Bakı və Ankaraya çağırış: Türkmanlara sahib çıxın
Bizi izləyin

Nida.az

Bakı və Ankaraya çağırış: Türkmanlara sahib çıxın

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) soyqırımı təhlükəsi ilə üz-üzə qalan İraq türkmanları ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.

Partiyadan Publika.az-a daxil olan müraciətdə deyilir ki, 5 min ilə yaxın İraq ərazisində məskunlaşan İraq türkmanları eramızın XI əsrindən başlayaraq Orta Asiya, Xorasan, Azərbaycan və Türkiyə türkləri (Səlcuqlar, Atabəylər, Xarəzmşahlar, İlxanlılar, Cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Osmanlılar) ilə bərabər bu ərazilərdə yaşayıblar: “5 iyun 1926-cı “Ankara müqaviləsi” ilə rəsmən Türkiyədən ayrılan İraq türkmanları tarixən bugünkü Türkiyə və Suriya sərhədlərindən başlayaraq İraqın Qut vilayətinin (qədim Azərbaycan türk tayfası “Qut”ların adını daşıyır) Bədrə bölgəsinə qədər geniş bir ərazidə yaşayırlar. Bu geniş ərazi İraqın Mosul, Ərbil, Süleymaniyyə, Kərkük, Səlaəddin (Tiqrit), Diyala, Bağdad və Qut vilayətlərini əhatə edir. Türkiyə ilə əlaqələri kəsilən dövrdən kütləvi qətliamlara, deportasiya və assimilyasiyaya məruz qalan 4 milyona yaxın İraq Türkmənləri Səddam Hüseyn rejimində bölgədə yaranan xaosdan bəhrələnən kürd peşmərgə çətələri tərəfindən soyqırımına uğradılmış, xüsusilə neftlə zəngin Kərkük və Telafərdə onlara qarşı terror aktları törədilmiş, yaşadıqları ərazilərdən sıxışdırılaraq çıxarılmış, yerlərinə kürdlər doldurulubdur. Bütün bunlar azmış kimi indi də Əl-Qaidə terror təşkilatından ayrılan “İŞİD” (“İraq-Şam İslam Dövləti”) deyilən terrorçu təşkilat Səddam Hüseynin BƏƏS partiyasından ayrılanlarla birləşərək İraq türkmanlarına qarşı soyqırımı törətməkdədirlər.

Bu gün İraq və Suriya türkmanları İŞİD, BƏƏS və kürd peşmərgələrinin əhatəsində köməksiz durumdadırlar. Bütün bunlara demokratiya və insan haqlarının müdafiəçisi Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa Birliyi və s. kimi mötəbər təşkilatlar səslərini çıxarmır, başda Türkiyə iqtidarı olmaqla bütün türk dünyası isə sanki qış yuxusundadır.
Beynəlxalq təşkilatların, böyük dövlətlərin, xüsusilə region dövlətlərinin İraq və Suriyada baş verən olaylara adekvat mövqe sərgiləməmələri, terroristlərin insanlığa qarşı törətdiyi qanlı cinayətlərə seyrçi mövqe tutmaları, terrorizmin məzhəb və etnik qarşıdurmaya çevrilməsinə biganəlik göstərmələri regionda çox ciddi narahatlıqlar doğurur.
Bəzi Orta və Yaxın Şərq dövlətlərinin məzhəb və etnik qarşıdurmalara sürükləyən siyasətləri terrorizmə, kütləvi qırğınlara və milyonlarla qaçqınlar ordusunun yaranmasına yol açmış, hətta bəzi ölkələri parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdur.

Məzhəb çatışmalarına yol açan terroristlərin ancaq Türkiyə konsulluğunun əməkdaşlarını və vətəndaşlarını əsir götürmələri, məzhəbindən asılı olmayaraq yalnız Türkmənləri terrora və müxtəlif basqılara məruz qoymaları hədəfdə türk-türkmənlərin olduğunu göstərir. Bütün bunlara nəinki dünya ictimaiyyətinin, hətta Türkiyənin hakimiyyət dairələrinin susqunluğu faciənin daha da böyüməsi ehtimalını artırır”.
KXCP dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, böyük dövlətləri, region dövlətlərini, xüsusilə Azərbaycan və Türkiyə hökumətlərini baş verən faciənin genişlənməsinin, terrorun, məzhəb qarşıdurmalarının və regionun əsas etnoslarından türkmənlərin məhv edilməsinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə, İraqı və Suriyanın parçalanmasının qarşısını almağa çağırır.

“Əks təqdirdə, bu olaylar bütün dünyanı xaosa çevirər və təkcə İraq və Suriyanın deyil, dünyadakı bütün çox etnoslu dövlətlərin parçalanmasına gətirib çıxara bilər”,- deyə müraciətdə qeyd edilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm