• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“İkinci yerə iddialıyıq”

  • Nida.az
  • 28 İyun 2014 10:25
  • 416 Baxış
“İkinci yerə iddialıyıq”

Niyaməddin Orduxanlı:"Birmənalı olaraq deyə bilərəm ki, BAXCP-nin bələdiyyə seçkilərində əsas rəqibi YAP olacaq"

Bütöv Azərbaycan Xalq Xəbhəsi Partiyasının ictimai-siyasi əlaqələr üzrə müavini Niyaməddin Orduxanlının partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.

- Niyaməddin bəy, iyunun 22-də BAXCP Ali Məclisi bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul etdi. Ancaq məsələ burasındadır ki, bələdiyyə seçkilərinin keçirilməsinə 5 ay müddət qalmasına baxmayaraq ölkədə hələ də seçki abu-havası yoxdur. Sizcə bu nəylə bağlıdır?

- Çox təəssüf ki, bu bir həqiqətdir. Görünür seçkiyə az müddət qalanda bu sakitlik aradan qaldırılacaq. Artıq əksər partiyalar bələdiyyə seçkilərində iştirak etmək istəyini bildiriblər. Hətta radikal müxalifət hesab edilən Müsavat Partiyası da bələdiyyə seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Biz də BAXCP olaraq Ali Məclisin sessiyasını çağırdıq və seçkiyə start verdik. Bilirsiniz ki, son bələdiyyə seçkilərində rəsmi olaraq üçüncü yeri tutmuşuq. Bu il keçiriləcək bələdiyyə seçkilərində də çalışacağıq ki, əksər dairələrdən BAXCP öz namizədi ilə seçkiyə qatılsın. Və seçkidə də bütün imkanlarımızı səfərbər edəcəyik ki, maksimum ikinci yeri əldə edək. Birmənalı olaraq deyə bilərəm ki, BAXCP-nin bələdiyyə seçkilərində əsas rəqibi YAP olacaq.

- Bəzən deyirlər ki, bələdiyyələr icra hakimiyyətinin bir strukturu kimi fəaliyyət göstərir. Yəni icra hakimiyyətinin verdiyi tapşırıqlardan kənara çıxa bilmirlər. Sizcə bu, bələdiyyələrə verilən səlahiyyətlərin az olmasından irəli gəlir, yoxsa başqa bir səbəb var?

- Bələdiyyə inistitutu Azərbaycanda 15 ildir ki, fəaliyyət göstərir. Bunun tarixi çox da uzağa gedib çıxmır. Razıyam ki, bələdiyyələrin səlahiyyətləri çox da geniş deyil və hazırda yerli idarəetmədə icra strukturu ilə paralelik mövcuddur. İcra hakimiyyətinin səlahiyyətlərinin geniş olması bələdiyyələrin səlahiyyətlərini kölgədə qoyur və bələdiyyələr düşünür ki, bunlar icra strukturlarının tapşırıqlarından kənara çıxa bilməzlər.

- Təcrübəli bələdiyyə üzvü kimi necə fikirləşirsiniz, hansı addımlar atılmalıdır ki, bələdiyyələr bir struktur kimi sayılıb-seçilsinlər?

- 15 ildir ki, bələdiyyə üzvü kimi də fəaliyyət göstərirəm. O fikirlə razı deyiləm ki, bələdiyyələr ümumiyyətlə, fəaliyyət göstərmir. Sizə bir nümünə kimi Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələri göstərə bilərəm. Bizim rayonda bütün bələdiyyələr öz imkanları çərçivəsində bütün qəsəbə və kəndlərdə əhali üçün amblator tibb müəssələri tikib istifadəyə veriblər. Yollara asfalt örtüyünü dəyişiblər. Su-kanalizasiya xəttləri yeniləriylə əvəzlənib. Məncə, yeganə yol bələdiyyələrin fəaliyyətini gücləndirmək üçün səlahiyyətlərinin artırılmasıdır. Həm də dövlət tərəfindən ayrılan vəsaitin nəzərə çarpacaq dərəcədə artırılması vacib şərtlərdəndir. İndki vəziyyətdə bələdiyyələrə ayrılan bir il ərzindəki vəsait 1000-3000 manatdan artıq deyil. Bu qədər vəsaitlə nə etmək olar? Bu və digər səbəblərdəndir ki, bələdiyyələr formalaşandan az sonra yerli və xarici ekspertlər Azərbaycanda mövcud olan bələdiyyələrin effektli fəaliyyət göstərmələrini təmin etmək məqsədilə qanunvericilikdə müəyyən düzəlişlərin edilməsini vacib saydılar. Eyni zamanda, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizdə mer seçkiləri və yaxud böyük şəhər bələdiyyələrinin yaradılması təklifini irəli sürdülər. Hə yazıq ki, sözügedən təkliflərin dəfələrlə müzakirəyə çıxarılmasına baxmayaraq, bu məsələ bu günə qədər öz müsbət həllini tapmayıb.

Qeyd edim ki, Azərbaycanda ilk əvvəl 2757 bələdiyyə fəaliyyət göstərirdi. Onlardan da 2400-ü kənd bələdiyyələri idi. Sonra məlum oldu ki, bələdiyyələrin bu şəkildə dağınıq formada fəaliyyəti lazımi nəticəni verməyəcək. Çıxış yolu isə bələdiyyələrin təmərküzləşməsi və yaxud birləşdirilməsiydi. Artıq 2011-ci ildən etirabən mindən artıq bələdiyyə birləşdi. Yəni hazırda 1718 bələdiyyə fəaliyyət göstərir. Əslində bu da çox böyük rəqəmdir. Çünki xırda bələdiyyələri birləşdirməklə daha səmərəli iş görmək olar. Dünya təcrübəsinə diqqət yetirək. Danimarka, Bolqarıstan və digər inkişaf etmiş ölkələrdə 80-200 arası bələdiyyə mövcuddur.

Sözügedən ölkələrdə həm də böyük şəhərlərdə bələdiyyələr yaranıb. Ölkəmizdə isə bu istiqamətdə islahatların aparılması və bələdiyyələrin öz funksiyalarını həyata keçirməsi hələ də arzu olaraq qalır. Amma nəzərə almaq lazımdır ki, ölkəmiz Avropa Xartiyasına qoşulub və adıçəkilən qurumun tələblərindən biri də Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılmasıdır. Yəni Azərbaycanda da böyük şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçılarının seçilməsinin labüd bir proses kimi məqamı çatıb. Vacibdir ki, Azərbaycanda da digər Avropa dövlətləri, qardaş Türkiyədəki kimi böyük şəhər bələdiyyələri formalaşdırılsın və proses xalqın seçimi vasitəsiylə həyata keçirilsin.

Azərbaycan yeganə Avropa Şurasına üzv dövlətdir paytaxt bələdiyyəsi yoxdur. Hətta 2009-cu ildə Ermənistanda da şəhər bələdiyyəsi formalaşıb - İrəvan bələdiyyəsi yaradılıb.

BAXCP lideri Qüdrət Həsənquliyev dəfələrlə parlamentdə çıxışlarında və müsahibələrində Bakı şəhər bələdiyyəsinin yaradılmasıyla bağlı məsələ qaldırıb. Arzu edək ki, bu məsələ növbəti seçkilərdə gerçəkləşəcək.

- Müsavat Partiyasının başqanı İsa Qəmbərin Milli Strateji Düşüncə Mərkəzi yaratmasıyla bağlı mətbuatda məlumat vardı. Eyni zamanda, belə bir məlumat da vardı ki, yaradılacaq yeni qurum Əli Kərimliyə qarşıdır. Artıq bu qurum təsis edilib. Və bildirilib ki, radikal müxalifət düşərgəsinin öndə gələn isimləri və bir qrup ziyalılar həmin qruma daxildir. Necə fikirləşirsiniz, yaradılan Milli Strateji Düşüncə Mərkəzinin taleyi əvvəlki qurumlara bənzəyə bilərmi? Bu sualı ona görə veririk ki, radikal müxalifət düşərgəsində olan şəxslər dəfələrlə müxtəlif adlar altında təşkilatlar yaradıb və bunu cəmiyyətə elə hay-küylə təqdim ediblər ki, həmin təşkilatların son aqibəti hər birimizə bəllidir.

- Deyəsən, İsa Qəmbər 22 ildən sonra "ciddi düşünməyə" başlayıb. Əgər bu düşüncə yenə də radikal siyasəti inkişaf və davam etdirməkdirsə, onda bu qurumun da ömrü az olacaq. Bu 22 ildə seçkiqabağı çoxlu sayda İsa Qəmbər blok, hərəkat və birlik yaradıb. Nəticədə də heç bir uğur qazanılmayıb. Uğur qazanmamasının da səbəbi onun apardığı siyasətlə bağlı olub. Azərbaycan xalqı radikal siyasətə dəstək vermir və bilir ki, bu cür siyasət xalqa hansı fəlakətlər gətirə bilər. Ölkədə xaos, qarşıdurma, talançılıq baş verə bilər və bundan qonşu dövlətlər istifadə edib Azərbaycanın zəifləməsinə, yeni ərazilərinin itirilməsinə çalışar. Azərbaycan cəmiyyəti çox ayıqdır və baş verən ictimai-siyasi prosesləri dəqiq izləməyi bacarır. Kimin də kim olduğunu yaxşı bilir... Təcrübə göstərir ki, müxalifətin yaratdığı bloklar və qurumlar heç zaman öz hədəflərinə nail ola bilməyib. İsa Qəmbərin yaratdığı istənilən blok, hərəkat ciddi uğur qazanmayacaq. Bu, birmənalıdır. Dediyim kimi xalq bu şəxsə güvənmir. İsa Qəmbərin indiyə qədər yaratdığı blokların ömrü 6 aydan artıq olmayıb. Seçki bitən kimi həmin blok da dağılır. Hazırda təsis etdiyini də 2015-ci il parlament seçkilərinə görə yaradıb. Əli Kərimliyə qarşı olmağına gəldikdə isə, əgər xarici təşkilatlar Əli Kərimliyə göstəriş versə ki, yenə də İsa Qəmbərlə "birləşmak" lazımdır, o zaman İsa Qəmbərlə Əli Kərimli olacaqlar "canbir qardaş". Son illər ərzində Əli Kərimli ilə İsa Qəmbər arsında bundan da ciddi qarşıdurmalar, bir-birini aşağılayan-xain, satqın və s. kimi-ittihamlar olub. Bütün bunlara baxmayaraq Əli Kərimliyə bir işarə bəs edib ki, patoloji nifrət etdiyi insanla bir masa arxasında otursun. Bu iki şəxsin bir-birinə nifrəti heç vaxt aradan qalxmaz. Ancaq asılı olduqları xarici təşkilatlar hər seçkidə bunları bir araya gətirə bilir. Odur ki, bu hadisə baş vermiş olsa, təəccüblənmək lazım deyil. Ancaq bu adamların özləri də yaxşı bilir ki, bunları bir qazanda qaynatsan da birləşməzlər...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR