ATƏT PA-nın iclası başladı - Canlı yayım
Bizi izləyin

Nida.az

ATƏT PA-nın iclası başladı - Canlı yayım

Bu gün Bakıda ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası başlayıb.

ATƏT PA-nın mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, müxtəlif ölkələrdən olan 300-ə yaxın parlamentarinin iştirak edəcəyi beşgünlük sessiyada insan hüquqları, demokratiya, iqtisadiyyat, elm, ətraf mühitin qorunması, ATƏT regionunda ekstremizm, radikalizm, ksenofobiya, Ukraynadakı böhranla bağlı müzakirə və debatlar olacaq.

Plenar iclasların açılışında prezident İlham Əliyev, ATƏT-in hazırkı sədri, İsveçrənin xarici işlər naziri Didier Burkhalter, Rusiya Dövlət Dumasının sədri Sergey Naryshkin, Ukrayna Ali Radasının sədr müavini Ruslan Koshulyansky-nin çıxışları gözlənilir.

İyulun 1-də sessiyada Ukraynadakı böhranla bağlı xüsusi müzakirə olacaq. Sessiyasının sonuncu günü, iyulun 2-də siyasi, təhlükəsizlik, insan hüquqları və iqtisadi məsələlərlə bağlı tövsiyələrin yer aldığı yekun Bakı Bəyannaməsi qəbul ediləcək. Sessiyada Ermənistandan 5 deputat da iştirak edir.

Sessiyada ilk olaraq ATƏT PA-nın sədri Ranko Krivokapiç çıxış edib. O gündəliklə bağlı məlumat verib. Bundan sonra bir sıra ölkələrdən olan deputatlar bəzi suallar veriblər.

Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova Qarabağ münaqişəsi ilə bağlı ATƏT PA-nın fəaliyyətinin o qədər də yetərli olmadığını bildirib: «Bizim gündəlikdə Ukraynadakı böhranla bağlı məsələ var və biz bu məsələni müzakirə edəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu məşğul olur. Hesab edirəm ki, bu məsələdə ATƏT PA-nın fəaliyyəti zəifdir. ATƏT PA-da bu sahədə fəaliyyətini artırmalıdır».

Ranko Krivokapiç Bahar Muradovanın bu fikri ilə razılaşdığını bildirdi. Təmsil etdiyi qurumun bu sahədə fəaliyyətinin artırılmasına ehtiyac olduğunu deyib.

Daha sonra ATƏT PA-nın maliyyələşməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Ranko Krivokapiç qurumun büdcəsinin o qədər də çox olmadığını vurğulayıb. O, bu il büdcənin 1.5 faiz artırılacağını bildirsə də, görüləcək işlər üçün bunun yetərli olmadığını söyləyib: «Bütün işlərin görülməsi puldan asılıdır. Pulsuz hər hansı işi görmək mümkün deyil. Hesab edirəm ki, üzv ölkələr öz öhdəliklərinə əməl etməlidirlər».

Qeyd edək ki, ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək illik iclası iyun ayının 28-dən iyul ayının 2-dək davam edəcək. ATƏT PA-da iştirakçı ölkələr 323 deputatla təmsil olunur. İyulun 2-dək davam edəcək sessiyada ümumilikdə təqribən 500 nümayəndənin sessiyaya qatılacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm