• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Strasburqda "Kollaps" xəbərdarlığı

  • Nida.az
  • 27 İyun 2014 13:09
  • 1 155 Baxış
Strasburqda "Kollaps" xəbərdarlığı

Prezident İlham Əliyev Avropa Şurasının Parlament Assambleyasının yay sessiyasında çıxış etdi. Azərbaycanın daxili və xarici siyasəti ilə maraqlanan əksər müşahidəçilər kimi, yeni medianın verdiyi fürsətlərdən yararlanaraq mən də bu çıxışı diqqətlə izlədim və incələdim.

Avropa Şurasının iclas salonları və kluarları Azərbaycan Prezidenti üçün yad, məchul bir məkan deyil. Hələ dövlət başçısı olmazdan öncə- 2001-2003-cü illərdə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə başçılıq edən İlham Əliyev, futbol üzrə hazırda davam edən dünya çempionatına uyğun təbirlə desək, meydanı da, oyunçuları da, atmosferi də şəxsən və yaxşı tanıyırdı.

Ancaq onun kifayət qədər sərbəst və sərrast çıxışının təməlində, sadəcə Avropa Şurası Parlament Assambleyası ilə bağlı təcrübə dayanmırdı.

İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik edir. Ötən dövr ərzində Azərbaycan çox sınaqla üzləşib, çox kritik mərhələlər adlayıb. Transformasiya təbəddülatları, müstəqilliyin qorunması, hakimiyyətin saxlanması kimi öncəliklərlə müşayiət olunan davamlı prosesdə İlham Əliyev həm bir dövlət xadimi kimi püxtələşib, həm də öz liderlik keyfiyyətləri ilə yeni mərhələyə qalib çıxmağı bacarıb.

Azərbaycan Prezidentinin AŞ PA-dakı nitqi də məhz dövlət idarəçiliyi təcrübəsindən və gələcəklə bağlı aydın təsəvvürlərindən qaynaqlanan bir çıxış idi. İlham Əliyev AŞ PA tribunasında həm Azərbaycanın bir müstəqil dövlət kimi hansı çətinliklərdən çıxıb bu günlərə gəldiyinin, həm də hara və necə gedəcəyinin, hansı problemləri dəf edəcəyinin fərqində olan lider kimi görünürdü.

Çıxışı və müxtəlif maraqlara dayanan, həmin maraqlar ierarxiyasında isə Azərbaycanın mənafeələri heç də ön planda olmayan avropalı deputatların suallarına yüksək diplomatik məharətlə verdiyi cavablar bir daha təsdiqlədi ki, Prezident öz xarakteri, əzmi və məsuliyyəti ilə ölkənin macəralara sürüklənməsinə izn vermək niyyətində deyil.

Bəli, bizim ölkəmizdə də demokratiya ilə bağlı problemlər var. Amma bu problemlərin sürətli həllinə mane olan minillik tarixi faktorlar və çox sayda yaxın-uzaq dövlətlər də var.

Hər gün işə gəldiyimdə üç addımlıqdakı yerüstü və yeraltı keçidləri qoyub, işıqfora gözünün ucu ilə baxmadan, hərəkətdəki sürücülərə təhlükə yarada-yarada yol adlayan onlarla piyada çıxır qarşıma. Heç bir qayda gözləməyən bu adamlar ictimai dəyərlər müstəvisində Avropa səviyyəsindəki demokratiyanı Azərbaycan üçün təhlükəyə çevirirlər. O adamlardan, üstəlik, islamlaşan kütlələrdən təşkil olunan, peşəkarlığı aşağı, etik dəyərləri nadürüstlük üzərində qurulmuş, istehsal və xidmət təcrübəsi olmayan ekonomik tabana malik bir cəmiyyət azadlıqla anarxiyanın sərhədlərini çəkə bilməyəndə məhz demokratiyanın dinamosu olan azsaylı kəsim təhlükə altında qalır.

Odur ki, protest hüququndan və ənənəsindən sui-istifadə edib Strasburqda ağzını bağlayanlar, Prezidentin timsalında Azərbaycan dövlətinə qarşı plakat açanlar demokratik dəyərlərin təəssübkeşləri yox, məhz girəvəçilərdir.

Odur ki, illər uzunu "Azadlıq" kimi Azərbaycan mətbuatı tarixində müstəsna yeri olan bir qəzetə rəhbərlik etmiş Qənimət Zahidin Həbib Müntəzirə qoşulub cığallıq və çuğulluq nümayişinə qatılması sadəcə təəssüf yox, həm də hiddət doğurur.

Axı kim bilməsə də Qənimət Zahidin bilməyə, agah olmağa çox yaxşı əqli imkanı var fərqində olsun ki, sədri Əli Kərimlinin qatılmağa cürət etmədiyi son seçkidə Cəmil Həsənli böyük fərqlə uduzmağa məhkum idi, Milli Şuranın Rüstəm İbrahimbəyov, yaxud Rüstəm İbrahimbəyovun Milli Şura avantürasından sonra isə onun Xədicə İsmayılovanın sözçüsünə dönməsi Azərbaycanda demokratiyanın inkişafına, dialoq mühitinin genişlənməsinə endirilən zərbə idi.

Gənclər daha yaxşı bilər, "Kollaps"/ "Collapse" adlı atıcının üçüncü şəxs olduğu məşhur bilgisayar oyunu var. Bu oyun Ukraynada icad olunub, Kiyev küçələrində baş verir və öz süjetinə görə xeyli dərəcədə elə günümüzün Kiyevində baş verənləri xatırladır. Oyunda Yakir adlı qara işlər görən "qəhrəman" da var. "Avropa, yoxsa Rusiya" seçimi qarşısında qoymaq arzusu ilə Azərbaycanı Ukraynaya çevirməyə can atdığı hiss olunanların hər biri həmin oyunda "Məsih naminə çalışan" Marka bənzədiyi kimi, Həbib Müntəzir, Xədicə İsmayılova, Elnur Məcid, Leyla Yunus sayaq tiplər qara işlər görən muzdlu Yakirə oxşayır.

Virtual oyunlardan fərqli olaraq, real münasibətlərdə, o cümlədən siyasi çalışmalarda insanlardan həm də qanacaq tələb olunur. İç siyasətdəki bütün mövqe fərqlərinə baxmayaraq, Ermənistanın ərazi iddialarına qarşı çıxan, "paytaxtınız belə Azərbaycan torpağıdır" deyə Strasvurq tribunasından işğalçıya meydan oxuyan dövlət başçısını dəstəkləmək bir müxalifətçinin həm də qanacaq və qan borcudur.

Artıq adını xatırlatmağa lüzum görmədiyimiz o kəslərin böyük qanacaqsızlıq sərgilədiyi Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan Prezidenti qandan da danışdı. Ancaq onun sözünü elə salondakı Maykl MakNamara kimi "Ərəb baharı"nın reformalara səbəb olacağından dəm vuran və zamanın üzüqara çıxardığı adamların çoxu anlamadı. İlham Əliyev "doğrudanmı bir erməni dövləti sizə bəs etmir? Axı bu, fəlakətə və kollapsa aparan yoldur" deyə Azərbaycan torpaqlarında ikinci xristian dövləti rəsmiləşdirmək istəyənlərə xəbərdarlıq etdi. Uzmanlara görə, kollaps damar tonusunun zəifləməsi və dövr edən qanın həcminin azalması nəticəsində törənən kəskin damar çatışmazlığıdır.

Klinik mənzərəsinə görə kollaps şoku xatırlatsa da, etiopatogenez baxımından bunlar arasında prinsipial fərq var. Kollaps ilk növbədə ürək-damar sisteminin fəaliyyətinin pozulması ilə yaranır.

Prezidentin bu müqayisəsini diplomatik dildən sadə danışığa çevirəndə məlum olur ki, İlham Əliyev torpaqlarımızda ikinci erməni dövlətinin rəsmiləşdirmək cəhdlərinin Ermənistanın "ürək-damar sistemi"nin Azərbaycan tərəfindən sıradan çıxarılması ilə sonuclanacağını, regionda yenidən qan axıdılacağı barədə ciddi xəbərdarlıq edir.

Azərbaycan Prezidentinin bu xəbərdarlığı isə qətiyyən ritorik təsir bağışlamır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR