan modeli mükəmməl hesab edirlər.

Azərbaycan əsrlər boyu burada yaşayan müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin vətənidir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan bu gün də etnik və dini baxımdan müxtəlifliyin olduğu ölkədir. Bu gün xristian və yəhudi icmaları müsəlman icması ilə birlikdə bərabər hüquqlardan yararlanır. Son onilliklərdə Azərbaycan hökumətinin təşəbbüsü və iştirakı ilə multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində bir çox mühüm tədbirlər keçirilib.

Cari il mayın 15-də Azərbaycan Prezidenti “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında” Sərəncam imzalayıb. İnanıram ki, biz mövcud müsbət təcrübəni daha geniş miqyasda tətbiq etməliyik və hesab edirəm ki, Avropa Şurasının üzv ölkələrindən olan Azərbaycandakı mədəni müxtəliflik barədə məlumat hesabatı zənginləşdirə bilərdi".

Daha sonra S.Qafarova vurğulayıb ki, qlobal təhdidlər, terrorizm, dini qarşıdurma meyilləri şəraitində birgə mövcudluq istəyinin diqqətli və həssas yanaşma tələb etdiyi bir vaxtda bu sahədə hazırkı addımlarımız və gələcək tədbirlər heç də milli, mədəni və mənəvi dəyərlərimizdən imtina ilə nəticələnməməlidir, dini və milli fərqlər qarşıdurma yaratmamalıdır:

"Əksinə, biz öz inam və düşüncələrimizi başqalarına məcburən qəbul etdirmədən ümumbəşəri dəyərləri qorumaq və yaşatmaq üçün səmimiyyət, xoş niyyət, hörmət əsasında birgə əməkdaşlıq etməliyik. Hesab edirəm ki, biz buna ümumi məkanımız olan Avropada nail ola bilərik".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm