Eldar Namazov Milli Şuradan getməyi kiminlə razılaşdırıb?
Bizi izləyin

Nida.az

Eldar Namazov Milli Şuradan getməyi kiminlə razılaşdırıb?

Eldar Namazov sonda Milli Şurada qalan, eləcə də bu qurumdan çıxan və əvvəldən Milli Şuraya qoşulmayan dostlara uğurlar arzu edib.

Bu gün "El" hərəkatının sədri ELdar Namazovun Milli Şuradan getməsi haqda xəbər yayıldı. MŞ daxilində gedən son proseslər fonunda bu istefa bəlkə də normal qarşılana bilər. Lakin MŞ-nin faktiki qurucusunun E. Namazov olduğundan bu o qədər də gözlənilən hal deyil və prosesdə hansısa mübhəm məqamlar olması barədə də ehtimallar yaradır. O mübhəm məqamlar nədən ibarətdir? Gün ərzində E. Namazov və rəhbəri olduğu "El" hərəkatı haqda yayılmış üç informasiyanı təqdim edirik. Xronoloji ardıcıllıq üzrə təqdim etdiyimiz informasiyalar bəlkə də Milli Şura ətrafında baş verənlərə aydınlıq gətirə bilər.

1)

11.53

“El” hərəkatı qurultaya hazırlaşır

“El” hərəkatı qurultaya hazırlaşır. Hərəkatın mətbuat xidmətindən Publika.Az –a verilən məlumata görə, bu məsələ İdarə Heyətinin yanvarın 24-də keçirdiyi iclasında müzakirə edilib.



İdarə Heyətinin toplantısında hərəkatın sədri Eldar Namazov son dövrdə görülən işlər haqda danışıb, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımlardan danışıb və bu ilin fevralında Fransaya, may ayında isə ABŞ-a gözlənilən səfəri barədə informasiya verib.

Daha sonra İdarə Heyətinin gündəliyi təsdiq edilib. Gündəlikdə əsas məsələ kimi hərəkatın qurultayına hazırlıq və cari məsələlər geniş müzakirə edilib. Qurultaya hazırlıq işləri ilə bağlı İdarə Heyətinin üzvləri çıxış edib. Sonda Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin yaradılması haqda qərar verilib və Eldar Namazov yekdilliklə Təşkilat Komitəsinə sədr seçilib. İdarə Heyəti 2014-cü ilin sonuna qədər hərəkatın birinci qurultayı keçirilməsi haqda qərar və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə bu işləri başa çatdırmaq üçün səlahiyyət verib.

Cari məsələlərin müzakirəsi bölümündə bir sıra məsələlər diqqətə alınıb və müvafiq qərarlar verilib.İdarə Heyəti Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin 130 illiyi haqda silsilə tədbirlər planını müzakirə edərək təsdiqləyib.Toplantıda Seyran Rəfiyev, Məzahir Şahvələdov və İldırım Məmmədov İdarə Heyətinə yeni üzv seçilmələri münasibəti ilə təbrik edilib.

2)ABŞ-ın Azərbaycandakı səfiri Eldar Namazova nə tapşırıb?

25.01.2014 14:20

"El” hərəkatı üzvlərindən birinin “Olaylar”a verdiyi məlumata görə, yanvarın 24-də Eldar Namazov qurumun idarə heyətinin iclasını keçirərək ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşü barədə məlumat verib.

Eldar Namazov bildirib ki, görüş zamanı, o, ABŞ səfirinə “El” hərəkatı, 2013-cü il prezident seçkilərində qurumun fəaliyyəti və gələcək planları barədə məlumat verib, həmçinin Morninqstarla Milli Şurada mövcud durum, müxalifət partiyaları arasında ziddiyyətlərin kəskinləşməsi və digər məsələləri müzakirə edib.

Mənbənin sözlərinə görə, Morninqstar “El” hərəkatını izlədiklərini və təşkilatın gələcək fəaliyyəti ilə bağlı konkret planlarının olduğunu açıqlayıb. ABŞ səfiri bildirib ki, Milli Şuranın mövcud miskin durumu, AXCP və Müsavat arasında ziddiyyətlərin daha da kəskinləşməsi onun ciddi məyusluğuna səbəb olub. Səfirin sözlərinə görə, davamlı daxili qarşıdurma şəraitində yaşayan partiyalar aparıcı qüvvə missiyasını yerinə yetirə və hakimiyyətə qarşı real güc ortaya qoya bilməzlər. Onlardan fərqli olaraq, “El” hərəkatı güclü siyasi qüvvə, “ana müxalifət” olmaq üçün potensiala malikdir. Bunun üçün “El” hərəkatı partiyaya çevrilməli, fəaliyyətini genişləndirməli, regionlarda ciddi təşkilatlanma işi aparmalı və üzvlərinin sayını artırmalıdır. Ziyalıların quruma cəlb edilməsi işinə xüsusi diqqət verilməlidir. Yeni yaranacaq partiyanın ideoloji fəaliyyətini gücləndirmək və təbliğatını işini təşkil etmək üçün internetdə ciddi iş təşkil olunmalı, həmçinin mətbuat orqanı təsis edilməlidir. Morninqstar bir vaxtlar Eldar Namazovun rəhbərliyi ilə çıxan “Panorama” qəzetinin fəaliyyətinin bərpa olunmasını təklif edib.

Ölkənin ictimai-siyasi həyatında fəallığın artırılması məsələsinə gəldikdə, ABŞ səfiri Namazova deyib ki, “El” ölkədəki siyasi proseslərdə aktiv iştirak etməli, digər müxalifət partiyaları, QHT sektoru ilə yaxından əməkdaşlıq etməli və ən əsası, bələdiyyə seçkiləri də daxil olmaqla qarşıdan gələn bütün seçkilərdə iştirak etməlidir. Səfirin sözlərinə görə, bütün bunlar “El”ə real müxalifətə çevrilməyə və “ana mxalifət” missiyasını öz üzərinə götürməyə şərait yaradacaq.

R.Morninqstar bu planları həyata keçirmək üçün ciddi maliyyə resurslarına ehtiyac olacağını bildiyini və tövsiyələrin yerinə yetirilməsi istiqamətində real addımlar atılacağı təqdirdə “El”ə hərtərəfli dəstək göstəriləcəyini vəd edib.

3)
Eldar Namazov Milli Şuradan getdi - ÖZƏL
25.01.2014 18:10

“El” hərəkatının sədri Eldar Namazov Milli Şurada fəaliyyət göstərib-göstərməyəcəyi haqda qərarını verib.

Bu haqda Qaynar.info-ya Eldar Namazovun özü bildirib. Onun sözlərinə görə, “El” hərəkatı ilə Milli Şuranın münasibətinə bir müddət əvvəl aydınlıq gətiriblər: “Biz Milli Şurada iştirak edib-etməməklə bağlı qərarın fərdi qaydada verilməsini düzgün hesab etmişdik. “El” hərəkatının Milli Şurada olan üzvlərinin bəzisi bu qurumdan çıxdığını bildirib, bəzi üzvlərimiz isə Milli Şurada fərdi qaydada fəaliyyətini davam etdirir. Mənim özüm də, mətbuata açıqlamam zamanı bildirmişdim ki, gələcək fəaliyyətimi daha çox hərəkatın təşkilatlanma məsələlərinə həsr etməyi planlaşdırıram.

Yanvarın 24-də hərəkatın İdarə Heyətinin toplantısı keçirilib, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və Təşkilat Komitəsinə sədrlik mənə həvalə olunub. Bizi qarşıda kifayət qədər böyük təşkilati işlər gözləyir. Eləcədə qurultayın keçirilməsi, hərəkatın rəsmən dövlət qeydiyyatına alınması, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak etmək kimi niyyətimiz var. Bütün bu işlərin çoxluğunu nəzərə alaraq, mən Milli Şurada fərdi fəaliyyətimə xitam verirəm”.

Eldar Namazov sonda Milli Şurada qalan, eləcə də bu qurumdan çıxan və əvvəldən Milli Şuraya qoşulmayan dostlara uğurlar arzu edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm